Məzahir Əhmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 03 may 2020-ci il
Məzahir Əhmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 03 may 2020-ci il
Hörmətli cənab Prezident
Son vaxtlar dünyada bir kabusa çevrilən COVID-19 pandemiyası Azərbaycanda da müəyyən narahatlıq və təlaş yaratsa da, Sizin çevik və uzaqgörən siyasətiniz sayəsində epidemiyanın respublikamızda geniş miqyas almaması üçün vaxtında atılan müvafiq qətiyyətli addımları xüsusi minnətdarlıq hissi ilə vurğulayırıq. Siz daim xalqınızı düşünən, onun rifahı naminə yorulmadan səy göstərən etibarlı lider olduğunuzu möhtəşəm fəaliyyətinizlə nümayiş etdirirsiniz. Xalqımız Sizə inanır, sonsuz etimad göstərir, Sizi sevir. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiya ilə mübarizədə Sizin rəhbərliyinizlə həyata keçirilən qətiyyətli və humanist tədbirlər xalqın Sizə olan sevgisini və inamını daha da artırdı. Xalqımızın birliyinə, həmrəyliyinə yeni nəfəs verən, bu məsuliyyətli dönəmdə səfərbər edən "Biz birlikdə güclüyük!" çağırışınız hamımızı qürurlandıran həyati şüara çevrildi. Ölkə vətəndaşlarının sağlamlığının etibarlı qorunmasının təşkili məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, qısa müddətdə müasir standartlara uyğun yeni tibb müəssisələrinin qurulması və istifadəyə verilməsi, zəruri tibbi avadanlıq və ləvazimatlarla təmin edilməsi, karantin rejiminin tətbiqi, yeni növ infeksiyanın genişlənməsinin qarşısının alınmasına profilaktik tədbirlər uğurlu nəticələrini göstərməkdədir. Sizin tapşırığınızla əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, virusla mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən şəxslərin əməkhaqqının saxlanılması, pandemiyadan zərər görən sahibkarlara verilən maliyyə dəstəyi, imkansız ailələrə yardımların edilməsi rəğbətlə qarşılanır. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən də çıxaracaqsınız.
Cənab Prezident, müstəqil Azərbaycanın vətəndaşı olmağımdan keçirdiyim fəxarət hislərini çatdıraraq, hər zaman çətin məqamlarda da xalqın yanında olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizin daha da inkişafı, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə uğurlar, Sizə və ailənizə cansağlığı, uzun ömür arzu edirəm.
Hörmətlə,
Əhmədov Məzahir Qurban oğlu, Binəqədi Rayon Ağsaqqallar Şurasının üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri