2017-ci ilin birinci rübü
Binəqədi Rayon İcra Hakimiyyətinin 2017-cı ilin birinci rübündəki fəaliyyətinə dair
HESABATI
Məlum olduğu kimi, 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün indiki dövrdə həyata keçirilən tədbirlər və gələcək dövrlərə hesablanmış, eyni zamanda bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq son illər ərzində tendensiya halına düşərək müsbət nəticələrini verməkdədir.
Belə ki, 2017-ci ilin 1-ci rübündə ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 2,4 faiz, kənd təsərrüfatı 3,5 faiz, xsusən də bitkiçilik 20 faizdən çox artmışdır.
Üç ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artaraq, 38,5 milyard dollar səviyyəsinə çatmış, ticarət dövriyyəsi 15 faiz, İxracın həcmi isə 50 faiz artmışdır. Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır ki, bunların da 70 mini daimi iş yerləridir.
Təsadüfi deyil ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görmüşdür.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-mart ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar-mart aylarında 60 mln 927 min manatlıq məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Rüb ərzində sənaye müəssisələrində 6596 nəfər işləmiş, keçən ilin müvafiq dövrünə nisbətən 16,5 faiz artım müşahidə olunmuşdur. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 475,8 manat olmuşdur.
Qeyd etmək istərdik ki, 2017-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 9 mln 569 min manat, rabitə müəssisələri tərəfindən isə 1 mln 530 min manat həcmində xidmət göstərilmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 332 mln 540 min manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artım deməkdir.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 9 mln 262 min manat əsas fondlar istifadəyə verilmişdir. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 558,6 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 61.6% artım deməkdir .
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 105 mln 558 min manat təşkil etmişdir 2017-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən xidmətlərin 14,2%-i dövlət müəssisələrinin payına düşmüşdür.
ƏMƏK BAZARI ÜZRƏ
Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 43335 nəfər olmuşdur. Dövlət sektorunda işçilərin orta aylıq sayı 16741 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 26594 nəfər düşmüşdür.
2017-ci il aprelin 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 2058 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. I rüb ərzində orta aylıq nominal əmək haqqı 424,2 manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6.5% artım deməkdir.
Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 1556 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan da 963 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır ki, onlardan 979 nəfər işaxtaran vətəndaş müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur. Rüb ərzində 237 nəfərə işsizlik statusu verilmiş, 238 nəfərə işsizlik müavinəti təyin olunmuşdur.
Eyni zamanda qeyd etmək istərdik ki, əhalinin məşğulluğu barədə məlumatlar və qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi ilə əlaqədar Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən işə ehtiyacı olan vətəndaşların qeydiyyata götürülərək, aidiyyəti vakant iş yerləri ilə təmin edilməsi prosesi davam edir. Görülən işlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən müəyyən olunmuş formaya uyğun olaraq, məlumatlar mütəmadi olaraq təqdim edilir.
Binəqədi rayonu ərazisində yanvar ayının 1-dən mart ayının 31-dək 772 yeni iş yeri açılmış, 772 şəxs işlə təmin olunmuşdur. O cümlədən rayon ərazisində abadlıq, mənzil fondunun əsaslı təmiri üzrə 445 nəfər, ağac əkimi və digər ictimai işlərə cəlb olunmaq üçün 327 nəfər vətəndaş işlə təmin olunmuşdur.
DSMF üzrə.
2017-ci ilin 3 ayı ərzində şöbə üzrə 34679 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 22975 nəfərinin yaşa görə ,9043 nəfərini əlilliyə görə , 2661 nəfərinin isə ailə başçısının itirməyə görə pensiya alanlar təşkil edir.
Rüb ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 24.7 milyon manat olmuşdur ki , bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği 219.7 manat təşkil etmişdir.
DSMF-nin Binəqədi rayon şöbəsinin nəzdində fəaliyyət göstərən sosial xidmət sektoru tərəfindən I rüb ərzində 242 nəfər tək ahıl vətəndaşa və əlilə təlimatın tələbinə uyğun olaraq 26 nəfər sosial xidmətçi tərəfindən xidmət göstərilmişdir.
DEMOQRAFİK VƏZİYYƏT
2017-ci il aprel ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 263 min 500 nəfər olmuşdur.
1 aprel 2017-ci il tarixə Binəqədi rayonunda 882 nəfərin doğumu və 435 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 447 nəfər təşkil etmişdir.
Cari ilin yanvar-mart aylarında 306 nikah və 122 boşanma halları qeydə alınmışdır.
