2015
Binəqədi Rayon İcra Hakimiyyətinin 2015-ci ilin yekunlarına dair
HESABATI
Məlum olduğu kimi, 10 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Müstəqil Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilən uzaqgörən siyasətin nəticəsidir.
Belə ki, 2015-ci ildə iqtisadiyyatımızda ümumi daxili məhsulun artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit çərçivəsində 1,1 faiz təşkil etmişdir. Eyni zamanda ÜDM-da qeyri neft sektorunun çəkisi 2014-cü illə müqayisədə 6,5 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işinin davam etdirilməsi, ölkədə aparılan kompleks işlər əsasında həyata keçirilən aqrar layihələrinin icrası nəticəsində kənd təsərrüfatı sahəsi 6,6 faiz, meyvə-tərəvəz məhsullarının ixracı 7,2 faiz artmışdır.
Ölkəmizin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının davamlı və planlı şəkildə icrası, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı və çox sahəli infrastruktur layihələrinin realizasiyasında müstəsna rol oynamışdır.
Bildiyimiz kimi, ötən ilin son aylarında dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi nəticəsində Azərbaycanın milli valyutasının devalvasiyası qaçılmaz olmuşdur. Dövlət bununla əlaqədar ölkədə yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün inzibati, iqtisadi və sosial istiqamətdə ardıcıl surətdə tədbirlər görür. Prezident İlham Əliyev indiki şəraitdə ilk növbədə insanların sosial müdafiəsinin öz həllini tapmasını önə çəkir. Son günlərdə dövlət başçısının bir sıra kateqoriyalardan olan vətəndaşların əmək haqlarının, pensiyalarının və müavinətlərinin artırılması barədə imzaladığı sərəncamlar bunun əyani təsdiqidir. Bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir: “Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə dövlət sosial yardımı verilmişdir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır”. Bununla belə, yaranmış iqtisadi və maliyyə vəziyyətində də dövlətin siyasətinin mərkəzində əsas Azərbaycan Respublikasının vətəndaşı dayınır.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev aidiyyəti qurumlara istehlak qiymətlərinə ciddi nəzarət etməyi, süni surətdə qiymət qaldıranlara qarşı barışmaz olmağı tapşırmışdır. Azərbaycanın özündə istehsal edilən məhsulların qiymət artımının mümkün olmadığını qətiyyətlə bildirmişdir.
Bütün bunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımlardır. Onu da vurğulamaq lazımdır ki, neft ölkələrinin, yəni, bu gün neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində maaşların və pensiyaların artırılması müşahidə edilməyib. Azərbaycanda isə təkcə əmək haqlarının artırılması üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcək. İl ərzində bu məsələyə yenidən baxılacağı da istisna edilmir.
Cari ilin yanvar ayının 18-də Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə sözügedən təşəbbüslərin davamlı olduğunu bir daha qeyd etmişdir. Dövlət başçısı bu barədə demişdir: “Bu il bütün sosial proqramlar icra ediləcək. Bu məsələ ilə bağlı heç kimin şübhəsi olmasın. İnsanların sosial müdafiəsi ilə bağlı olan əlavə tədbirlər də görülməlidir”.
Cənab Prezident İlham Əliyenin göstərişlərinə əsasən, qarşıdakı bir il - bir il yarım müddətində Azərbaycanın bütün regionlarında kənd təsərrüfatı, emal və sənaye sahələrini əhatə edən 150-yə yaxın layihənin icra edilməsi nəzərdə tutulur. Bunun nəticəsində isə 15 minədək yeni iş yerinin açılması planlaşdırılır. Azərbaycanın milli brendlərinin yaradılması və qeyri-neft ixracının stimullaşdırılması məqsədilə sahibkarlığın inkişaf etdirilməsi üçün 1,5 milyard manat məbləğində kreditlərin verilməsi nəzərdə tutulub.
2016-cı ildə biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı davamlı olaraq artacaqdır.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2015-ci il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2015-ci ilin yanvar-dekabr aylarında 198 milyon 990 min manatlıq və ya keçən ilin müvafiq dövrünün sabit qiymətlərlə 91%- i qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
2015-ci ilin yanvar-dekabr ayları ərzində sənaye müəssisələrində 6448 nəfər işləmiş, müəssisələrdə orta aylıq əmək haqqı isə 459,2 manat olmuşdur.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 202326,1 min manat əsas fondlar istifadəyə verilmişdir.
2015-ci ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 275 milyon 260 min manat məbləğində investisiya yönəldilmişdir ki, onlardan 232 milyon 548 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikintidə işçilərin orta siyahı sayı 4846 nəfər olmuşdur, orta aylıq əmək haqqı isə 444,4 manat təşkil etmişdir.
