Nuray Məmmədzadədən, Bakı şəhəri Binəqədi rayonu, 04 may 2020-ci il
Nuray Məmmədzadədən, Bakı şəhəri Binəqədi rayonu, 04 may 2020-ci il
Hörmətli cənab Prezident
Dünyanı öz ağuşuna alıb məhvə sürükləyən “COVID-19” pandemiyası ilk günlərindən bütün ölkələrdə kütləvi ölümlərə səbəb olduğunda, bu qorxunc xəbər hamını məyus etmişdi. Lakin qəlbimin dərinliyində zülmət qaranlığı parçalayacaq parlaq bir günəşin doğacağına əmin olduğum üçün, nikbinlik hissi heç bir zaman məni tərk etməmişdi. Əmin əllərdə idarə olunan dövlətimizin həmişə vətəndaşının yanında olduğunu və onu qoruduğunu bildiyim üçün bu dəhşətin böyük faciə yaratmayacağına inanırdım. Təhlükənin ilk günlərində zərgər dəqiqliyi ilə alınmış uzaqgörən qərarlarınız vaxtında bu dəhşətin önünə sədd çəkdi. Bu ölüm saçan pandemiya ilə mübarizədə dünyanın bir çox ölkələrinə örnək olan davranışınızla Azərbaycan dövlətinin necə güclü olduğunu bir daha sübut etdiniz.
Cənab Prezident, hazırda pandemiya dəhşətinin sönən alovları tezliklə bu bəladan qurtulub normal həyata dönəcəyimizdən xəbər verir. Sizin apardığınız çoxyönlü islahatlar ölkəmizin və xalqımızın rifahını artırdığı kimi həm də dövlətimizin güclü olmasını təmin edir. Bu da biz gənclərin özünə güvən hissini, vətən sevgisini və vətənə layiqli övlad olma məsuliyyətini artırır. Qloballaşan dünyada ikili standartlara qarşı gecə gündüz apardığınız haqlı mübarizədə biz gənclər də sizin siyasi kursunuzun davamçılarıyıq. Gələcəkdə vətənimizə layiqli vətəndaş olmaq və bizlərə əmanət ediləcək irsi, mədəniyyəti, mental dəyərləri qoruyub gələcəyə daşımaq və bəşəriyyətin sürətlə inkişaf etdiyi bu dönəmdə yeni texnologiyalara daha müfəssəl yiyələnmək üçün, biz daha yaxşı oxumalı, müasir biliklərə yiyələnməli və bu yolda çox məsuliyyətli olmalıyıq. Doğma Azərbaycanımızı sevmək və onun layiqli vətəndaşı olmaq biz gənclərin ən vacib işidir. Çiçəklənən ölkəmizdə gündən-günə inkişaf edən iqtisadiyyatımızın hər sahəsində əldə olunan nailiyyətlər biz gəncləri daha da qürurlandırır və bizləri daha məsuliyyətli olmağa məcbur edir. Çünki bu gün əmin əllərdə idarə olunan ölkəmizin gələcəkdə daha da güclü və qüdrətli olması bizlərin prioritet məsələsidir. Bunun üçün də biz üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməliyik.
Bildiyimiz kimi, tarixən ölkəmiz zaman-zaman yadellilərin və nankor qonşuların işğalına məruz qalmışdır. Bu gün də torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Bir milyondan artıq köçkün soydaşlarımız öz yurd-yuvalarından didərgin düşmüşlər. Lakin biz əminik ki, cənab Prezident, Siz bu çətin məsələnin tezliklə həllinə nail olacaqsınız və köçkün soydaşlarımız öz yurd yuvalarına geri dönəcəklər. Dünya ictimaiyyətinin də bildiyi bir həqiqət var ki, o da Azərbaycanın ərazi bütövlüyünün qeyri şərtsiz bərpa olunmasıdır. Sülh yolunun tükəndiyi anda ölkəmizin müzəffər ordusu Ali Baş Komandanın əmri ilə və xalqın dəstəyilə düşməni darmadağın edib, üç rəngli zəfər bayrağını indi işğalda olan torpaqlarımızda dalğalandıracaqdır. Vətənimizin azadlığı üçün bu yolda canımızı belə verməyə hazırıq.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Məmmədzadə Nuray Elxan qızı, Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu