Hüseynov Məhəmməd Alik oğlu
Soyad: HüseynovAd: Məhəmməd
Ata adı: Alik
Doğum tarixi: 28.10.1993
Rütbə: MAHHXHQ baş çavuş
Təltifləri:
İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynov Məhəmməd Alik oğludur. Əslən Cəbrayıl rayonu Horovlu kəndindən olan Məhəmməd Hüseynov 28 oktyabr 1993-cü ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olub. Sərdar İmrəliyev adına Bahar kənd tam orta məktəbini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunları XTD–də həqiqi hərbi xidmət keçib. Xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı dəstədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Məhəmməd Türkiyənin İzmir şəhərində yerləşən Foca Jandarma Komando məktəbində 6 ay xüsusi təyinatlıların kursunu keçib, paraşutla atlama, əlbəyaxa döyüş və sualtı dalğıc kurslarında yüksək məharət göstərərək fərqlənmə diplomları ilə təltif edilib.
İkinci Qarabağ müharibəsində Murov dağ silsiləsində gedən döyüşlərdə iştirak edən xüsusi təyinatlımız Murov zirvəsi azad edildikdən sonra öz doğma yurdu olan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşulub. 8 oktyabrda Cəbrayıl rayonu ərazisində gedən döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Hüseynov Məhəmməd Alik oğlu sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin nəvəsidir. Əmisi Hüseynov Hüseyn Məmməd oğlu da torpaqlarımız uğrunda şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseynov Məhəmməd Alik oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medaları ilə təltif edilmişdir.