Nəqliyyat sektorunda əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,1% artım müşahidə olunmuşdur. Ötən dövrdə nəqliyyat sektorunda 5966 nəfər işçi çalışmış, orta aylıq əmək haqqı 360,9 manat təşkil etmişdir.
Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 16 milyon 251 min manatlıq xidmətlər göstərilmiş və rabitə müəssisələrində 624 nəfər işçi çalışmışdır. Orta aylıq əmək haqqı isə 396,2 manat təşkil etmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 850309,0 min manatlıq istehlak malları satılmışdır.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 418 milyon 250 min manat təşkil etmişdir.
2015-ci ilin yanvar-dekabr ayları ərzində orta aylıq nominal əmək haqqı 408,6 manata çatmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 99,5% təşkil etmişdir.
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 40950 nəfər olmuşdur. 2015-ci ilin 12 ayında Binəqədi rayonunda 4513 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.
Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2015-ci il ərzində 3287 ailəyə və ya 12861 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilmişdir. 2016-cı ilin yanvar ayının 1 vəziyyətinə Mərkəz tərəfindən 8769 nəfər təqaüd alır.
2015-ci il ərzində 34638 pensiyaçıya xidmət göstərilmişdir. Ödənilən pensiya məbləği 84,8 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği artaraq 212,0 manat olmuşdur.
2016-cı ilin yanvar ayının 1-i tarixədək Binəqədi rayon ərazisində Respublikanın işğal olunmuş bölgələrindən 45.760 nəfər məcburi köçkün 11.091 ailə faktiki məskunlaşmışdır. Binəqədi rayon sektoruna müraciət etmiş 1213 nəfərdən 1113 nəfərinə məcburi köçkün statusu verilmişdir.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə məcburi köçkünlərin məskunlaşdıqları Dərnəgül yaşayış massivində ana su xətti təmir olunaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Məcburi köçkünlərin daimi elektrik enerjisi ilə təmin etmək məqsədilə isə binalar naqil və ayırıcılarla təmin edilmiş, köçkünlərin istifadəsinə verilmişdir.
9-cu mikrorayon ərazisində inşa edilən “ Azərbaycan Türkiyə” Dostluq məscidinin tikintisi ilə əlaqədar olaraq Dövlət tərəfindən 3 mərtəbəli yarımçıq binadan 42 ailə Qaradağ rayonu, Müşviqabad qəsəbəsində, həmin ərazidə əlavə olaraq 79 ailə Abşeron Rayon, Mehdiabad qəsəbəsində tikilmiş binalarda mənzillərlə təmin olunaraq ərazidən köçürülmüşdür.
Bildiyiniz kimi, ölkə başçısının təşəbbüsü ilə 17 yanvar 2014-cü il tarixində yeni “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ı təsdiq edilmişdir. Binəqədi rayonuna aid 40 tədbir nəzərdə tutulmuşdur.
İl ərzində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilir. Dövlət proqramı çərçivəsində Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün veloparkın tikintisi 2015-ci ilin mart ayında yekunlaşmış, may ayında Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir olunaraq yeni inventarlar ilə təchiz olunmuş, 283 saylı orta məktəbin və 238 nömrəli məktəbəqədər təlim-tərbiyə müəssisəsinin təmir işləri uğurla başa çatmışdır.
2014-2016-cı illərə dair Dövlət Proqramının mədəniyyət obyektlərinin əsaslı təmir və tikintisi bəndinin icrası ilə əlaqədar Xocasən qəsəbəsi ərazisində yerləşən yeni Mədəniyyət evinin tikintisinə maliyyə vəsaiti ayrılmış və təmir-tikinti işlərinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmış, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapmışdır. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilməkdədir.
Hesabat dövründə Z.Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində landşaft dizayn memarlığı üslubunda xüsusi dekorativ güllərdən Avropa 2015 sözləri yazılan və oyunların loqosunu əks etdirən yaşıllıq sahəsi yaradılmış, 5300 m2 çəmən salınmış, müxtəlif növdə 320 ədəd dekorativ ağac, 2000 ədəd kol, 11000 ədəd müxtəlif növdə gül əkilmiş, 5300 m2 avtomatlaşdırılmış suvarma sistemi quraşdırılmış, 3 ədəd yeni müasir tələblərə cavab verən söhbətgah inşa edilərək istifadəyə verilmiş, I Avropa Oyunları marşrutunun keçdiyi ərazidə yerləşən bir çox sosial və digər obyektlərin fasadları müasir dekorativ üslubda təmir edilmiş və bir sıra işlər görülmüşdür.
