Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Başçısı cənab İlham Əliyevin səsləndirdiyi fikirlər

Ölkə Başçısı cənab İlham Əliyevin səsləndirdiyi fikirlər
  • Dövlətçilik haqqında

"...Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var (18.04.2018).

"...Hara baxsaq, hansı sahəyə baxsaq biz inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Bir daha qayıdıram çıxışımın əvvəlinə, xalq-iqtidar birliyi bütün bu uğurları mümkün edir" (18.04.2018).

Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. 

Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir. 

Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir. 

  • Müstəqillik haqqında

İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. 

Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. 

Dünyada 200-dən çox ölkə var. Onların hamısı müstəqildir. Ancaq bir çox hallarda bu müstəqillik ya yarımçıqdır, ya da şərti xarakter daşıyır. Biz isə sözün əsl mənasında müstəqil dövlətik, bununla fəxr edirik, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. 

  • Dağlıq Qarabağ münaqişəsi haqqında

"...Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq..." (11.05.2019).

"...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın" (18.04.2018).

Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq.

Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar.  

Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir. 

Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq. 

  • Qaçqın və məcburi köçkünlər problemi haqqında

"...Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk..." (11.05.2019).

"… məcburi köçkünlərə ayrılmış vəsait 6 milyard manatdan çoxdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır...".

"...Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir...".

"...Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. Bu, mənim 2003-cü ildə seçkiqabağı vədlərimdən biri idi ki, 5 il ərzində çadır şəhərcikləri ləğv ediləcək. Biz buna dörd il ərzində nail olduq...".

  • Terrorizm və separatizm

XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. 

İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. 

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində real təşəbbüslərin və tədbirlərin tərəfdarıdır. Biz istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə önəm veririk. Çünki hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və  inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir.  

  • Xarici siyasət haqqında

“Bakı Prosesi”nin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir. 

…Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

  • Regional təhlükəsizlik haqqında

"...Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb.." (18.04.2018).

"...Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür" (18.04.2018).

"...Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlıq, proqnozlaşdırılabilmə və regionumuzda təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib..."

"...Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir..." 

"...Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümumi qayğımızdır..."  

  • Azərbaycanın geosiyasi rolu haqqında

"...Bu gün Azərbaycan haqlı olaraq Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmindədir..."

"...Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir..."

"...Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır..." 

  • Dövlət Proqramlarının icra vəziyyəti haqqında

"...keçən il taxılçılıqda bizim orta məhsuldarlığımız kifayət qədər yüksək olub - hektardan 32 sentner, böyük irəliləyişdir. Ancaq iri fermer təsərrüfatlarında bu, 50 sentner, bəzi yerlərdə 60 sentnerdir. Bu, onu göstərir ki, aqroparkların yaradılması çox düzgün qərar idi..." (03.02.2020)

"O ki qaldı, iri layihələrin icrasına, qeyd etdiyim kimi, onların arasında aqroparklar xüsusi yer tutur. Aqroparkların da yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir..." (03.02.2020)

"...Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən..." (03.02.2020)

"...Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir..."

  • İqtisadiyyat haqqında

"...Ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır..." (31.07.2019). 

"...Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir..." (31.07.2019). 

"...İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir..." (31.07.2019). 

"...Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib..." (11.05.2019).

"...Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır..." (11.05.2019).

"...Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir.Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, – ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan – heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan..." (11.05.2019).

"...Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır..." (11.05.2019).

"...Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır..." (11.05.2019).

"...Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir..." (11.05.2019).

İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. 

Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. 

2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. 

  • Sosial məsələlər haqqında

...Ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb.

  • Neft sənayesi haqqında

"...hələ 2016-cı ildə Davos Ümumdünya İqtisadi Forumunda çıxış edərkən, paneldə suala cavab verərkən demişdim ki, neftin qiymətinin tənzimlənməsi üçün ən məqbul variant OPEC və iri qeyri-OPEC ölkələrinin birgə fəaliyyətidir. Onlar razılığa gəlməlidirlər ki, neftin qiyməti sabit qalsın. Hasilat aşağı düşməlidir və hər kəs buna əməl etməlidir..." (11.05.2019).

Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. 

Bizim zəngin neft-qaz yataqlarımız bundan sonra uzun illər ölkəmizin inkişafını təmin edəcək. Azərbaycan bundan sonra da çoxşaxəli şəkildə inkişaf edəcək. 

Azərbaycan o ölkələrdəndir ki, neftdən çox səmərəli və ağıllı şəkildə istifadə etmişdir. 

  • Qaz sənayesi haqqında

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcəkdir.  

…bu gün biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq və bu, dünya miqyasında nadir bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. 

Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır… Böyük mənbədir, yaxında yerləşən mənbədir. 

  • Enerji siyasəti haqqında

"...Vaxt var idi gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik..." (11.05.2019).

Energetika hər bir iqtisadiyyatın bel sütunudur, təməlidir. 

Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir.

Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir.

  • Sahibkarlıq haqqında

"...Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər – dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı..." (DP - 03.02.2020) 

"...Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər..." (DP - 03.02.2020) 

Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq 2 milyard manat təşkil edəcəkdir. 

Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir.

  • Demokratiya haqqında

"...Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik" (18.04.2018).

"...O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır" (18.04.2018).

"...Hara baxsaq, hansı sahəyə baxsaq, biz inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. ...xalq-iqtidar birliyi Azərbaycanın uğurlarının əsas mənbəyidir" (18.04.2018).

"...yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun…"

Seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.

Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.

Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər.

  • Təhsil haqqında

"...Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir.." (11.05.2019).

Insan kapitalının əsas mənbəyi təhsildir.

İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir.

Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir.

  • Dil haqqında

"Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir". 

  • Turizm haqqında

"Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür".

"Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır. Budur, bizim siyasətimizin nəticələri".

Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur.

  • Tarix və mədəniyyət haqqında

Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi.

Avropa bizim əsas ticarət tərəfdaşımızdır və bizim Avropa ilə ənənəvi əlaqələrimiz var. XIX əsrdə Azərbaycana Avropa kapitalı sərmayə qoyulmuşdu və Azərbaycanda Avropa mədəniyyətinin mədəni irsi var. bu da müsəlman dünyasında Azərbaycanda ilk baletin səhnəyə qoyulması, ilk teatrın yaradılması, habelə 1918-ci ildə ilk demokratik respublikanın yaradılması faktında öz əksini tapır.

Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır.

  • Gənclər haqqında

Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir.

Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər.

Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir.

  • Səhiyyə haqqında

"...640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Demək olar ki, indi bizim bütün şəhərlərimizdə, - bir neçə şəhəri istisna etmək şərtilə, orada da yaxın zamanlarda bu işlər görüləcək, - ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar var. Bakı şəhərində səhiyyə sahəsində çox böyük işlər görülüb, yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb..." (11.05.2019).

Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə sistemimizin inkişafı üçün çox böyük uğurdur, böyük nailiyyətdir və nəticədir.

Azərbaycanda bir dənə də təmirsiz tibb ocağı olmamalıdır, bir dənə də qəzalı vəziyyətdə poliklinika, yaxud da ki, hansısa kənd ambulatoriyası olmamalıdır. Əlbəttə ki, ilk növbədə böyük şəhərlərdə, ondan sonra bütün şəhərlərdə və ondan sonra bütün yaşayış məntəqələrində - harada ki, xəstəxanalar, tibb mərkəzləri var, orada bütün işlər görülməlidir.

Son illər ərzində Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər ölkəmizin bütün bölgələrini əhatə edir. On beş şəhərdə diaqnostika mərkəzi yaradılmışdır. Bu gün demək olar ki, ölkəmizin hər bir yerində keyfiyyətli tibbi xidmət almaq üçün gözəl imkanlar vardır. Səhiyyənin maddi-texniki bazası möhkəmlənir, güclənir.

  • Yol infrastrukturu

"...Yolların çəkilişi - 15 min kilometr avtomobil yolu salınıb. İndi hər il bütün bölgələrdə, bütün rayonlarda, o cümlədən Bakı şəhərində, Bakı qəsəbələrində bu işlər gedir..." (11.05.2019).

  • Məmur özbaşınalığı

"...Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır..."  (03.02.2020).

 

 

 

 

 

Keçidlər