Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Ağayev Rəşad Rövşən oğlunun doğum günüdür.

02 iyul 2021 | 11:00

Şəhidlik - insanın Vətənə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Vətən, şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir!  Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Rəşad Ağayev idi.

Bu gün onun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Rəşad Rövşən oğlu Ağayev 02 iyul 2000-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Uşaqlıq illərində şirin, dəcəl və hamının sevimlisi idi. 2006-ci ildə 283 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Hərbiyə marağı elə həmin dövrlərdən başlamışdır. Bundan başqa, onun rəsmə, musiqiyə, şahmata və komputer oyunlarına marağı var idi. 2016-cı ildə orta məktəbi bitirmiş, 7 saylı Bakı Peşə Liseyinə, 2018-ci ildə isə “STEP” Akademiyasının “Programist-dizayner” ixtisasına qəbul olmuş, 2019-cu ildə həmin Akademiyanı bitirmişdir. Daha sonra, 04 iyul 2019-cu ildə Mingəçevir şəhərinin “N” saylı hərbi hissəsinin XTQ-nin kəşfiyyat bölümündə hərbi xidmətə yollanmışdır. Rəşad döyüşlərdə hər zaman ön sıralarda getməyi özünə şərəf bilmişdir. Həmişə düşməni əzmək əzmi ilə yaşamış və buna nail olmuşdur. O, 2020-ci il iyul döyüşlərində də iştirak etmişdir. Tapqaraqoyunluda, Talış yüksəkliyində, Təkər postu və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə və Suqovuşana ilk Azərbaycan bayrağının sancılmasında fəal iştirak etmişdir. Gərgin gedən döyüşlərin birində yaralanmasına baxmayaraq, yenidən döyüşlərə qoşulmuş və ön cəbhədə vuruşmuşdur. Sonuncu dəfə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuş və Şəhidlik Zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rəşad Ağayev "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.                                           

Atasının xatirələrindən: “Rəşad ümumiyyətlə uşaqlıqda nadinc uşaq idi. Amma bu nadinclik onun şirinliyini göstərirdi, nə qədər nadincliyi, çılğınlığı olsa da, şirin və sevimlimiz idi. Eynilə də sözümüzdən çıxmayan, kimləsə zarafat etsə də, həmin adamın xətrinə dəyməzdi. Rəşad məktəbdə oxuyan vaxtlarında da dəcəl olub, amma müəllimləri onu çox istəyirdi. Hələ uşaqlıqdan hərbiyə marağı var idi. Amma bu qədər olacağını bilmirdik. 9-cu sinfi bitirdikdən sonra öz istəyi ilə 7 Nömrəli Peşə liseyinə komputer mühəndisliyinə daxil oldu. 2019-cu il iyul ayında həqiqi hərbi xidmətə çağırıldı, sonra müharibə başladı sentyabr ayında. Sentyabrın 30-da zəng etmişdi, dedi ki, qolumdan yaralanmışam. Suqovuşan tərəfdə hospitaldayam, səhər çıxacağam. Axırıncı dəfə onunla görüşümüz belə oldu ki, oktyabrın 11-də zəng elədi, dedi ki, ata sabah dağa qalxacağıq, komandir bir neçə saatlıq valideynlə görüşə icazə verib, ananı da götür, gəl. Yəni ola bilər ki, bir də görüşə bilmədik, möhkəm döyüş olacaq. Dedim, bala, belə demə, dedi, ata bu müharibə o müharibələrdən deyil. Həmin vaxt onlar Naftalanda Qaşaltıda idilər. Sonuncu dəfə isə əmisi ilə telefon danışığı olub, onda da heç 5 dəqiqə olmayıb, “əmi məni çağırırlar” deyib, gedib. Rəşad belə övlad idi. Bir də görürdün, bir çiynində bizim bayrağımız, digər çiynində Türkiyənin bayrağı girirdi içəri, deyirdim, bu bayraqları neynirsən bu qədər? Deyirdi, ata sən neynirsən? Öz işimdir. Öz istəyi, həvəsi olan hər bir işə həvəslə çalışardı, istəkləri çox idi, görəcəyi işlər var idi.”