Marşrutun keçdiyi Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi və Motodrom ərazisində Atıcılıq kompleksinə gedən yolun kənarlarında 1900 m2 yeni hasar inşa edilmiş, yol kənarı obyektlərin fasadı Betopan materialdan ibarət müasir tipli odadavamlı fasad örtüyü ilə üzlənmiş, 650 m2 metal konstruksiyadan ibarət 12 metr hündürlüyündə dekorativ arka quraşdırılmış, 3835 m2 piyada səki yolu salınmış, 23 ədəd küçə işıqları dirəkləri quraşdırılmış, Biləcəri enişindən Avtovoğzala qədər olan hissədə yol kənarlarındakı dekorativ hasara 6502 m2 fasad işıqlandırma sistemləri quraşdırılmışdır. Bundan əlavə, aparılan abadlıq-quruculuq işləri çərçivəsində Biləcəri qəsəbəsi ərazisində yollara ümumilikdə 36000 m2 yeni asfalt örtüyü salınmış, avtomobil dairəsi yenidən qurularaq, 157 m2 hissə mərmər daşla üzlənmiş, 69 p/m mərmər bordür düzülmüş, dairənin mərkəzində isə 4 ədəd Türkiyə istehsalı olan işıq dirəyi quraşdırılaraq, Avtovağzal istiqamətinə gedən iki ədəd körpünün 2974 m2 alt hissəsi yenidən boyanmış, ərazidə yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Avropa Oyunları marşrutunun Binəqədi rayonu ərazisindən keçən hissəsində marşrut boyu idman növlərinə aid 100-ə yaxın reklam və banerlər sifariş verilmiş, müəyyən idman növləri üzrə idmançıların xüsusi memarlıq formasında obrazları yaradılaraq müvafiq ərazilərdə yerləşdirilmişdir.
Binəqədi rayonu, S.S.Axundov küçəsi 1v saylı yaşayış binasının yaxınlığında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında aparılan yenidənqurma işlərinin başa çatdırılması və açılışı ilə əlaqədar ərazidə Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Bildiyimiz kimi Cənab Prezidentin ən mühüm tapşırıqlarından biri məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılmasıdır.
Bu tapşırığa uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.
2015-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 28 görüşü, o cümlədən 24 görüş və 4 səyyar qəbul -“Açıq qapı” keçirilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 3015 nəfər vətəndaş iştirak etmişdir.
İlin ən mühüm siyasi hadisələrindən biri olan, Azərbaycanın mütərəqqi Seçki Məcəlləsinin müddəalarına uyğun qaydada keçirilən və müvəffəqiyyətlə başa çatan son seçkilər ölkəmizdə növbəti dəfə demokratiyanın təntənəsinə çevrildi.
1 noyabr 2015-ci ildə keçirilən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçki günü rayon üzrə seçiçilərin sayı 149126 nəfər olmuşdur ki, bunlardan da 68124 nəfəri, yəni 45,7 %-i seçki prosesində iştirak etmişdir.
Ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da seçkilər seçicilərin ruh yüksəkliyi və aktivliyi ilə keçirilmiş və seçkilərin nəticəsi olaraq, 8 saylı DSK üzrə Quliyev Azay Əjdər 62% səs çoxluğu ilə, 9 saylı DSK üzrə Qafarov Kamaləddin Nəsrəddin oğlu 65,6% səs çoxluğu ilə, 10 saylı DSK üzrə Musayev Madər Əliəsgər oğlu sözlə 77,8% səs çoxluğu ilə, Zabelin Mixail Yuryeviç isə 72,5% səs çoxluğu ilə qalib gələrək Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdirlər.
Xüsusilə bildirmək lazımdır ki, 1 noyabr 2015-ci ildə keçirilən Azərbaycan Respublikası Milli Məclisinə üzv şeçkiləri ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək seçici fəallığı ilə müşahidə edilmişdir.
2015-ci il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 3922 müraciət daxil olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 797 vahid və ya 16,9% azdır.
Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 3023-ü ərizə və 896-sı şikayət, 3-ü təklif olmuşdur. Məlumat üçün bildirirəm ki, daxil olmuş şikayətlər 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 210 vahid və ya 19% azdır. Daxil olmuş şikayətlərin azalma səbəbi kimi rayon sakinlərinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həlli istiqamətində aparılan təxirəsalınmaz tədbirlərdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 4871 vətəndaş, RİH başçısı tərəfindən 296 vətəndaş qəbul edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2015-ci il üçün təsdiq edilmiş İş planına uyğun olaraq, 2015-ci ilin cari dövründə 24 Şura iclası keçirilmiş və 41 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülməkdədir.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
5 dekabr 2015-ci il tarixində Binəqədi rayonunda “Hamımızın bir ideologiyası var –Azərbaycanın müstəqilliyi və əbədiliyi” mövzusunda Konfrans keçirilmişdir. Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər. Tədbirdə çıxış edənlər Azərbaycançılıq ideologiyasının məqsədinin bütün dinlərin və məzhəblərin birgə, yanaşı, sülh və qardaşlıq şəraitində yaşadığı cəmiyyət olduğunu bildirmiş, bunun üçün yetişməkdə olan gənc nəslə tarixi multikultiralizm və tolerantlıq xüsusiyyətlərimizin, dövlətçilik tariximizin, Azərbaycançılıq ideologiyamızın tədris olunması və aşılanmasının əhəmiyyətini vurğulamışlar.
