Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin ikinci rübü

Binəqədi Rayon İcra Hakimiyyətinin 2017-cı ilin ikinci rübündəki fəaliyyətinə dair

HESABATI

Məlum olduğu kimi, 12 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün indiki dövrdə həyata keçirilən tədbirlər və gələcək dövrlərə hesablanmış, eyni zamanda bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq son illər ərzində tendensiya halına düşərək müsbət nəticələrini verməkdədir.

Belə ki, 2017-ci ilin 1-ci yarım ili ərzində  ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft iqtisadiyyatımız 1.7 faiz kənd təsərrüfatı isə  2.2 faiz artmışdır.

6 ayın  yekunu üzrə ölkənin valyuta ehtiyatları 3 milyard dollar səviyyəsində artaraq, 40,6 milyard dollar səviyyəsinə çatmışdır. İxracın həcmi 36 faiz artmış, idxalın həcmi isə 15 faiz azalmışdır. 1-ci yarım ildə  122 min yeni iş yeri yaradılmışdır ki,  bunların da 101 mini daimi iş yerləridir.

Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.

Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar-iyun aylarında  112 mln 931 min manatlıq  məhsulu  istehsal edilmiş və xidmətlər göstərilmişdir. 6 ay  ərzində sənaye müəssisələrində  6970  nəfər işləmiş, keçən ilin müvafiq dövrünə nisbətən 15 faiz artım müşahidə olunmuşdur. Sənaye müəssisələrində orta aylıq əmək haqqı 509.5 manat olmuşdur.

Qeyd etmək istərdik ki, 2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 22 mln 6  min manat, rabitə müəssisələri tərəfindən isə 3 mln 370 min manat həcmində xidmət göstərilmişdir.

Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 652 mln 276 min manatlıq istehlak malları satılmışdır ki, bu da  əvvəlki ilin eyni dövrünə nisbətən 1,2 faiz artım deməkdir.            

Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 17 mln 705 min manat əsas fondlar istifadəyə verilmişdir.  Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 529.5 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 28.6% artım deməkdir . 

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 190 mln 850 min manat təşkil etmişdir 2017-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən xidmətlərin 15.5%-i dövlət müəssisələrinin payına düşmüşdür.

ƏMƏK BAZARI ÜZRƏ

Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 45943 nəfər olmuşdur. Dövlət sektorunda işçilərin orta aylıq sayı 17779 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 28164 nəfər düşmüşdür.

2017-ci il iyulun 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 4673 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. 6 ay ərzində orta aylıq nominal əmək haqqı 423,4  manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3.5% artım deməkdir.

Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 2101 nəfər vətəndaş müraciət  etmişdir ki, onlardan da 1479 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır ki, onlardan 1072 nəfər işaxtaran vətəndaş  müxtəlif  sahələrdə  daimi  işlə  təmin olunmuşdur. 6 ay ərzində 374 nəfərə işsizlik statusu verilmiş, 366 nəfərə işsizlik müavinəti təyin olunmuşdur.

DSMF üzrə.

2017-ci ilin 6 ayı ərzində şöbə üzrə 35085 pensiyaçıya xidmət göstərilmişdir. Bunlardan 23219 nəfərinin yaşa görə ,9148 nəfərini əlilliyə görə , 2718 nəfərinin isə ailə başçısının itirməyə görə pensiya alanlar təşkil edir.

6 ay ərzində Binəqədi rayonu üzrə pensiyaçılara ödənilən pensiya məbləği 25.5 milyon manat olmuşdur ki , bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği 224.7 manat təşkil etmişdir.

DSMF-nin Binəqədi rayon şöbəsinin  nəzdində fəaliyyət göstərən sosial xidmət sektoru tərəfindən 6 ay ərzində 244 nəfər tək ahıl vətəndaşa və əlilə təlimatın tələbinə uyğun olaraq 27 nəfər sosial xidmətçi tərəfindən xidmət göstərilmişdir.

DEMOQRAFİK VƏZİYYƏT

2017-ci il iyul ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 263 min 900 nəfər olmuşdur.

1 iyul 2017-ci il tarixə Binəqədi rayonunda 1760 nəfərin doğumu və 754 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 1006 nəfər təşkil etmişdir.

 Cari ilin yanvar-iyun aylarında 750 nikah və 290  boşanma halları qeydə alınmışdır.

Binəqədi rayonu ərazisində Respublikanın işğal olunmuş bölgələrindən olan 13055 ailə - 50641 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır.

ABADLIQ QURUCULUQ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilmişdir.

Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin 2 rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.

Həyata keçirilən yenidənqurma işləri çərçivəsində 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı binanın arxa hissəsindəki yaşıllıq zolağı abadlaşdırılmış, ərazidə söhbətgah, uşaq oyun elementləri quraşdırılmış, yaşıl çəmən örtüyü salınmış, tamet daşı düzülmüş, 195 kv.m asfalt örtüyü çəkilmiş və müxtəlif növ bəzək kolları əkilmişdir. 

Həmçinin, 8-ci mikrorayon C.Xəndan küçəsində nəqliyyat tıxaclarının aradan qaldırılması və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə yolun yenidənqurulması işləri çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçirilmiş və asfaltlanma işləri başa çatdırılmışdır.

 Hamımıza  məlumdur ki, rayonumuzda ciddi narazıçılıq doğuran məslələrdən  biri də yağış zamanı drenaj sistemini olmaması səbəbindən Binəqədi şossesində güclü su basmaların  əmələ gəlməsi idi. Artıq cənab  prezident İlham Əliyevin    tapşırığına və sərancamına uyğun olaraq yağış sularınım ötürülməsi üçün drenaj sisteminin quraşdırılması işi artıq başa catmaq üzrədir. Şossenin  4-cü qapı adlanan hissəsində lahiyə smeta işləri artıq başa çatıb və  bu yaxınlarda orda da drenaj sistemini quraşdırlması işinə başlanılacaq. Bütün bu işlər tamamlandıqdan sonra isə “Azəravtoyol” ASC tərfindən yolun yenidən çəkilməsi və asfaltlanması işləri həyata keçiriləcək.

Həmçinin  "Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə başlanılmışdır. yolun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə, yolun 170 min kv. metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunmuşdur. 

Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaqdır.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaqdır.  

“Azəravtoyol” ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına başlanılmışdır.

Yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaqdır.

Ümumilikdə, 115 min m2  əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Yolun inşasının başa çatdırılmış hissəsində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarı hasarlarda 160 m2 boyaq işləri, 1050 m2 dekorativ suvaq, hühdürlüyü 2.5 metr olan 256 metr uzunluğunda həsir materialdan ibarət hasar hörgüsü, vətəndaşlara məxsus hasarların bərpası işləri aparılmış və ərazidən 100 m3 bərk və digər tullantılar daşınmışdır. Hazırda yol kənarlarının abadlaşdırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə, Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaqdır. Bu, həm də Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcəkdir.

Eyni zamanda əlavə olaraq bildiririk ki, Xocəsən, Bləcəri və Binəqədi qəsəbələri ərazilərində yaşayan sakinlərin müxtəlif yuxarı dövlət qurumlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətləri nəzərə alınaraq “Azəravtoyol” ASC tərəfindən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocəsən-Biləcəri-Binəqədi yolunun tikintisi işləri aparılmışdır. Aparılmış işlər çərçivəsində eni 11 metr 4 zolağlı 2.5 km uzunluğunda müasir tələblərə cavab verən yeni yol çəkilmişdir. Yol kənarlarında sakinlərin rahat hərəkət etməsi üçün 1.6 metr enində səki salınmışdır.

Məlumat üçün qeyd edim ki, 2017-ci ilin II rübü ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli yaşayış binalarının giriş və dam örtüklərində əsaslı təmir işlərinə başlanılmışdır. Belə ki, 7-ci mikrorayon,  F.Məlikov küçəsi 1, 2a, 2b, və A.Kunanbayev 4/17 saylı, S.S.Axundov küçəsi 2, 4, 6, 15/1, 13/37, 11/35, Azadlıq prospekti 14, 18 və 24 saylı  yaşayış binalarının fasadlarının və girişləri təmir işlərinə başlanılmışdır. Eyni zamanda Biləcəri qəsəbəsində Natiq Həşimi küçəsində binaların həyətində qeyri qanuni zəbt olunmuş ərazilər sökülərək sakinlərin istifadəsinə verilmiş, həmçinin yol kənarlarına səki daşları düzülmüş və ümumilikdə 5800 kv.m  asfaltlanma işləri aparılmışdır.

