Şriftin ölçüsü :

Saytın rəngi :

Toğrul Rəhimovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 may 2020-ci il

Toğrul Rəhimovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 may 2020-ci il
 
Möhtərəm cənab Prezident

Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində şükürlər olsun ki, Azərbaycan üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdardır.

Möhtərəm cənab Prezident, bu xəstəliklə mübarizə məqsədilə Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirdiyiniz müşavirələr, dövlət strukturlarına verdiyiniz müvafiq tapşırıqlar Sizin bu sahədəki siyasətinizin qətiyyətli, ardıcıl və davamlı olmasının daha bir sübutudur. Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyiniz insanlarda yüksək əhval-ruhiyyə yaradıb. Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır.

Belə bir vaxtda ehtiyac olan yerlərdə abadlıq işləri də həyata keçirilir. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı və 8 Mart küçələrinə asfalt örtüyünün çəkilməsi də buna bariz nümunədir. Bütün bu diqqət, qayğı və dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, biz ürəkdən inanırıq ki, Sizin həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun.

Rəsulzadə qəsəbəsinin Cəfər Cabbarlı və 8 Mart küçələrinin sakinləri adından hörmət və ehtiramla,

Rəhimov Toğrul Əzim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

Keçidlər