Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Paşayev Samir Adışirin oğlunun doğum günüdür.
Zaman-zaman igidlərimizi itirdik. Vətən savaşında, minlərlə şəhid verdik. XX əsrin sonlarından bu günədək işğalçı Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi davam etmişdir. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın Qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Adını qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan biri də Samir Paşayevdir.
Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Paşayev Samir Adışirin oğlu 1999-cu il oktyabrın 7-də Bakı şəhərində anadan olmuşdur. Samir 4 yaşında yazıb oxuyurdu, 2005-ci ildə 100 saylı orta məktəbdə 1-ci sinifə 6 yaşı bitməmiş getmişdi. Yaşca sinifdə hamıdan balaca olsa da, fərqlənirdi və 11 il sinif nümayəndəsi olmuşdu. Orta məktəbi xüsusi, nümunəli şəhadətnamə və fərqlənmə atestatla bitirmiş və 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Üniversitetinin İnformasiya Texnologiyaları və İdarəetmə ( İTF) fakültəsinin Kompyüter Elmləri Mühəndisi ixtisasına 600 balla qəbul olmuşdu. Samir təhsilini xarici dildə almış və bu dilə mükəmməl yiyələnmişdi. 2020-ci ilin yayında universiteti bitirib, iyul ayının 23-də hərbi xidmətə yola düşmüşdü. Goranboy rayonu “N” saylı hərbi hissədə qulluq etmiş, sonra Mingəçevirdəki “N” saylı hərbi hissədə qulluq etmişdir.
Müharibə başlayan kimi Tərtər istiqamətində, Talış yüksəkliyinin alınmasında iştirak etmiş, Suqovuşan-Ağdərə istiqamətində döyüşmüşdü. Suqovuşanda üzündən qəlpə yarası alsa da, 7-8 saat döyüşmüşdür. Sonra bir neçə yaralı ilə geriyə, məntəqəyə gətirilərkən yolda avtomaşın düşmən tərəfindən vurulmuş və Samir yenidən yaralanmışdır. Maşın dərəyə düşmüş, Samirgil 3-4 saat mühasirədə qalmışlar. