Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Binəqədi rayonu (keçmiş Kirov rayonu) Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır. Ərazisi 147,06 kv.km, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir.

Rayon ərazisində yaşayan daimi əhalinin sayı 267 551 nəfər, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir.

Rayonun  inzibati ərazisində  6 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən,  28 May və Sulutəpə qəsəbələri (5 qəsəbə inzibati ərazi dairəsi), 4 mikrorayon  (6, 7, 8 və 9 mikrorayonlar),  eyni zamanda 7 və 8-ci mikrorayon, Dərnəgül yaşayış sahəsi ərazi hüdudlarını əhatə edən 1 nömrəli Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayon ərazi hüdudlarını əhatə edən 2 nömrəli Sahə inzibati ərazi dairəsi (SİƏD)  mövcuddur.

Rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. 1 və 2 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD) və Dərnəgül yaşayış sahəsinin hüdudlarını əhatə edən Binəqədi bələdiyyəsi, Rəsulzadə qəsəbəsinin hüdudlarını əhatə edən Rəsulzadə bələdiyyəsi, Biləcəri qəsəbəsinin hüdudlarını əhatə edən Biləcəri bələdiyyəsi, Binəqədi qəsəbəsinin hüdudlarını əhatə edən Binəqədi qəsəbə bələdiyyəsi, Xocəsən, Sulu-təpə, və 28 May qəsəbəsinin hüdudlarını əhatə edən Xocasən bələdiyyəsi fəaliyyət göstərir.

Rayon ərazisində 3 müstəqil Seçki Dairəsi, 8 saylı Binəqədi birinci Seçki Dairəsi  Dairə Seçki Komissiyası, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi Dairə Seçki Komissiyası, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi Dairə Seçki Komissiyası, və 1 müştərək 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi Dairə Seçki Komissiyası fəaliyyət göstərir. 8 saylı Seçki Dairəsinin tərkibində 38 seçki məntəqəsi, 9 saylı Seçki Dairəsinin tərkibində 36 seçki məntəqəsi, 10 saylı Seçki Dairəsinin tərkibində 35 seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin (müştərək) tərkibində isə Binəqədi rayon əhatə dairəsi üzrə 4 seçki məntəqəsi mövcuddur.Ümummilikdə rayon üzrə 113 seçki məntəqəsi mövcuddur, o çümlədən 9 oktyabr 2013-cü il tarixdə Respublikada Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar 8 saylı Seçki Dairəsi üzrə 2, 9 saylı Seçki Dairəsi üzrə 5, (1 seçki məntəqəsi yerləşmə əhatə ərazisi üzrə 8 saylı DSK-ya verilmişdir) 10 saylı Seçki Dairəsi üzrə isə 1 yeni seçki məntəqəsi yaradılmışdır. (Yeni seçki məntəqələrinin yardaılmasında əsas məqsəd seçicilərin rahat və ərazi yerləşmə baxımından daha yaxın məntəqəlrdə səs vermələrinə şərait yaratmaq olmuşdur).

Rayon ərazisində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə - Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Mərkəzi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat İdman Mərkəzi və 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı, 4 texniki peşə liseyi (6, 9, 18 və Bakı Turizm Peşə məktəbi), 3 musiqi məktəbi (6, 11 və 26), Bakı Humanitar Kolleci və 3Ali təhsil müəssisəsi – M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma  İnstitutu fəaliyyət göstərir. 7 kitabxana, 1 mədəniyyət evi, 1 kənd təsərrüfatı muzeyi, 19 mədəniyyət abidəsi (onlardan 16-sı ölkə, 3-ü isə yerli əhəmiyyətlidir), 5 mehmanxana (3-ü dördulduzlu) fəaliyyət göstərir.

Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş Hamam, 1908-ci ildə inşa edilmiş Məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid Ovdan, IX - XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid Karvansara, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş Məscid, arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən Neft mədənləri ərazisində Tunc dövrü "Nekropol"u, neft mədənləri ərazisində XV-XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı Qərarına əsasən "Dövlət Qoruğu" elan edilmiş "Binəqədi IV dövr fauna və flora qəbirsanlığı" və "Keyrəki" vulkan dağı mövcuddur. Bundan əlavə, rayon ərazisində son illər və eyni zamanda, əvvəllər yaradılmış, lakin dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilməmiş mədəniyyət abidələrindən Binəqədi qəsəbəsində mövcud olan ilk neft quyusu da mövcuddur.

Binəqədi rayonu ərazisində həmçinin aşağıdakı heykəltaraşlıq abidələri mövcuddur:
Binəqədi Rayon Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi (heykəltəraş – Azad Əliyev), rayonun 6-cı mikrorayonunun ərazisində akademik Zərifə Əziz qızı Əliyevanın adını daşıyan parkda onun abidəsi (heykəltəraş - Ömər Eldarov, 2001-ci il), Atatürk prospektində ictimai xadim Ayna Sultanovanın abidəsi (heykəltəraş - Minəvvər Rzayeva, 1986-cı il), 8-ci mikrorayon, İ.Dadaşov küçəsində Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun və Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi (1995-ci il), Cəfər Xəndan küçəsi və Azadlıq prospektinin kəsişməsində yerləşən parkda Rumın bəstəkarı, ictimai xadim Corce Eneskunun abidəsi (heykəltəraş - Natiq Əliyev, 2006-cı ilin oktyabr ayı), Rəsulzadə qəsəbəsində yerləşən şəhid Ramiz Nazim oğlu Aboyev adına parkda onun büstü (heykəltəraş - Eldar Həsənov, 1996-cı ilin yanvar ayı), 9-cu mikrorayonda H.Babaşov küşəsində şəhid Həmzə Babaşovun büstü, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən F.Hümbətov adına parkda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Qəmbər oğlu Hümbətovun büstü (heykəltəraş - Aydın Məmmədov, 2001-ci il), Biləcəri qəsəbəsində 20 yanvar şəhidlərinin xatirəsinə “Güllə yağışı” abidə kompleksi (heykəltəraş Azad Əliyev, 19 yanvar 2013), Biləcəri qəsəbəsində Milli Qəhrəmanlar abidə-kompleksi və 8 Milli Qəhrəmanın büstü və s. mövcuddur.

Rayonda  Akademik Z.Əliyeva adına Milii Oftamologiya Mərkəzi, 11 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyində olan 12 tibb müəssisəsi, o cümlədən, 6 şəhər poliklinikası (9, 10, 11, 25, 27,35 nömrəli), 3 uşaq poliklinikası (11, 20, 21 nömrəli), 9 nömrəli Qadın Məsləhətxanası, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilərin Bərpa Mərkəzi, Xocasən Sağlamlıq Mərkəzi,  8 nömrəli Təsərrüfat hesablı stomatoloji poliklinikası, 400 çarpayılıq çox profilli Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 575 çarpayılıq çox profilli Azərbaycan Dövlət Dəmir Yolunun Mərkəzi Dəmiryol Xəstəxanası və Poliklinikası fəaliyyət göstərir. Müalicə-Profilaktika müəssisələrində rayon tibb müəssisələrinin strukturuna uyğun olaraq müxtəlif ixtisas həkimləri funksional diaqnostik kabinetlər və laboratoriyalar fəaliyyət göstərir.

