Şriftin ölçüsü :

Saytın rəngi :

Yerin təki istifadəçiləri və onların hasil etdikləri faydalı qazıntının növü

"SULUTƏPƏ" neft yatağı

Sulutəpə

“Sulutəpə” neft yatağı Bakı şəhərindən 9 km şimal-qərbdə, “Binəqədi” və “Çaxnaqlar” yataqlarının cənub-qərbində, Binəqədi neftli-qazlı rayonunda yerləşir. Abşeron yarmadasının şimal qərbində yerləşən Binəqədi neftli-qazlı rayonunda çoxlu sayda dövrü fəaliyyətdə olan palçıq vulkanları (Keçəl dağ, Zigilpiri, Keyrəki, Böyük dağ, Kiçik dağ və s.), təbii muzeyi xatırladan, yer səthinə çıxan müxtəlif stratiqrafik lay qatları, qır gölməçələri, fauna və flora qalıqları geniş yayılıb. Bura 100 ildən artıq istismarda olan “Binəqədi” yatağı və 40-90 il müddətində istismar edilən “Qırməki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Şabandağ”, “Fatmayı” (“Siyanşor” və “Məhəmmədli” sahələri) yataqları yerləşir. Hazırda bu yataqlar işlənmənin son mərhələsindədir və çıxarıla bilən neft ehtiyatının böyük bir qismi (83,3%) çıxarılıb. Ərazidə məhsuldar layların yatma dərinlikləri yer səthinin bir neçə metrliyindən başlayaraq 2000 metr dərinlik intervalındadır.

“Sulutəpə” yatağı 1920-ci ildə kəşf olunub, yatağın sənaye əhəmiyyətli işlənməsinə 1932-ci ildən başlanıb. İstismarın əvvəlindən 01.01.2022-ci il tarixinədək yataqda 605 müxtəlif təyinatlı quyu qazılaraq 6 milyon 893 min ton neft, 828 milyon m³ qaz hasil edilib. Yataq üzrə maksimal neft hasilatı 405 min tonla 1942-ci ildə qeydə alınıb. Yatağın istismar fondunda 104 quyu var ki, onlardan da 74 quyu işləkdir.

Lay təzyiqinin saxlanılması məqsədilə yataqda suvurma prosesi 1956-cı ildən bu günə kimi davam etdirilir. Bundan əlavə, neft verimini artırmaq məqsədilə 1995-ci ildə laylara yeni süni təsir üsulu sayılan mikrobioloji təsirə başlanıb.

Yataq “Binagadi Oil Company” Əməliyyat Şirkəti tərəfindən istismar olunur. “Binagadi Oil Company” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azen Oil Company B.V.” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasındakı Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siyanşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş”ə əsasən operator qismində fəaliyyət göstərir. Saziş 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minib.

 

                                • SOCAR ONŞ   
                                • Azen Oil Company B.V.

https://www.socar.az/az/page/sulutepe

Keçidlər