2015-ci ildə dini qurumlarla aparılan işlər daha intensiv xarakter almışdır. Belə ki, rayon ərazisindəki dini qurumların fəaliyyəti ilə bağlı davamlı müşahidələr aparılmış, onların təbliğ etdiyi dini mövzular diqqətlə izlənilmişdir. Dini icma sədrləri və axundlarla görüşlər zamanı dini fəaliyyət sahəsində mövcud olan sabitliyin ölkənin ümumi sabitliyinin ayrılmaz tərkib hissəsi olması din xadimlərinin nəzərinə çatdırılmışdır.
Həmçinin 20 noyabr 2015-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi qeyd olunmuş, 10 dekabr tarixində isə Binəqədi rayonunda ümumilli liderin anım günü ilə əlaqədar ehsan verilmişdir.
Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 342-dən çox tədbir keçirilmişdir. Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 47, Gənclər və İdman sahəsində 142, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 153 tədbir keçirilmişdir.
Hesabat dövrü rayonumuzda sürətli sosial-iqtisadi inkişafa baxmayaraq, rayon ərazisində bir sıra problemləri də qeyd etmək lazımdır.
Çoxmənzilli yaşayış binalarında yeni idarəetmə metod və formalarının tətbiqinə dəstək verilməsi;
Çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləşdirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;
Dərnəgül yaşayış sahəsində yerləşən qəzalı yataqxana binalarında məskunlaşmış 10000-ə yaxın məcburi köçkünün hissə-hissə köçürülməsi;
Rayonun Biləcəri, Binəqədi, Rəsulzadə, Xocasən və 28 May qəsəbələrində qəsəbədaxili yolların asfaltlanması və işıqlandırılması işlərinin davam etdirilməsi;
Xocəsən qəsəbəsi, Aşağı və Yuxarı Sulutəpə yaşayış massivlərində baş verən subasma hallarının qarşısını almaq məqsədilə ümumi kanalizasiya şəbəkəsinin qurulması;
Ötən illər ərzində rayonun 7,8,9-cu mikrorayonlarında plansız olaraq xaotik formada çoxsaylı fərdi minik maşınları üçün qarajlar inşa edilmiş və yerləşdirilmişdir. Son illər əhalinin maddi rifahının yaxşılaşdırılması nəticəsində minik maşınlarının sayı kəskin şəkildə çoxalmış və məhəllələrdə həmin maşınların yerləşdirilməsində problemlər yaranmışdır. Problemin həlli ilə əlaqədar təklif olunur ki, 7,8 və 9-cu mikrorayonlarda bir neçə mərtəbəli yeraltı avtomobil dayanacaqları inşa edilsin.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasa əsasən qeyd etmək lazımdır ki, 2016-ci ildə iqtisadi inkişaf templərini təmin etmək, makroiqtisadi sabitliyə nail olmaq dövlətin qarşısında başlıca vəzifədir. Dünyada gedən proseslərə, geosiyasi amillərə əsasən proqnoz vermək olar ki, 2016-cı ildə qlobal iqtisadiyyatda iqtisadi tənəzüllər davam etmək üzrə olmasının böyük ehtimalı vardır. Belə olan halda Azərbaycanda daha da səmərəli işlər görülməlidir və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar o cümlədən struktur islahatları nəticəsində təmin edilməlidir. Bu il əsas prioritet sahələrdə olan sosial təminat məsələləri və investisiyayönümlü infrastruktur layihələrinin icrası öz həllini tapmalıdır. İclasda cənab Prezident qeyd etmişdir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-cı ildə sənaye istehsalı istiqamətində çox ciddi işlərin aparılmasını, ölkədə texnoparklar, sənaye klasterləri, regionlarda sənaye zonalarının yaradılmasını, iqtisadiyyatın real sektorunda yaranmış tələbə əsasən sahibkarlığın və özəl sektorun inkişafı və məşğulluğun artırılması üçün kompleks tədbirlər görülməsini təmin etməlidirlər.