“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, azad edilmiş qaçqın və məcburi köçkünlərin beynəlxalq məhkəmələrə müraciətlərinin hazırlanması” layihəsi çərçivəsində görülən işlərlə bağlı tədbir keçirildi
Noyabrın 16-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş qaçqın və məcburi köçkünlərin beynəlxalq məhkəmələrə müraciətlərinin hazırlanması” layihəsi çərçivəsində görülən işlərin yekun təqdimatı ilə bağlı dəyirmi masa keçirildi.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi tərəfindən təşkil olunan və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşı Ülvi Əhmədov, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Bayramov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Arif Mustafayev, Laçın RİH-in əməkdaşı Yaqut Cabbarlı, Xocalı RİH-in əməkdaşı Xəlil Vəliyev, politoloq, professor Rövşən Novruzoğlu, Qızıl Aypara Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Kamran Babayev iştirak etdilər.
Tədbir zamanı Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirməsi, beynəlxalq cinayətlərlə nəticələnən humanitar fəlakətin ən ağrılı problemi olan əsir, girov və itkin problemləri, eləcə də, demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlər və perpespektivdə görülməsi vacib olan məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.