Məmmədov Vüsal Aftandil oğlu
Soyad: MəmmədovAd: Vüsal
Ata adı: Aftandil
Doğum tarixi: 02.06.1997
Şəhid olub: 12.10.2020
Rütbə: əsgər
Təltifləri:
Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyun ayının 2-si Bakı şəhərində anadan olmuşdur. Vüsalın 2 yaşı olarkən atası Məmmədov Aftandil dünyasını dəyişmişdir. Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, daha sonra o, 8-ci sinifdən təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirmişdir. 2014-cü ildə elə həmin məktəbin məzunu olmuş və Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olmuşdur. Lakin, 2019-cu il aprelin 1-də təhsilini donduraraq həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində xidmətə başlamışdır.
2020-ci il oktyabrın 1-də xidmətdən tərxis olmalı idi. 27 sentyabr tarixində başlayan müharibə zamanı, qeyrətli vətən oğulları kimi Vüsal da müharibədə iştirak etmiş və igidliklə döyüşmüşdür. 26 sentyabrda anasına sevinclə zəng edərək “Döyüşə gedirəm ana, halallığını ver. Vətən bizi gözləyir”, demişdi. Vüsal həm də aprel şəhidi- Emin Bağırovun yaxın dostu idi. Eminin şəhid olması ona ciddi təsir etmiş, bu hadisədən çox mütəəssir olmuşdur. Anasına və dostlarına həmişə deyirdi ki, dostum Eminin və bütün şəhidlərimizin qisasını alacağam. İlk olaraq Suqovuşan uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Döyüşdən sonra anasına zəng vuraraq demişdir: “Ana, Eminin qardaşına de Eminin qisasını aldım!”
Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da müalicə almaqdan imtina edir və yenidən döyüşlərə qayıdır. Suqovuşanı döyüş yoldaşları ilə birlikdə azad etdikdən sonra Ağdərə uğrunda gedən döyüşlərə qoşulur. Elə bu döyüşlərin birində- oktyabrın 12-də Füzuli döyüşləri zamanı ən uca Zirvəyə- Şəhidlik zirvəsinə ucalır. Sonuncu dəfə anası ilə 6 oktyabr tarixində danışmışdır. O tarixdən sonra Vüsalla bir daha əlaqə qurmaq mümkün olmamışdır. Onun nəşi, uzun müddət sonra noyabr ayının 28-də şəhidimizin nəşi döyüş meydanından götürülərək noyabrın 29-da Binqədi qəsəbəsi qəbristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı", “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.