Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Zeynalov Tural Ruslan oğlunun doğum günüdür.
Bütün şəhidlərin taleyi bir-birinə bənzəyir - yarımçıq, nakam... Bu bənzər ömürləri bir-birinə daha sıx birləşdirən bir özəllik var - QƏHRƏMANLIQ, Vətən uğrunda gözünü qırpmadan canını fəda etmək. 44 günlük Vətən müharibəsi Azərbaycan oğullarının səbrinin və qeyrətin sınağa çəkildiyi bir savaşdır.
Düşmənə nifrətdən, Vətənə, yurda tükənməz sevgidən, tarixi ərazilərimizi qorumaq hissindən yoğrulan bu qeyrət oğullarımızı Vətən savaşında ön cəbhədə birləşdirdi. Bu qəhrəman oğullarımızdan biri də şəhid kapitan Tural Ruslan oğlu Zeynalovdur.
Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Zeynalov Tural Ruslan oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə V. Əvəzov adına 300 saylı tam orta məktəbdə ilk orta təhsilini almışdı. 2002-ci ildə 9 illik təhsilini bitirərək, həmin ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuş və 2010-cu ildə leytenant rütbəsi alaraq təhsilini bitirmişdi. Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində fəaliyyətə başlamış və 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdi.
Azərbaycan Ordusunun kapitanı olan Tural Zeynalov Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olmuş və II Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Tural Zeynalov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Anası Nabat Zeynalova: “Tural ayrı cür uşaq idi, çox sakit, tərbiyəli uşaq idi. Balam mənim fəxrim idi. Məktəbdə əlaçı idi. Mən hərbiçi olmasını istəmirdim. Atası da, özü də hərbiçi olmasını istəyirdi. Hərbiyə o qədər marağı vardı ki, çoxlu hərb şəkilləri çəkərdi, döyüşə aid çizgi filmlərinə baxardı. Müharibədə olan zaman telefonla zəng edirdi, heç nə yazmırdı, demirdi. Sadəcə bir söz deyirdi ki, “ana, necəsiniz? Özünə yaxşı bax.” Sadəcə bir kəlmə deyirdi. Polad Həşimovun şəhid xəbəri onu sarsıtmışdı. Hər gün ondan danışırdı. O qədər ona bağlı idi ki. Komandiri deyirdi ki, Tural koordinatları elə verirdi ki, hamıdan qabaqda gedirdi. Elə bil, balam şəhidlik zirvəsinə tələsirmiş. Hamıya şəhid olacağını deyirmiş. Telefonunu əsgərə vermişdi ki, apar bunu enerji yığsın. Sonra deyib ki, götür, bu telefon daha mənə lazım olmayacaq. Onsuz da şəhid olacağam. Tural şəhid olan gün özümü narahat hiss edirdim. Qonşumdan biri gəlib soruşdu ki: “ Nabat, sənə nə olub”? Dedim,: “ Çox narahatam, Turala nəsə olub. Mənə ürək-dirək verirdi”. Amma mən yenə də rahat ola bilmirdim. Qonşular məni sakitləşdirə bilmirdilər. Bütün günü ağlayırdım. Həmin gün axşam qaynım oğlu gəldi, Raufu soruşdu. Artıq mən bildim ki, balama nəsə olub. Deyirlər, şəhid olanda üzündə təbəssüm varmış, hətta komandirlərdən biri deyib ki, deyəsən, sağdır. Lakin o gülə-gülə şəhid olub. Komandir mənə dedi ki, “Bibi, siz fəxr edin ki, o cür Vətənini, torpağını sevən bir oğlunuz olub”. Əsgərlərə çox qayğı göstərirmiş. Şəhid olanda da gülə-gülə olub. Fəxr edirəm ki, mənim oğlum haqqında belə danışırlar.”
Atası Ruslan Zeynalov: “Müharibə olursa, itki, şəhid mütləq olmalıdır. Tural hərbiyə gedəndə yoldaşıma dedim ki, daha o uşaq bizim deyil, dövlətindir. O dövlətə qulluq edib, torpaqları qoruyacaq. Çox sirli uşaq idi, heç vaxt gəlib sirrini danışmazdı. Sakitcə gəlib oturar, yeməyini yeyər, televizora baxar, telefonu ilə məşğul olardı. Amma öz işini bilən adam idi. Daşkəsəndə Polad Həşimovun dəstəsində idi. Həttə bir yerdə də qalırdılar. Birinci mərtəbədə onlar, ikinci mərtəbədə bunlar. Polad Həşimovun yetirməsidi. 2016-ci il aprel döyüşlərində birlikdə döyüşüblər. Mənim heç xəbərim də yox idi. Şəhid olandan sonra xəbər tutmuşam. Bir də gördüm, sentyabrın 27-də gedir. Dedim: “bala hara gedirsən?” -dedi ki, “müharibə başlayır, ata.” Dedim, “sağ-salamat get, nə vaxt qayıdacaqsan?” Dedi ki, “şəhid olmasam, qayıdacağam.” Bir neçə dəfə zəng edib dedim ki,” mənə zəng eləmə, zəng edirsənsə, ananla danış, qoy ananın ürəyi toxtaq olsun, bilsin ki, sağ-salamatsan”. Ondan sonra elə anasıyla danışırdı. Müharibədir, nə etmək olardı? Qardaşına sms göndərirdi ki, ermənilərin canını belə aldıq. Qorxularından qaçırdılar. Bunları sevinə-sevinə yazmışdı. Həm də deyirdi ki, Polad Həşimovun qisasını onlardan çıxdım. Oktyabrın 10-u səhər-səhər saat 9-un yarısı işdəydim, gəlinim zəng etdi ki, Ruslan əmi, Tural şəhid olub. İcazə alıb gəldim evə. Səhərisi gün gətirdilər.”
Bacısı Solmaz Zeynallı: “Mən həmişə qardaşımla fəxr edirdim ki, o hərbiçidir, öz Vətəninə qulluq edir. Mən düşünürdüm ki, ona heç nə olmaz. Qardaşıma deyirdim ki, ona nəsə olar? O da deyirdi ki, müharibədir, döyüşdür, hər şey ola bilər. Ağlıma da gəlməzdi ki, onun şəhid xəbəri gələr. Qardaşımla münasibətim tamam başqa cür idi. Qardaş-bacı münasibəti kimi deyildi, hər ikimiz utancaq idik. O elə insan idi ki, adicə onu qucaqlayıb, öpəndə belə utanardım. Tural Daşkəsəndə xidmət keçəndə mən hər yeni ili, onunla, ailəsi ilə keçirirdim. Mən karate üzrə peşəkar idmançıyam. Yarışlara qoşulan zaman hər zaman mənim dəstəkçim olub. Həmişə məndən birincilik gözləyirdi. Əsgərlərdən biri gəlmişdi. Bizə onun haqqında elə şeylər danışırdı ki. “Bir gün cəbhədə idik, döyüş gedirdi. Gecə elə oldu ki, yağış yağırdı, əsgərlərin yatdığı çadırların birində oturmuşdu, yuxu tutmamışdı, oyaq qalamışdı. Hərbiçi dostunun biri ilə söhbət edirdi. Deyirdi ki, hansısa qüvvə mənə deyir ki, şəhid olmayacaqsan”. Bu dəfələrcə təkrarlanırmış.!”
Həyat yoldaşı Kamilə Zeynalova: “Turalla 2011-ci ildə ailə həyatı qurmuşuq. Onun hərbiyə olan marağını bu 9 ildə görmüşəm ki, ailəsinə necə bağlı olubsa, Vətənə də elə bağlı insan olub. Döyüşə həmişə hazır idi, deyirdi, aparacaqlar, sevərək döyüşəcəyik. Torpaqları geri qaytaracağıq. 27 sentyabr səhər özüm onu yola saldım. Getməmişdən qabaq uşaqlar yatırdı, gedib onları öpdü, məni qucaqlayıb dedi ki, “uşaqlar sənə əmanətdir. Bilirəm ki, həmişəki kimi sən onların üstündə möhkəm dayanacaqsan”. Mən də onu Allaha əmanət edib göndərdim. Döyüş yoldaşları onun necə döyüşməyindən, cəsarətindən, mərdliyindən, müharibədə olan şücaətindən danışırdı. Qorxmadan, çəkinmədən özünü irəli atırdı. Hamı Zeynalov Turaldan danışırdı. Düzdür, 2 uşaqla qalmaq çətindir, amma bir o qədər qürurvericidir ki, şərəfli bir zirvəyə ucaldı. Hər kəsə belə şərəfli ölüm qismət olmur.”
Oğlu Rza Zeynallı: “Atam işdən gələndə mənim dərslərimlə məşğul olur, hərbi hissədə mənə ancaq tankları, minaları göstərirdi. Onunla həmişə fəxr edəcəyəm. O, Vətən yolunda zirvəyə ucaldı. “
Oğlu Ruslan Zeynallı: “Gözüm dolur, yerin dolmur, ata. Bu dünyaya yolun düşsə, bir də gəl, ata.”
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri Bələdiyyəsinin sədri Etibar Cabbarov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və fəal gənclər şəhidimiz Tural Zeynalovun doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!