Anasının xatirələrindən: “Rəşad həm dəcəl, nadinc idi, amma ki, sevilən idi. Müəllimlər onun dərslərini oxumamasından gileylənsələr də, onun xətrini çox istəyirdilər və bu münasibət qarşılıqlı idi. Valideyn iclaslarına gedərkən müəllimləri onun yalnız dərslərindən geri qaldığını və bəzən nadincliklərindən söz açardılar. Hələ məktəbdə oxuduğu zamanlarda belə bir hadisə baş vermişdi: Rəşad sinif yoldaşları ilə birlikdə dərsdən qaçıb məktəbin həyətindəki alça ağacına dırmaşıblar. Sinif yoldaşları görüb ki, müəllim ağaca tərəfə gəlir, hamısı birbaşa pəncərədən daxil olublar məktəbə, sonuncu girən uşaq necə olubsa, pəncərəyə əli dəyib bağlanıb (Ana gülür) Rəşad qalıb bayırda. -bu hadisəni mənə onun müəllimləri danışıb onun 3 mərasimində. Xidmətdə olarkən zəng edərdi, soruşardı ki, ana yenə işləyirsən? Sən işləmə, mən xidmətdən qayıdım, işləyəcəm özüm. Hər şey yaxşı olacaq. Bacılarına həmişə dəstək olardı. Bacılarının təhsilli olmasını istəyirdi. Hətta bunun üçün də çalışırdı. Müharibə başlayandan bizə zəng edirdi, sanki bizdən doymurdu, sağollaşırdı, 5-6 dəqiqə keçməmiş yenidən zəng edirdi. Deyirdim, balam indi danışdıq ki səninlə. Məni də o qədər arxayın etmişdi ki, heç bilməzdim, gedib şəhid olub qayıdar. Sonuncu dəfə onunla oktyabrın 12-də Qaşaltıda görüşdük. Soruşdum ki, Rəşad nə isə olub, yəni ki, onun baxışı iti-iti baxırdı, çox başqa cür baxışı var idi. Yenə də soruşdum, Rəşad nə isə olub, belə baxırsan? Dedi, “mama heçnə.” Təxminən 1 saat olduq yanında, qulluq etdim ona. 1 günlük icazə vermişdilər, nə yaxşı ki, getdim, gördüm, getməsəydim, heç özümü bağışlamazdım. Səbirsizliklə yolunu gözləyirik indi də. Bəzən uşaqlara deyirəm ki, evdə təsəvvür edin xidmətdədir, xidmətini başa vurub geri qayıdacaq. Amma vaxt gəlib çatıb, o isə yoxdur. Özümə belə təsəlli verirəm. Mən onunla fəxr edirəm. Çünki mən elə bir oğul böyütdüm ki, Vətənə, torpağa, bayrağa çox bağlı bir uşaq idi. O, özünə ad qazandı, getdi.”
                          
Təhsil aldığı orta məktəbin direktor müavini Sevinc müəllimin xatirələri:- “Bu ilin (2021) 17 fevralında Rəşad Ağayevin adına onun oxuduğu məktəbdə sinif açılıb. Hal-hazırda onun adına verdiyimiz sinifdə onun kiçik bacısı Tamella Ağazadə də təhsil alır. Rəşad 9-cu sinfə qədər o məktəbdə təhsil alıb. Dərslərində o qədər uğuru olmasa da, amma tədbirlərdə ictimai fəallığı yüksək idi. Həvəskar olaraq gitara ifa edirdi. Tez-tez dərsdən qaçardı, dərslərdə oturmağı xoşlamazdı, nə vaxt baxırdım dəhlizdədir. Ruhu şad olsun əziz Şəhidimizin.”

7 Nömrəli Peşə-liseyin Müəllimi Gülnaz müəllimin xatirələri: “Rəşad Ağayev qrupun ən yaxşı tələbələrindən biri idi. O, çox vətənpərvər tələbə idi, böyük-kiçik yeri bilən idi. Seçdiyi ixtisası çox gözəl mənimsəmişdir. Tədbirlərdə  həmişə üç  rəngli bayrağımız əlində sevinclə zala daxil olardı. Çox heyif  ki, elə tələbə, elə bala aramızdan vaxtsız getdi. Allah ona rəhmət eləsin. Ata-anasına səbr versin. “

Sinif yoldaşı Musayev Rəhman Natiq oğlu: “İlk öncə deyim ki, Rəşadla 2006-cı ildə 1-ci sinifdə bir yerdə oxumuşuq, sinif yoldaşı olmuşuq. Xatirələr çoxdur əslində. Əsgərlikdə kəşfiyyata düşdüyünü öyrəndim. Məzuniyyətə gələndə isə əsgərlik xatirələrindən danışardı. Deyirdi ki, erməni təxribata əl atanda biz orda oluruq. Onun danışdıqlarından anladım ki, çox təhlükəli bir sahəni seçib. Amma Vətən sevgisi olan insan üçün bu heç nədir. Təhlükə önəmsizdir. Bir də gitara ifa etməyi çox sevirdi. Çox mərd oğlan idi. Mərdliyi üzündən yağırdı. Bayraq sevdalısı idi. Bir də idmanla məşğul olurdu. Son görüşdə gördüm ki, həqiqətən canavar kimi oğlan olmuşdu. Dimdik yeriyirdi. Elə dik də, başı uca məzara getdi. Biz fəxr edirik onunla. Yaxşı ki, tanımışıq, yaxşı ki, sinif yoldaşı olmuşuq. O bizim qəlbimizdə daim yaşayacaqdır.”
                     
