Binəqədi rayonu 126 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Övladlarımı axtarıram” adlı tədbir keçirildi
24 fevral 2017-ci il tarixdə Binəqədi rayonu 126 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Övladlarımı axtarıram” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsi Qocayev faciənin səbəb və nəticələrini təhlil edərək, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev qeyd etdi ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Daha sonra Qarabağ müharibəsi veteranlarından Arif Abbaslı, Eldəniz Qasımov, Qarabağ müharibəsində həlak olmuş Milli Qəhrəman Vəzir Sədiyevin qardaşı Bəhram Sədiyev çıxış edərək erməni vandallarının Xocalıda törətdikləri qətliamın Azərbaycan xalqına qarşı soyqırım, erməni vəhşiliyinin bariz nümunəsi olduğunu qeyd etdilər. Məktəbin tarix müəllimləri Şirincan Məmmədova və Uğurlu Abbasov faciənin müxtəlif aspektləri barədə söhbət açdılar.
Şagirdlərin hazırladığı kompozisiyalar, Xocalı qurbanlarına həsr etdikləri rəsmlər, bədii qiraət ustası Ülkər Piriyevanın ifa etdiyi şeir tədbir iştirakçılarında dərin təəssürat oyatdı.
Tədbir Şəmistan Əlizamanlının ifa etdiyi “And içirik!” mahnısının sədaları altında tədbir iştirakçılarının torpaqlarımızın azadlığı uğrunda mübarizə andı ilə başa çatdı.