Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirildi
15 iyul 2016-cı il tarixdə “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” parkında rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirildi.
Yolasalma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov, Binəqədi və Biləcəri qəsəbə və bələdiyyə sədrləri, Böyük Vətən Müharibəsi Veteranları, QHT sədrləri, ASAN Könüllüləri, hərbi xidmətə yola salınan gənclər və valideynlər iştirak etdilər.
Yolasalınma mərasimi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Bağırov Emin İmran oğlunun doğum gününə təsadüf etdiyinə görə gənclər ilk öncə şəhidin Binəqədi qəsəbə qəbiristanlığında olan məzarını ziyarət etdilər. Şəhidin məzarını ziyarət edən gənclər onun timsalında vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad edəcəklərinə inandıqlarını bildirdilər.
Hərbi xidmətə yola salınacaq gənclər daha sonra Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” Parkına yola düşdülər. Parkın ətrafında gəncləri vətənimizə, dövlətimizə yüksək əhval-ruhiyyə ilə xidmət etmələrinə mənəvi dəstək olmaq üçün rayon ictimaiyyəti toplaşmışdı. Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə gül dəstələri qoyuldu.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra çıxış etmək üçün söz alan Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun atası İmran Bağırov hərbi xidmətə yola düşən gənclərimizə vətənin keşiyində durmağı, lazım gələrsə vətən torpağının azadlığı uğrundan canlarından belə keçməyə hazır olmağı tövsiyə etdilər.
Sonda çıxış etmək üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova verildi. Natiq öz növbəsində mərasimə toplaşan hər kəsi rayon rəhbərliyi adından salamladı. Daha sonra vurğuladı ki, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Nəzərə almaq lazımdır ki, xalqımızın Dağlıq Qarabağ kimi qaysaq bağlamayan yarası var. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu baxımdan yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil olunması böyük aktuallıq kəsb edir. Vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına və dövlətinə həsr etmişdir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənclər Azərbaycan Bayrağını öpüb Qurani-Kərimin altından keçərək Böyük Vətən Müharibəsi veteranlarından xeyir-dua alıb hərbi xidmətə yollandılar.