Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında “Bəşəriyyətə qarşı cinayət: Xocalı soyqırımı” mövzusunda məlumat saatı keçirildi
25 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında “Bəşəriyyətə qarşı cinayət: Xocalı soyqırımı” mövzusunda məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Məlumat saatında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan xalqının 24 il əvvəl baş verən Xocalı soyqırımında qətlə yetirilən insanların xatirəsini dərin ehtiramla yad etdiyini, bu məqsədlə bir çox tədbirlərin keçirildiyini qeyd etdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Kərimova 18 fevral tarixindən 25 fevral tarixinə kimi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi görüşlər, qəbullar, imzaladığı sərəncam və fərmanlar haqqında məlumat verdi.
Daha sonra Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz “Bəşəriyyətə qarşı cinayət: Xocalı soyqırımı” mövzusu ətrafında mühazirə ilə çıxış etdi.
Qeyd edək ki, Boran Əziz 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir. 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir. 1986-cü ildə «Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)» mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda «Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir. 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır. 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi», üzrə 3 proqramı nəşr edilmişdir. Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işində 1920-1991-ci illərdə Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda milli-azadlıq hərəkatı tarixinin öyrənilməsi və digər məsələlər mühüm yer tutur. 2002-ci il mayın 23-25-də Türkiyədə keçirilən «Türkiyənin erməni məsələsi» adlı Beynəlxalq elmi konfransda iştirak edərək orada «Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri» mövzusunda məruzə etmişdir.Məruzə konfransın materiallarında dərc olunmuşdur. 2003-cü ilin mart-may aylarında Bakıda «Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri» mövzusunda keçirilən Beynəlxalq elmi sessiyada çıxış etmişdir. Məruzə konfransın materiallarında dərc olunmuşdur.
Məruzəçi çıxışında Ulu Öndər Heydər Əliyevdən sitat gətirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Həmçinin məruzəçi Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir deyə çıxışında bildirmişdir.
Məruzədən sonra məlumat saatı diskusiyya şəkilində davam etdirildi.