Binəqədi rayonu ərazisində Respublikanın işğal olunmuş bölgələrindən olan 13271 ailə - 51763 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynalxalq bazara inteqrasiya prosesini sürətləndirmək məqsədi ilə istifadəyə verilmiş azexport.az portalına rayonun inzibati ərazisində istehsal edilən malların növünə dair məlumatların onun istehsalçısi tərəfindən daxil edilməsi və daim yenilənməsi istiqamətində təbliğat və izahat xarakterli görüşlər keçirilir. Portala yerləşdirilmiş məlumatların düzgünlüyünün yoxlanılması və uyğunsuzluğun dərhal aradan qaldırılması üçün icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi tərəfindən natura ifadəsində bütün məhsul növlərinin istehsalına dair geniş məlumat bazası yaradılmışıdr. Bu istiqamətdə daim işlər aparılır. Hal-hazırda 21 iri istehsal müəssisə üzrə məlumatlar alınmış və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilmişdir.
ABADLIQ QURUCULUQ
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.
Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin I rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.
Həyata keçirilən yenidənqurma işləri çərçivəsində 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı binanın arxa hissəsindəki yaşıllıq zolağı abadlaşdırılmış, ərazidə söhbətgah, uşaq oyun elementləri quraşdırılmış, yaşıl çəmən örtüyü salınmış, tamet daşı düzülmüş, 195 kv.m asfalt örtüyü çəkilmiş və müxtəlif növ bəzək kolları əkilmişdir.
Həmçinin, 8-ci mikrorayon C.Xəndan küçəsində nəqliyyat tıxaclarının aradan qaldırılması və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə yolun yenidənqurulması işləri çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçirilmiş və asfaltlanma işləri başa çatdırılmışdır.
Eyni zamanda hazırda Binəqədi-Novxanı yolunun genişləndirlməsi və Binəqədi-Mehdiabad yolunun asfaltlanması işləri həyata keçirilməkdədir.
Biləcəri qəsəbəsində 1160 kv.m asfalt örtüyü salınmışdır. Ümumilikdə Hesabat dövründə 1355 kv.m asfalt örtüyü salınmışdır
Mənzil fondunun yaxşılaşdırılması məqsədilə binalarda tüstü və ya hava kanalları tutulmuş mənzillərin siyahıları dəqiqləşdirilərək müvafiq işlərin həyata keçirilməsi istiqamətində mənzillərin tüstü və ventelyasiya kanallarına baxış keçirilmiş, 612 mənzildə tutulmuş tüstü kanalları təmizlənmişdir.
Həmçinin rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində hesabat dövründə məişət tullantılarının yığılması və daşınmasında mövcud olan bir sıra problemlər öz həllini tapmış, bu sahəyə xüsusi diqqət ayrılmışdır. Rüb ərzində məişət tullantıları konteynerləri cari təmir olunmuş və rənglənmişdir. Qeyd etmək istərdim ki, xaric olan bərk məişət tullantılarının müvəqqəti toplanması üçün, yaşayış məskənlərində 570 konteyneraltı meydança, 2211 ədəd konteynerdən, məişət tullantılarının mütəmadi daşınması üçün ümumilikdə 78 ədəd xüsusi təyinatlı maşından istifadə olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında beş il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini, mənzil fondunun yenilənməsi və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.
Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “RELT HOUSE” MMC, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 10 və 12 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “Aztexno Kompani” MMC tikinti şirkətləri seçilmiş və şirkətlərlə Rayon İcra Hakimiyyəti arasında müvafiq qaydada müqavilə bağlanmışdır.
Hazırda “RELT HOUSE” MMC tərəfindən qəzalı binalarda yaşayan sakinlərlə binaların sökülərək yenisinin tikintisi ilə əlaqədar layihədən irəli gələn tələblərin icrası istiqamətində marifləndirmə işləri aparılmaqla yanaşı binaların həyətində, ümumi sahəsi 380 m2 olan 13 nəfərə məxsus 14 ədəd (qarajlar və digər tikililər) qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar sakinlərlə ümumi razılığa gəlinərək müqavilə imzalanmış və qeyri-yaşayış obyektlərinin sökülməsi işləri başa çatdırılmışdır.Qeyri-yaşayış sahələrinin sahiblərinin yeni yaşayış binlarının 1-ci mərtəbəsində və zirzəmisində inşa ediləcək ümumi sahəsi 24191 m2 olan yeni qaraj və qeyri-yaşayış sahələri ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,53179 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə “Dərnəgül” MTK tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır.
Hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailə ilə “Dərnəgül” MTK arasında qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi təmin edilməklə başqa yerə köçürülmüş və ərazidə mövcud olan tikililər tam sökülmüş, tikinti işlərinə başlanılmışdır.
Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,45118 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi məqsədilə “İnam-İnşaat 555” MMC tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim etmək üçün sənədləşdirilmə işləri davam etdirilir.
Bildiyimiz kimi Cənab Prezidentin ən mühüm tapşırıqlarından biri məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılmasıdır.
Bu tapşırığa uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.
2016-cı ilin 3 ayı ərzində Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 7 səyyar görüşü keçirilmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 1306 nəfər vətəndaş iştirak etmiş, 79 məsələ qaldırılmışdır.
2017-ci ilin 1-ci rübü ərzində vətəndaşlardan ümumilikdə 804 müraciət daxil olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 vahid və ya 3,6% azdır. Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 628-si ərizə və 176-si şikayət olmuşdur.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatına 2017-ci ilin yanvar-mart aylarında daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 29,2%-i şəhərsalma və tikinti məsələləri, 14,3%-i mənzil məsələləri, 9,8%-i sosial müdafiəsi məsələləri, 3,4% qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 3,5%-i məişət məsələləri, 22% şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar, 17,8% digər mövzular ilə əlaqədar olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 886 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 69 vətəndaş qəbul edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2017-ci il üçün təsdiq edilmiş İş planına uyğun olaraq, 2017-ci ilin I rübü ərzində 8 Şura iclası keçirilmiş və 9 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
İctimai-siyasi
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
14 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirildi. Fevral ayının 15-dən etibarən 10 nəfər gəncdən ibarət “ASAN könüllüsü” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışdırlar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələrə istiqamətləndirilmişdirlər.
16 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak etmişdir. Məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə yaxından tanış olmuşdurlar.
13 yanvar 2017-ci il tarixində Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət etmişdilər. Ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam etmişdir.
15 mart tarixində “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilmişdir. Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya Respublikasının səfirləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının diplomatları, “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.
24 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilmişdir. Həmçinin Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 120 aztəminatlı və şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevralın 15-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilmiş və bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmış və fevral-mart ayları ərzində rayon əhalisindən 63062 nəfəri tibbi müayinədən keçmişdir.
Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 124 tədbir keçirilmişdir. Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 14, Gənclər və İdman sahəsində 35, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 75, tədbir keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin 1-ci rübü ərzində daxil olan zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı-10808, birbaşa cavablandırılmış zənglərin sayı – 8947, yaradılmış əks əlaqələrin sayı–2190, günlük orta zəng sayı – 120, tərtib edilmiş şikayət vərəqələrinin sayı – 1861 olmuşdur.
İcrası təmin edilmiş şikayət xaraqterli 1861 müraciətin, 1484-ü və ya 79,7 %-i tam həll olunmuş, 209-u və ya 11,3 %-i qismən həll edilmiş, 168-i və ya 9 %-nə müvafiq izahat verilərək həll edilmiş.
Daxil olmuş şikayətlərin 906- sı və ya 48,7 %-i qaz təchizatı, 571-i və ya 30,7 %-i su-kanalizasiya, 102-si və ya 5,5 %-i istilik təchizatı, 106-sı və ya 5,7 %-i lift problemləri, 61-i və ya 3,3 %-i sakinləri narahat edən digər məsələlər, 52-si və ya 2,8 %-i elektrik təchizatı, 32-si və ya 1,7 %-i zibil və tullantılar ilə əlaqədar, 18-i və ya 1 %-i isə küçələrin işıqlandırılması idarəsi, 12-si və ya 0,6 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olmuşdur.Xidmətə daxil olan təşəkkürlərin sayı isə 75 olmuşdur.
Yuxarıda göstərilənlərlə yanaşı rayon ərazisində aşağıdakı qaydada hal-hazırki dövrə bir sıra zəruri problemlər mövcuddur:
Problemlər!!
-Qəsəbələrdə su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması;
-Dərnəgül yaşayış sahəsində yerləşən qəzalı yataqxana binalarında 1000-ə yaxın məcburi köçkünün məskunlaşması;
-Biləcəri qəsəbəsində əvvəllər dəmir yolunun balansında olmuş uzun illər istismarda olan çoxmərtəbəli yaşayış binalarının girişlərinin, dam örtüklərinin, zirzəmidəki su, kanalizasiya və istilik xətlərinin təmirə ehtiyacının olması;
-Çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləşdirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;
-Qəsəbədaxili yolların təmirə ehtiyacın olması:
Nazirlər Kabinetində keçirilmiş iclasda cənab Prezident, regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, Taxılçılığın, pambıqçılığın inkişafı, Qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayelərin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır. Həmçinin cənab Prezident, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, özəl sektorun dəstəklənməsi istiqamətində işlərin gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələrini vermişdir.
Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.