MƏDƏNİYYƏT VƏ STRATEGİYA
MƏDƏNİYYƏT VƏ STRATEGİYA
Strategiya bütün amillər üçün prioritetdir. Mədəniyyətin inkişafı və yüksəlişi üçün həm də vacibdir. Çünki strategiyası müəyyən olmayan bütün sahələr kimi mədəniyyət sahəsi də erroziyaya uğrayır. Hətta? başqa sahələrdən fərqli olaraq, elə cür deformasiya verir ki, sonradan öz simasını çox gec süsləyə bilir. Bu da böyük bir mənəviyyatın dağılmasına və ya bir etnosun assimliyasiyaya uğramasına səbəb olur. Nədir strategiya?
İstiqaməti itirməmək, zamanın tələbləri qarşısında aciz qalmamaq, dünyəviliyə uyğunlaşmaq, dövrün sürəti ilə ayaqlaşa bilmək və daim yenilənmək üçün bir düsturdur. Bu düsturu hansı idrak öz arealında çevik və düzgün həll edə bilirsə, onun strategiyası onu, daim inkişafa və yüksəlişə aparır. Azərbaycan mədəniyyəti tarixin bütün səhifələrində həmişə öz strategiyasını düzgün müəyyənləşdirmişdir. Ona görə də, zəngin milli-mənəvi dəyərlər və ənənələr yaratmış, dünyaya bir çox dahi şəxsiyyətlər bəxş etmişdır. Yaratdığı ənənələrlə öz milli kolaritini, milli simasını qoruyub saxlaya bilmiş, bəxş etdiyi dahi şəxsiyyətlərlə isə, məhz mədəniyyət strategiyasının istiqamətini həmişə yüksələn xətt üzərində formalaşdırmış və bu günə qədər öz zəngin mənəvi dəyərləri ilə dünya mədəniyyət müstəvisində bərq vurmaqdadır. Müasir dövrün qaydaları və qanunları keçmiş dövrlərlə müqayisədə işıq sürəti ilə fərqlidir. Məsələn, binar nəzəriyyəsinin qanunlarına adekvat olmayan qeyri-səlis məntiq nəzəriyyəsi ilə, cəmiyyətimiz öz inkişaf miqyasına yüksəldiyi bir zamanda, artıq, hər günün və hər anın rənglər çoxluğunda çaşıb qalmamaq üçün, dinamikamızı axsatmamaq kimi bir tezliyə məhkum olunmuşuq. Ona görə də mədəniyyətimizi elə strateji məfkurə ilə qurmalı və formalaşdırmalıyıq ki, tutduğumuz xəttdə zərrə qədər də sapıntılar olmamalıdır. Bu mənada hələ sovet ittifaqının “xalqlar dostluğu” bayrağı altında müəyyən etdiyi ümumiləşmə siyasətini öz həmkarlarından daha zəki və iti ağlla dırk edən böyük Heydər Əliyev, Azərbaycan Respublikasının konstitusiyasında o dövrün tələblərinə zidd olan, lakin xalqımız üçün mühüm əhəmiyyət kəsb edən və stroteji baxımdan vacib olan dövlət dili məsələsində qətiyyətli və dönməz mövqe tutdu. Dövlət dilinin Azərbaycan dili olması hökmü ilə böyük bir ittifaqın çıxardığı hökmlə qarşı-qarşıya durdu və nəhayətdə məhz Azərbaycan xalqının dahi siyasətçisi olaraq, öz xalqını yad dilin məngənəsindən xilas etdi. Bu gün də dövlətimiz və dövlət rəhbərimiz həmin siyasi idrakla hər bir sahənin strategiyasını riyazi dəqiqliklə qurur və nəticəsi də odur ki, öz səmərəsi ilə xalqımızın işıqlı gələcəyinin konturlarını müəyyənləşdirir.
Prezidentimiz mədəniyyət sahəsinin strategiyası haqqında öz mövqeyini ayrıca tezislər formasında elə cür dolğun və məzmunlu şəkildə ortaya qoydu ki, həmin tezislərdən çıxış edərək, biz, mədəniyyət xadimləri öz fəaliyyət istiqamətlərimizi aydın şəkildə müəyyən etmək imkanına sahib olduq.