Biləcəri qəsəbəsində 9790 kv.m, Xocəsən qəsəbəsi ərazisində 5000 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövrü ərzində 14790 kv.m asfalt örtüyü salınmışdır.

 8-ci mikrorayon ərazisində H.Hüseynov küçəsi 23 saylı binanın arxa hissəsində abadlıq işləri aparılmış, yol genişləndirilmiş, əraziyə 700 kv.m qazon örtüyü salınmış, 180 p/m səki daşları düzülmüş, 100 kv.m asfalt örtüyü çəkilmiş, 9 ədəd oturacaq quraşdırırlmış, dekorativ kollar əkilmişdir. Azadlıq prospekti 36 və N.Nərimanov küçəsi 85, 26 ünvanlarında 185 ədəd ağac əkilmişdir. Həmçinin 9-mkr Mir Cəlal küçəsində yaşayış  binalarının 22 giriş hissəsində təmir işlərinə başlanılmışdır.

Bakı-Şamaxı yolunda  piyada keçidı tamamlanaraq istifadəyə verilmiş, 28 may qəsəbəsinddə isə tamamlanmaq üzrədir. Həmçinin 28 may qəsəbəsində 306 saylı məktəbin şökülərək yerində 4 mərtəbəli,  Sahəsi-9057,71m2 olan, 960 yerlik 4 korpusun tikintisi işi davam etməkdədir və  2018-ci ildə tamamlanması nəzərdə tutulur.

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri öz növbəsində Bakı-Sumqayıt yolunun “Avtovağzal” metrostansiyasının yaxınlığında mövcud olan ağacların qorunması və yaşıllıq zonasının daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması zərurəti yaratmışdır.

Aparılan layihələndirmə işləri çərçivəsində ərazidə hündürlüyü  4-5 metr olan 1900 m2 hasar hörgüsü, 250 metr piyada səki daşları, 400 m2 tamet daşı düzülmüş, 15000 kub torpaq işləri görülmüş, 5000 m2 yaşıl çəmən örtüyü salınmış, 200 metr sarmaşıq, 2300 ədəd həmişəyaşıl bəzək kolları, 50 ədəd buksus kolları, müxtəlif gül-çicək, ağaclar və dekorativ bitkilər əkilmiş, 1 ədəd söhbətgah, 22 ədəd oturacaqlar, 350 metr avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılmışdır.

Bundan əlavə Sumqayıt-Bakı yolunda körpünün sağ istiqamətində hündürlüyü 157 metr 1.8 metr olan hasar hörgüsü, 147 metr səki daşları düzülmüş, 1500 kub metr torpaq işləri 525 m2 yaşıl çəməm örtüyü salınmış və 10 ədəd aliyandra kolları əkilmişdir.

Qeyd olunan yaşıllıqların saxlanılması da sözsüz ki, vacib məsələlərdən biridir. Bu  məqsədlə yaşıllıqların  vaxtı-vaxtında suvarılması, ağac və kolların budanması daim rayon yaşıllıq sahəsinin və bələdiyyələrin diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin park və küçələrdə işıqlandırma sistemlərinin də işlək vəziyyərdə olması xüsusən də yay mövsümünü nəzərə alaraq əhalinin asudə vaxtının səmərəli keçirilməsində  vacib şərtlərdən biridir . 

Həmçinin rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində hesabat dövründə məişət tullantılarının yığılması və daşınmasında mövcud olan bir sıra problemlər öz həllini tapmış, bu sahəyə xüsusi diqqət ayrılmışdır. 6 ay ərzində məişət tullantıları konteynerləri cari təmir olunmuş və rənglənmişdir. Qeyd etmək istərdim ki, xaric olan bərk məişət tullantılarının müvəqqəti toplanması üçün, yaşayış məskənlərində 570 konteyneraltı meydança, 2211 ədəd konteynerdən, məişət tullantılarının mütəmadi daşınması üçün ümumilikdə 78 ədəd xüsusi təyinatlı maşından istifadə olunur. Qeyd  olunanlarla yanaşı  bu sahədə hələdə çatışmamazlıqlar var və  bu istiqamətdə əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatı məsələləri daim diqqət mərkəzində saxlamalı və mütəmadi olaraq monitorinqlər keçirməlidir. Eyni zamanda məişət tullantılarının daşınması üçün nəzərdə tutulan texnikaların mövcud vəziyyəti mütəmadı olaraq nəzarətdə saxlanılmalı, maşın və mexanizmlərin vaxtında texniki baxışdan keçirilməsinə, təmir olunmasına və ümumiyyətlə texnikadan istifadə qaydalarına xüsusi diqqət yetirmək lazımdır.

Əlbətdə  bütün yuxarıda qeyd olunanları nəzərə alsaq ümumilikdə rayon təsərrüfatının nəzarətdə saxlanılması, baş verə biləcək qəzaların qarşısının alınması, vətandaşların istehlak etdikləri qaz, işıq, su xidmətlərinin qüsursuz  işləməsi həlli vacib olan məsələlərdəndir. Bu baxımdan rayonun kommunal xidmət təşkilatları qeyd olunanları nəzarətdə  saxlamalı, Rayon İcra Hakimiyyəti başçısı aparatı kordinasiyalı işi təşkil etməlidirlər.

Yay mövsümünü nəzərə alaraq rayon ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınmasına  xüsusi diqqət yetirmək lazımdır. Bu istiqamətdə aidiyyəti qurumlarla  monitorinqlərin keçirilməsinə baxmayaraq, bəzi hallarda  qanunsuz küçə ticarətinə rast gəlinir bu isə öz növbəsində rayon ərazisində antisanitar vəziyyətin yaranmasına şərait yaradır. Qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində mütəmadi olaraq reydlər keçirmək lazımdır.  Bu sahədə rayon polis idarəsinin işi xüsusilə qeyd olunmalıdır.  Yeri gəlmişkən bu sahədə aparılan məqsədyönlü tədbirlərə görə rayon polis idarəsinin rəhbərliyinə və şəxsi heyyətinə öz minnətdarlığımızı bildiririk .

Digər vacib məsələlərdən biri də Yay mövsümündə çimərliklərdə  əhalinin istirahətinin təşkil olunması, Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, çimərlik turizminin inkişafı ilə əlaqədar zəruri tədbirlərin görülməsidir. Ötən dövr  ərzində bu istiqamətdə də bir sıra işlər görülmüşdür. Belə ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə çimərlik zonasına baxış keçirilmiş və “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda tədbir keçirilərək  su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görülməsi istiqamətində müzakirələr aparılmışdır. Həmçinin mədəniyyət və turizm nazirliyinin təşkilatçılığı ilə  çimərlik turizminin inkişafı üzrə yaradılmış işçi qrupla görüşlər keçirilərək, müzakirələr aparılmış və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda cənab prezidentin Torpaq məcəlləsinə dəyişiklik edilməsi haqqında  qanununa əsasən  sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət tikinti sərhəddinin mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 m-də az olmayaraq  sahilə birbaşa keçid təmin olunmalıdır. Bu istiqamətdə də aidiyyəti  qurumlarla birlikdə təxirəsalınmaz tədbirlər görülməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında beş il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini, mənzil fondunun yenilənməsi və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.

Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “RELT HOUSE” MMC, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 10 və 12 saylı qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə “Aztexno Kompani” MMC tikinti şirkətləri seçilmiş və şirkətlərlə Rayon İcra Hakimiyyəti arasında müvafiq qaydada müqavilə bağlanmışdır.

Hazırda  “RELT HOUSE” MMC tərəfindən qəzalı binalarda yaşayan sakinlərlə binaların sökülərək yenisinin tikintisi ilə əlaqədar layihədən irəli gələn tələblərin icrası istiqamətində marifləndirmə işləri aparılmaqla yanaşı binaların həyətində, ümumi sahəsi 380 m2 olan 13 nəfərə məxsus 14 ədəd (qarajlar və digər tikililər) qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar sakinlərlə ümumi razılığa gəlinərək müqavilə imzalanmış və qeyri-yaşayış obyektlərinin sökülməsi işləri başa çatdırılmışdır.Qeyri-yaşayış sahələrinin sahiblərinin yeni yaşayış binlarının 1-ci mərtəbəsində və zirzəmisində inşa ediləcək ümumi sahəsi 24191 m2 olan yeni qaraj və qeyri-yaşayış sahələri ilə təmin edilməsi nəzərdə tutulmuşdur.                                                    

Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 1,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə “Dərnəgül” MTK tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır.

Hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-ci məhəllə, H.Hüseynov küçəsi 37A ünvanında yerləşən əmlak kompleksinin inzibati binalarında və müəssisənin ərazisində inşa edilmiş özbaşına tikililərdə uzun illərdir məskunlaşmış 104 ailə ilə Dərnəgül” MTK arasında qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi təmin edilməklə başqa yerə köçürülmüş və ərazidə mövcud olan tikililər tam sökülmüş, tikinti işlərinə başlanılmışdır.

Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən, xüsusi mülkiyyətdə olan, 0,5 ha torpaq sahəsində mövcud əmlak kompleksinin sökülərək, həmin əmlak kompleksinin inzibati binasında məskunlaşmış 26 ailənin mənzillərlə təmin edilməsi şərti ilə yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin həyata keçirilməsi məqsədilə “İnam-İnşaat 555” MMC tikinti şirkəti Rayon İcra Hakimiyyətinə müraciət etmiş və şirkətlə müvafiq qaydada müqavilə bağlanmışdır. Hazırda tikinti işləri davam etdirilir

Bildiyimiz kimi Cənab Prezidentin ən mühüm tapşırıqlarından biri məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılmasıdır.

Bu tapşırığa uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılmışdır.

2017-ci ilin 6 ayı ərzində  Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə  12 səyyar görüşü və 3  “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu  keçirilmişdir. Həmin görüşlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 2630 nəfər vətəndaş iştirak etmiş, 190  məsələ qaldırılmışdır    

2017-ci ilin 2 rübü ərzində vətəndaşlardan ümumilikdə 1788  müraciət daxil olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə  müqayisədə 44 vahid və ya 2,5%  çoxdur. Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən  1431-i ərizə, 356-sı  şikayət və 1-i təklif   olmuşdur.

Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatına 2017-ci ilin yanvar-iyun aylarında daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edilərək müəyyən edilmişdir ki, müraciətlərin əsasən 30,8%-i  şəhərsalma və tikinti məsələləri, 17,6%-i  mənzil məsələləri, 10,4%-i  sosial müdafiəsi məsələləri, 3,4%-i qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 2,2%-i  məişət məsələləri, 16,9%-i  şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar5,5%-i  digər mövzular ilə əlaqədar olmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 1895 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 140 vətəndaş qəbul edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2017- ci ilin I yarımili ərzində üçün təsdiq edilmiş İş planına uyğun olaraq, , 2017-ci ilin I yarımili ərzində 17 Şura iclası keçirilmiş və 17 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

İctimai-siyasi

Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.

14 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirildi. Fevral ayının 15-dən etibarən 10 nəfər gəncdən ibarət “ASAN könüllüsü” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışdırlar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələrə istiqamətləndirilmişdirlər.

16 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərin  Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir  keçirilmişdir. Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak etmişdir. Məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə yaxından  tanış olmuşdurlar.

13 yanvar 2017-ci il tarixində Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət etmişdilər. Ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam etmişdir.

15 mart tarixində “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilmişdir. Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya Respublikasının səfirləri, Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının diplomatları, “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

24 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilmişdir. Həmçinin Xocalı şəhərindən olan sakinlərlə görüş keçirilmiş və 120 aztəminatlı və şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması paylanılmışdır.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevralın 15-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilmiş və bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılmış və fevral-mart ayları ərzində rayon əhalisindən 63062 nəfəri tibbi müayinədən keçmişdir.

       Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Təbliğat işinin əsas mənası onun təsirli olmasındadır. Ölkəmizin inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər ideoloji işin əsas bazasını təşkil edir. Cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafının yüksək səviyyəsi təbliğat işinə yeni yanaşmanı, onun səmərəliliyinin artırılmasını, üslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir.

      Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rayon icra hakimiyyətlərində İctimai-siyasi və təbliğat işlərinin təşkilinə dair tövsiyələrindən irəli gələn vəzifələrin icrası məqsədilə 31 May 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirilmişdir.  Şura iclasında Binəqədi rayonunda ideoloji işin təkmilləşdirilməsi ilə bağlı 66 bənddən  ibarət Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planından irəli gələrək, Ümummilli lider Heydər Əliyev irsinin, ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, yaşayış yerlərində öyrənilməsi və təbliği məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində ictimai-siyasi və təbliğat işinin təşkilinə dair “Təbliğat –təşviqat ” Qrupu yaradılmışdır.  Bununla yanaşı “Təbliğat- təşviqat” Qrupunun əsasnaməsi və fəaliyyət istiqamətləri haqqında metodik tövsiyələr hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliği şəhər, rayon icra hakimiyyətlərinin gündəlik vəzifəsidir və təbliğatın əsasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanmalıdır. Şəhər, rayon icra hakimiyyətinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndəliklərinin hər bir əməkdaşı bu çıxışları dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz onlara söykənməlidirlər.

Məlum olduğu kimi, Azərbaycan inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoymaqdadır. Ölkəmiz olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Beləliklə, Paytaxt Bakı növbəti dəfə möhtəşəm idman yarışlarından birinə ev sahibliyi edəcəkdir. 2014-cü ildən etibarən hər il Azərbaycanda Atıcılıq üzrə Avropa və Dünya çempionatları keçirilir. İyulun 21-dən Avqustun 4-nə kimi Bakı şəhərində Atıcılıq üzrə Avropa çempionatı və Buenos- Aires 2018 Gənclər Olimpiya Oyunlarının seçim turniri olacaq. Tədbir Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə keçiriləcək.

Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda 246 tədbir keçirilmişdir.  Belə ki, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 32,  Gənclər və İdman sahəsində 71, tarixi və əlamətdar günlərin qeyd olunması ilə əlaqədar 143, tədbir keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin  2 rübü ərzində daxil olan zənglər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı-18330, birbaşa cavablandırılmış zənglərin sayı – 14744,  yaradılmış əks əlaqələrin sayı–4354 , günlük orta zəng sayı – 101, tərtib edilmiş şikayət vərəqələrinin sayı –  3586  olmuşdur.

İcrası təmin edilmiş şikayət xaraqterli 3586 müraciətin, 2798-i və ya 78 %-i tam həll olunmuş, 432-i və ya 12 %-i qismən həll edilmiş, 356-i və ya 10  %-nə müvafiq izahat verilərək həll edilmiş.

Daxil olmuş şikayətlərin 1669-u və ya 46,5 -i %-i qaz təchizatı, 1216-sı və ya 33,9 %-i su-kanalizasiya, 112-si və ya 3,1 %-i istilik təchizatı,  242-si və ya 6,7 %-i lift problemləri, 153-ü və ya 4,3 %-i sakinləri narahat edən digər məsələlər, 84-ü və ya 2,3 %-i elektrik təchizatı, 59-u və ya 1,6 %-i zibil və tullantılar ilə əlaqədar, 30-u və ya 0,8%-i isə küçələrin işıqlandırılması idarəsi, 21-i və ya 0,6 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olmuşdur.Xidmətə daxil olan təşəkkürlərin sayı isə 137 olmuşdur.

Yuxarıda göstərilənlərlə yanaşı rayon ərazisində aşağıdakı qaydada hal-hazırki dövrə bir sıra zəruri problemlər mövcuddur:

Problemlər!!

-Qəsəbələrdə su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması;

-Dərnəgül yaşayış sahəsində yerləşən qəzalı yataqxana binalarında 1000-ə yaxın məcburi köçkünün məskunlaşması;

- Biləcəri qəsəbəsində əvvəllər dəmir yolunun balansında olmuş uzun illər istismarda olan çoxmərtəbəli yaşayış binalarının girişlərinin, dam örtüklərinin, zirzəmidəki su, kanalizasiya və istilik xətlərinin təmirə ehtiyacının olması;

-Çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləşdirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;

-Qəsəbədaxili yolların təmirə ehtiyacın olması:

Nazirlər Kabinetində keçirilmiş iclasda cənab Prezident, regionların, qəsəbələrin inkişafına dair Dövlət Proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etmişdir. Möhtərəm Prezident bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xəttlərinin çəkilişinin, Taxılçılığın, pambıqçılığın inkişafı, Qeyri-neft sektorunda ixracın artırılması, xarici sərmayelərin cəlb edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır. Həmçinin cənab Prezident, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, özünəməşğüllüq proqramının icrası, özəl sektorun dəstəklənməsi istiqamətində işlərin gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələrini vermişdir. 

Biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

Keçidlər