Dövlət qulluğu və kadr siyasəti
Dövlət qulluğuna qəbul
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. İnzibati vəzifələr dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin, yardımçı vəzifələr isə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir.
İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir.
1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrin (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) tutulması daxili müsahibə keçirilməklə həyata keçirilir. Vəzifənin tutulması şərtlərinə (ali təhsil üzrə ixtisası, iş stajı və s.) uyğun olan Azərbaycan Respublikasının vətəndaşları həmin vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə iştirak edə bilərlər. Daxili müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada Mərkəzin internet portalı vasitəsilə qeydiyyatdan keçməklə həyata keçirilir.
1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə (2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri), habelə Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavini vəzifələri istisna olmaqla) dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Mərkəz inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün test imtahanları təşkil edir və test imtahanından keçən şəxsə imtahandan keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:
A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
-
AB qrupu;
-
AC qrupu.
B növü - inzibati icraçı vəzifələr üzrə:
-
BA qrupu;
-
BB qrupu.
Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.
Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.
İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.
Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.
Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.
Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.









