Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.
Vətən sevgisi izahedilməzdir. Onu analıq instiktinə bənzədirlər. Anaların ürəyi vətənin hər bir övladına doğma balası kimi sevgi bəsləyəcək qədər böyükdür. Söhbət İkinci Qarabağ müharibəsinin qadın şəhidi Arəstə Baxışovadan gedir. Bu gün Arəstə Baxışovanın dünyaya göz açdığı gündür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Baxışovlar ailəsində 3 uşaq olub -2 qardaş və 1 bacı. Onun atası -baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. Atası Çernobıl hadisəsi zamanı xilasetmə əməliyyatlarında əlil olub. Arəstə Baxışovanın dörd yaşı olanda atası vəfat edib. Hərbiçi olmaq istəyən Arəstə tez-tez atasının hərbi paltarını geyinərmiş. Lap uşaqlıqdan hərbiyə böyük həvəsi olan Arəstə Azərbaycan Dövlət Pedaqoji kollecinin ingilis dili fakültəsini bitirmişdir. Arəstə Baxışova Silahlı Qüvvələrin baş klinik hospitalında tibbi statist vəzifəsində çalışıb. Sonradan tibbi kurs keçib Beyləqandakı hərbi hissədə kiçik çavuş olaraq işə başlayıb. Vətən müharibəsi başlayanda iki azyaşlı övladını anasına etibar edərək cəbhə bölgəsinə yollanır. Yaralı əsgərlərimizin həyatını xilas edir. Onun üçün Vətən hər şeydən uca və doğma idi.
Şəhidin anası Məktubə xanım deyir ki: Arəstə özünü dərk edəndən hərbiçi olacağını deyib. Evin tək qız övladı olmasına baxmayaraq ərköyün olmayıb. Ailəsinin həm dayağı olub həm də sözün əsl mənasında dostu. Atasının sevimli qızı, anasının dostu, qardaşlarının sevimlisi olub . Məni yandıran xatirə yadımda qalıb ki, qızımın köynəyini götürəndə cibindən uşaqlarının dərs cədvəli, hazırlıq cədvəli çıxdı. Mərdan saat neçədə müəllimin yanına gedəcək saat neçədə müəllimin yanından çıxacaq . O mənim yadımnan heç vaxt çıxmaz. İşdə olarkən də Mərdanın, Zəhranın şəkli üstündə olub. Mənim də şəklim üstündə olub.”
Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib. Dedi ki, “Ana, mən döyüşə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Hərənin bir qisməti var. Əgər mən gedib, Vətən uğrunda şəhid olacağamsa, o mənim başımın ucalığıdır.” O ölümdən qorxan qız deyildi.
Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır: “Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim, cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax”.
Arəstə xanımın 10 yaşlı qızı Zəhra isə anası ilə qürur duyduğunu deyib: “Anam mənlə həmişə fəxr edirdi, mən də indi anamla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu”.
“Oğlum Mərdanın 11 yaşı var . O da ordumuzla qürur duyur. O da hərbiçi olmaq niyyətindədir.Varlığımla inanıram ki, nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəklər.” Bu Arəstə xanımın şəhidlik zirvəsinə ucalmamışdan bir ay öncəki mətbuatdakı çıxışlarındandır. Anasının hərbi papağını qürurla daşıyan Mərdan hərbiçi olmaq istəyir. Arəstənin, Mübarizin , Poladın, Şükürun və bu gün adlarını böyük hörmət və qürurla çəkdiyimiz ruhları qarşısında baş əydiyimiz Şəhidlərimizin bizə əmanət etdiyi torpağın hər qarışını göz bəbəyi kimi qorumaq istəyir .
Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günə qədər Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar. Xanım şəhidimiz Füzuli, Cəbrayıl, Qubadlı uğrunda olan döyüşlərdə tibb bacısı kimi öndə olub, yaralı hərbiçilərimizin həyatını xilas edib. Vətən müharibəsində döyüş yoldaşları ilə çiyin-çiyinə vuruşan, 44 günlük zəfərin yeganə xanım şəhidi Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı növbəti dəfə yaralı əsgərlərimizi atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından qəhrəmancasına şəhid olub. Şəhidlik onun da alın yazısıymış ki, vətən uğrunda canından keçib bu zirvəyə yüksəldi. Cəmi 31 il yaşayan xanım şəhidimiz özünnən sonra şərəfli bir ad qoyub getdi. Arəstə xanım hərbidə göstərdiyi qüsursuz xidmətinə görə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra ‘Vətən uğrunda’ medalı ilə təltif edilib. Xanım şəhidimiz Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə böyük xalq izdihamı ilə dəfn edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra hakimiyyəti başçısının Qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digər əməkdaşlar şəhidimiz Baxışova Arəstə Kərim qızının doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.
Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!