Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda növbəti məlumat saatı keçirildi

03 avqust 2017 | 11:00

3 avqust tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid”  mövzusunda  “Məlumat saatı” keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, ASAN Könüllülər və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc fəalları iştirak etdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov məlumat saatının proqramı haqqında məlumat verdi.
Daha sonra  Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək Bilik Fondunun fəaliyyəti haqqında geniş məlumat verdi. Natiq qeyd etdi ki, Bilik Fondu ölkə rəhbərinin apardığı uğurlu siyasəti yerlərdə təbliğ etmək və maarifləndirmə işləri aparmaq missiyasını qarşıya əsas hədəf qoymuşdur.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında  makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı  iqtisadi inkişafa keçid” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd edək ki, Rasim Nəbiyev  1950-ci il martın 1-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib. 1975-ci ildə pedaqoji fəaliyyətinə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb. Müxtəlif illərdə universitetin Böyük Elmi Şurasının üzvü və fakültə dekanı seçilib, dövlət imtahan komissiyalarında sədr olub. Digər şəhərlərə tələbə qəbulu üzrə komissiyanın məsul katibi, universitet partiya komitəsi nəzarət komissiyasının sədri kimi vəzifələrdə çalışıb. 2004-2009-cu illərdə Ali Attestasiya Komissiyasının iqtisad və hüquq elmləri üzrə Ekspert Şurasının sədri olub. 1998-ci ildən YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü və rektoru olduğu ali məktəbin ilk partiya təşkilatının sədri, 2000-ci ildən isə Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəridir. İqtisad elmləri doktorudur. 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru olub. 1990-cı illərdə bu təhsil ocağı BDU-nun nəzdində İctimai Siyasi Kollec olub. Daha sonra isə Ali İctimai-Siyasi Kollec kimi müstəqil ali məktəbə çevrilib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professorudur.
Natiq vurğuladı ki, Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Məhz bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı imzalanmışdır.Mühazirədən sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşdı.Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində bu cür müxtəlif mövzularda mühazirələr davamlı olacaqdır.

Keçidlər