Möhtərəm Prezidentimiz yeni ilin başlanğıcında Anar Kərimovu Mədəniyyət Naziri vəzifəsinə təyin edərkən də, öz tövsiyyələrində məhz dövlətimizin rəhbəri olaraq, Dövlətin mədəniyyət siyasətində yeni strateji prioritetlərə toxundu.
Onu da qeyd etmək yerinə düşür ki, mədəniyyət xadimlərinin üzərinə düşən məsələ yalnız bu istiqamətlər konturunda öz fəaliyyətlərini formalaşdırmaq, yuxarıda qeyd etdiyim kimi, dövrün və zamanın dinamikasından kənarda qalmamaq və axsamamaq üçün hər kəs özünün sahəsində inkişaf xəttini zənginləşdirmklə kifayətlənməməlidir. Hər daim, inkişaf prosesindən geridə qalmamaq üçün ayıq-sayıq olmalıdır.
Bu strategiya arealında teatr sahəsinin də yenidən qurulmasına və tələblər çərçivəsində sürətlə inkişaf etyməyə formalaşan islahatlar aparılmasına da zərurət vardır. Dövrün tələbləri onu göstərir ki, əgər mədəniyyətin bütün sahələri, o cümlədən teatr sahəsi öz strategiyasını müəyyənləşdirə bilməsə və yaxud, köhnə qaydalar hüdudunda ilişib qalsa, dediyimiz kimi deformasiyaya uğrayacaqdır. Heç bir sahə 20-ci əsrin axırlarının və ya 21-ci əsrin əvvəllərinin sxemi ilə fəaliyyət prinsipini müəyyənləşdirməməlidir. Artıq zaman göstərir ki, zəfər, praqmatik idrak sahiblərinin əlindədir. Necə ki, ikinci Qarabağ müharibəsində Ali Baş Komandanımız bütün maneələri öz müasirliyi, dərin zəkası və iti idrakı, üstəgəl cəsur cəsarəti ilə dəf etdi, zəfər çaldı. Biz bütün məsələlərə məhz bu kontekstdən yanaşmalı, öz strategiyamızı sağlam sütunlar üzərində yerləşdirməli və bir an belə, səngiməməliyik.
İstər dil, din, mənəvi dəyərlər, ədəbiyyat, incəsənət, istərsə də mədəniyyətin bütün qolları istiqamətində dövlətimizin apardığı zərif siyasi kursun arealında elə şəkildə formalaşmalıyıq ki, digər sahələrin inkişafına xələl gətirməyək. Çünki dövlət öz startegiyasını müəyyənləşdirərkən, hər bir incə nöqtəni ümumi strategiyaya bağlayır. Axsayan tərəf ümumi strategiyanın gedişatını əngəlləməyə xidmət edir. Bu axsaqlıq olmasın deyə, tövsiyyələrdən elə yaralanmalıyıq ki, ümumi strategiyamızın inkişafına xələl gətirməyək.
İkinci Qarabağ savaşı göstərdi ki, birlik və bütövlük qarşısında hər bir qüvvə acizdir. İşğaldan azad olmuş ərazilərimizdə düşmənin mənfur mənəviyyatsızlığı nəticəsində dağıdılmış müqəddəs məkanlarımız, evlərimiz, mədəniyyət abidələrimiz, ocaqlarımız məhz milli birliyin və mənəvi zənginliyin rəhni olaraq öz simasına qaytarılacaqdır. Bu da bizim ümummilli strategiyamızın bir cəhətidir. Burda da, mədəniyyət sahəsinin ayrıca bir fəaliyyət istiqaməti öz konturları ilə görünməkdədir.
Biz o xoşbəxt xalqlardanıq ki, dövlətimiz və hökumətimiz ölkəmizin inkişafını məhz zəngin mənəviyyat, humanizm, yüksək əxlaqi dəyərlər, dərin bağlılıq, ünsiyyət və sevgi fəlsəfi meyyarları, insanlıq və qardaşlıq hissləri üzərində qurur. Bütün millətlərin nümayəndələrini bir rəmz ətrafında – İNSANLIQ hikməti hüdudunda cəmləşdirir. Multikultural dəyərləri məhz Azərbaycanın milli mədəniyyətinin ayrılmaz keyfiyyəti kimi qiymətləndirir. Mədəni irs məsələsinə eqoizm təfəkkürü ilə deyil, məhz ümumi irs anlamında dəyər verir. Bu baxımdan, heç bir fərq qoymadan, respublikamızda yaşayan bütün millətlərin ənənələrinin təbliğinə, onların mədəni irsinin qorunmasına və yaşamasına böyük diqqət ayırır. Məhz Azərbaycan mədəniyyətinin strateji istiqaməti bu cür amillərlə qurulur və zənginləşdirilir. Tarix göstərir ki, millitarizm, xalqları və millətləri daim uçuruma sürükləyir. Biz uçurumun bütün səmtlərini yüksək idrakla dərk edən millət olaraq, həm ümumdövlət strategiyamızı doğru və düzgün qururuq, həm də bu strategiya daxilində xalqları daha çox yaşatmaq imkanında olan mədəniyyət sahəsinə xüsusu diqqət yetiririk. Məhz cənab Prezidentin mədəniyyət siyasıtinin strateji prioritetləri barədə söylədiyi tezislər də dediyimizin bariz nümunəsidir.
Biz elə zəngin irsə malik, elə humanist hisslərə sahib xalqıq ki, öz dahi şəxsiyyətlərimizin zəngin irsinə daim sahib çıxmağı bacardığımız kimi, respublikamızda yaşayan digər xalqların da həm parlaq şəxsiyyətlərinin, həm də milli-mənəvi dəyərlərinin qorunmasına öz ümummilli strategiyamıza dəyər verdiyimiz kimi münasibət göstəririk. Bu ənənə bu gün daha parlaq vüsət alır.
Unutmaq lazım deyil ki, dağıdılmış maddi-mənəvi dəyərlərimizin bərpasını mədəniyyət strategiyamızın əsas prioriteti hesab etməliyik. İnkişaf etmiş ölkələrdən geridə qalmamaq şərti ilə, erməni vandallarının dağıtdığı milli irslərimizin dəyərli nümunələrini, qiymətli tarixi abidələrimizi bərpa etməli, dünya birliyinin gözləri önünə çıxarmalıyıq.
Öz mədəni irsi olmayan xalq daim oğurluq, qəsb və qarət kimi mənəviyyarsızlığa əl atır. Özünün heç bir irsi olmadığı üçün, qısqanclıq hisslərinə boğulur və başqa millətlərin sərvətlərinə əl uzadır. Ancaq özünün olmadığı üçün onu da yetərincə özününküləşdirə bilmir. Əksinə, hər addımında öz xalqını daha dərin bataqlığa sürükləyir. Çünki hər bir milli mənəvi dəyərin dərin kökləri, onun, hansı millətə xas olduğunu özü aydın şəkildə, bütün parlaqlığı ilə ifadə edir. Dünyada, özünü bütün zamanlarda ifşa etmiş, torpaqlarımızı xarabazara çevirən erməni vandalizmi məhz özünü hər daim bataqlığa batıran ünsür kimi gülünc halına salmaqdadır. Məhz belə millətlərin heç bir strategiyası səmərə vermir. Yalan, böhtan, irqçilik, mənəviyyatsızlıq və uydurma xəyallar onları hər zaman uçuruma yuvarlayır. Bizim bütün meyyarlarımız saf və parlaqdır. Ona görə də biz öz sahələrimizin strategiyasını müəyyənləşdirərkən heç bir qüsura yol verə bilmərik buna bizim nə haqqımız çatır, nə də milli varlığımız yol verir.
Biz öz mədəniyyət sferamıza rəmzi nişanımız kimi baxmalıyıq. Çünki, Ulu Öndərimizin də dediyi ki, hər bir xalqı yaşadan onun mədəniyyətidir. Ona görə biz də çalışmalıyıq ki, mədəniyyətimizi layiqincə qoruyaq, yaşadaq və inkişaf etdirək.
Möhtərəm Prezidentimizin də dediyi kimi,”Zəngin Azərbaycan mədəniyyəti xalqın vizit kartıdır”.
Biz bu vizit kartımızın dəyərini bilməli, onu göz bəbəyimiz kimi qorumalı və inkişaf etdirməliyik. Mədəniyyət strotegiyamız məhz belə dolğun və məzmunlu məfkurə ilə öz istiqamətini müəyyənləşdirməlidir!
Əməkdar mədəniyyət işçisi,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Prezident mükafatçısı
İftixar Piriyev
Keçid üçün:
https://azxeber.com/az/medeniyyet-ve-strategiya/medeniyyet/