Binəqədi rayonu ərazisində 6 iri idman sağlamlıq kompleksi – 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən 2009-cu ildə istifadəyə verilmiş “Bakı Tennis Akademiyası” (mərkəzdə mövcud qurğular: 6 açıq kort, 4 bağlı kort. 1 bağlı mərkəzi kort, 1 üzgüçülük hovuzu), Biləcəri qəsəbəsi, Sumqayıt şossesi-3 d ünvanında yerləşən “Respublika Stend Atıcılığı İdman Kompleksi” (mərkəzdə fəaliyyət göstərən idman növləri: güllə atıcılığı, pnevmatik tir, stend atıcılığı 3 yerə bölünür – 1) spartik, 2) trap, 3) steek),  Biləcəri qəsəbəsi Y.Hüseynov-1 yerləşən 1980-cı ildə istifadəyə verilmiş "Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı" (mərkəzdə mövcud qurğular: boks, kik-boksinq, ağır atletika, üzgüçülük, yunan-roma güləşi), Biləcəri qəsəbəsi  M.Hüseynzadə -2 yerləşən 1983-cü ildə istifadəyə verilmiş "Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksi" (kompleksdə mövcud qurğular: güləş zalı, əl oyunlar zalı, voleybol zalı, ağır atletika zalı, cüdo, karate növləri üzrə zallar və basketbol zalı ), Binəqədi qəsəbəsi II Mədən korpus 93  yerləşən 2005-ci ildə istifadəyə verilmiş "Binəqədi İdman Sağlamlıq Kompleksi" (kompleksdə mövcud qurğular: futbol stadionu-süni örtüklü, mini-futbol meydançası, güləş zalı, basketbol zalı, tennis kortu - açıq, trenajor zalı ), 2012-ci ildə istifadəyə verilmiş “Azəryol” Voleybol Kompleksi (2000 tamaşaçı tutumu olan voleybol meydançası və trenajor zalı) fəaliyyət göstərir.

Rayon ərazisində 103 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 6-i mədənçıxarma,  88-i emal, 4-si elektrik enerjisi, qaz və buxarlanma, 5-ü isə su təchizatı və tullantıların təmizlənməsi müəssisələridir. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən neft və qaz çıxarma təyinatlı "Binəqədi Oil Company" Neft Şirkətini, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC-ni, əsasən maşınqayırma üzrə ixtisaslaşmış "B.Sərdarov adına Maşınqayırma zavodu"nu, müxtəlif təyinatlı dəmir və polad məhsullarının istehsalı üzrə ixtisaslaşmış "Bakı Poladtökmə"ATSC-ni, müxtəlif növ boyalar istehsal edən "FAB Boya" və "Bilfa Boya" şirkətlərini misal göstərmək olar. Bunlardan əlavə, rayon ərazisində spirtsiz və sərinləşdirici içkilər istehsal edən "Koka-kola Bottlers LTD", "Golden Uoter", "Mars Overseas" kimi iri şirkətlər də fəaliyyət göstərir ki, onların istehsal etdikləri məhsullar bütün respublika ərazisində satılır. Eyni zamanda, rayonda "Akva Park" istirahət və əyləncə kompleksi də fəaliyyət göstərir. Bundan əlavə, paytaxtın möhtəşəm şadlıq saraylarından sayılan "Monte Kristo", "Lido", "Min Bir Gecə" şadlıq sarayları, "Elit" ticarət və istirahət mərkəzi, "Oazis" istirahət mərkəzi rayon əhalisinə və paytaxt sakinlərinə xidmət göstərirlər.

Rayonda 920 ictimai nəqliyyat vasitəsi mövcud olduğundan bütün qəsəbə və yaşayış massivləri sərnişin nəqliyyatı avtobusları ilə təmin edilmişdir. Rayonda 50960 minik avtomobili mövcuddur ki, bu da hər min nəfərə 226 minik avtomobili deməkdir. Rayonun bütün qəsəbə və mikrorayonlarında "Azərpoçt" Dövlət Müəssisənin 6 və 2 saylı poçt filiallarının 12 poçt şöbələri xidmət göstərir. Bundan əlavə, rayonda fəaliyyət göstərən 561, 562, 563, 401, 411, 412 saylı ATS-lər modernləşərək elektronlaşdırılmış, nömrə tutumları artırılmışdır.

 

Keçidlər