Şriftin ölçüsü :

Saytın rəngi :

“Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbir

23 aprel 2021 | 11:00

23 aprel 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən və “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbir keçirilmişdir. 

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Təhminə Bədəlova, yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev, Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının Komplektləşdirilməsi şöbəsinin müdiri Fəridə Hüseynova, Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Rəna Bilyandarlı və filialların müdirləri, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, Azərbaycan dili və ədəbiyyat müəllimləri, şagirdlər və  mədəniyyət müəssisələrinin  və ictimai birliklərin rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında böyük hikmət sahibi Nizami Gəncəvinin şeirlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verdiyini, şəxsiyyəti hər hansı bir rütbə deyil, yalnız elm, bilik, tərbiyə ucalda biləcəyini xüsusilə vurğulamışdır.  Natiq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə keçiriləcək tədbirlərdən, həmçinin  “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün əhəmiyyətindən və tədbirin mahiyyətindən bəhs etdi.

Daha sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişunaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açaraq dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd edərək şairin əsərlərinin geniş təhlili ilə auditoriyanı tanış etdi.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz çıxışında, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsinin də dərin mənasından bəhs edərək əlavə etdi ki, “Dünyaya mesajdır ki, Azərbaycanın 880 illiyini qeyd etdiyi dahi, mütəfəkkir şairi var. Azərbaycan ərazisində yaşayıb, Gəncədə doğulub, ömrünü Gəncədə keçirib. Fars dilində yazmasına baxmayaraq bütün əsərlərində dünya alimlərinin də söylədiyi kimi, türk ruhu başdan-başa hiss olunur. Hesab edirəm ki, bu cür tədbirlər Nizaminin Azərbaycan şairi olmasında tərəddüd edənlərin şübhələrinə son qoyur.”

Növbəti çıxışçı Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev  Heydər Əliyevin milli dövlətçiliyin formalaşmasına və inkişafına yönələn fəaliyyətinə toxundu. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün böyük əhəmiyyətini qeyd edən Natiq İsayev  kitabların insan həyatındakı zəruriliyini vurğuladı. O, ermənilərin Azərbaycan mədəni irsinə qarşı iddiaları və tarixin saxtalaşdırılmasına yönələn fəaliyyətləri haqqında da fikirlərini bildirdi.

Daha sonra, Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının Komplektləşdirilməsi şöbəsinin müdiri Fəridə Hüseynova çıxışında kitabxanaların milli mədəni sərvətlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin yetişməsində böyük rol oynadığından bəhs etdi.

Tədbirdə, həmçinin, Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin internet resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva Nizami Gəncəvi yaradıcılığında kitaba məhəbbət və mütaliənin rolundan danışaraq, dahi şairin “Gözüm aydın, gözümə surəti canan görünür” adlı qəzəlini ifa etdi.

Sonda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov kitabın əhəmiyyətindən söz açaraq qeyd etdi ki, "Çap edilmiş sözün tarixi - insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Şəxsi təəssuratları əks etdirərək və eyni zamanda, dərin sosial təzahür forması olaraq, kitablar insanlar arasında, cəmiyyətlər daxilində, dövrlərin dialoqunun formalarının müxtəlifliyini təmin edir”

Tədbir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimləri və məktəb şagirdlərini maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılmaqla diskusiya formatında davam etdi.

 

Keçidlər