Döyüş yoldaşı qazi kəşfiyyatçı Mirağa Səlimovun xatirələri: “Rəşadla demək olar ki, döyüş yolumuz bir olub. Döyüş zamanı mən yaralandım. Yaralanan zaman gözümü açanda gördüm ki, elə birinci adam yanımda Rəşad Ağayevdir. Dedi ki, qardaşım qorxma, qoymayacağam səni ölməyə. Təxminən 4-5 saat sonra bizi çıxartdılar ordan. Elə alındı ki, Rəşad Ağayev mənə yardım edəndən sonra Cəfərzadə İsrailin yanına qaçdı, onu da vurmuşdular snayperlə, elə onu xilas edərkən Rəşadı da snayperlə vurdular. İki dost bir yerdə şəhid oldular. Rəşad həm yaxşı insan, həm də yaxşı döyüşçü idi. Ruhu şad olsun əziz qardaşımızın.”

Döyüş yoldaşı Kazımlı Mərhəmət Orucəli oğlunun xatirələri: “Rəşad Ağayevlə tanışlığımız oktyabrın 3-də olub- Talış kəndində. Əslində bütün döyüş yoldaşlarımızdan danışsam, bitməz, amma Rəşad həmişə gülərüz olub. O uşağın üzündən təbəssüm əskik olmayıb. Çox böyük-kiçik yeri bilən olub. Onun əsgər yoldaşı şəhid olmuşdu. O əsgər yoldaşını hər xatırlayanda çox pis olurdu. O dostlardan İsrail Cəfərzadə, bir də  Rəşad Ağayev qalmışdı. Qismət elə oldu ki, bu iki dost bir yerdə şəhid oldular. Rəşad Ağayev bizim sanitar-təlimatçımız idi, demək olar ki bizim canımız idi. Adicə bir hərarətimiz olarsa, Rəşad  özünü yetirərdi bizə. Həm də o güllə, mərmi yağışının altında kiməsə yardım etmək çox çətin idi. Həm döyüşürdü, həm də ilk tibbi yardım göstərirdi yaralı yoldaşlara. 14 Oktyabr unudulan gün deyil. Həmin gün 5 yaxın döyüşçü yoldaşı itirdim: Rəşad Ağayev, Kamal Mirzəliyev, Pünhan Abbasov, Şaiq Kəbliyev, İsrail Cəfərzadə. Rəşad demək olar ki, Cəfərzadəylə nəfəs alırdı. Çünki o 5 dostundan bir Cəfərzadə qalmışdı. Ağdərə-Suqovuşan istiqamətində 930.9 yüksəkliyində Cəfərzadə snayperlə vurulan vaxt Rəşad hardan-hara qaçaraq gəldi, ona ilk yardımı etdi. Artıq xeyri yox idi çünki, başından vurulmuşdu Cəfərzadə. Rəşad qışqıranda ki, “qoymayacağam qardaşım, səni ölməyə” başını qaldıran zaman Rəşadı da snayper baş  nayihəsindən vurdu. İki dost ikisi də orada Şəhidlik zirvəsinə yüksəldilər. Allah bütün şəhidlərə rəhmət etsin, ruhları şad olsun. “

Döyüş yoldaşı Səfərov Zəfər Etibar oğlunun xatirələri: “Müharibə başlamışdı, 5 oktyabrda getdim müharibəyə, ayın 7-dən isə döyüşlərə qoşuldum. Ora gedərkən Rəşadı tanıdım, orda Ağdərə-Tərtər istiqamətində. Rəşadla  ayın 7-dən 16-na kimi tanışlığımız olub orada. Gülərüz, mehriban, şən, tərbiyəli, qanacağlı, çox intizamli bir əsgər idi. Döyüşdə də öz döyüş yoldaşına kömək edən zaman Şəhid oldu. Həmin gün biz 4 şəhid verdik ve çox acı yaşadıq orada. Allah hər birinə rəhmət etsin, ruhları şad olsun.”

Sinif yoldaşı Kamalov Kamal Məmmədnəbinin xatirələri: “Rəşadla mən 1-ci sinifdən bir yerdə oxumuşuq, bir yerdə böyümüşük. Biz onunla çox yaxın idik. Hətta qan qardaşı belə olmuşduq. Bunu indiyə qədər heç kəs bilmirdi. Demək olar ki, bir yerdə böyümüşük, bir-birimizə dayaq olmuşuq. Onun şəhid xəbərini eşidəndə mən çox pis oldum, hələ də inana bilmirəm. Əsgərliyə gedəndə də, məzuniyyətə gələndə də görüşmüşdüm onunla, demişdi ki, qardaşım haqqını halal et, sağ-salamat qayıtsam yanında olacağam. Hadisədən sonra tez-tez yuxularıma girir. Sanki real həyatdakı kimi söhbətləşirdik. Tez-tez gedib ziyarət edirəm qardaşımı. Xatırlayıram ki, Rəşad rəsm çəkməyə, bir də komputerə həvəsi var idi. Rəsmlərində şəhidlərimizə, torpağımıza aid mövzular daha çox olurdu. Sinifdə ən yaxşı, ən gözəl çəkən o idi. Adam xatırlayanda çox pis olur. Amma nə edək, qardaşım şəhidliyə tələsirmiş. Ruhun şad olsun, əziz qardaşım!

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin  fəal gəncləri şəhidimiz Rəşad Rövşən oğlu Ağayevin doğum günü münasibətilə məzarını ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər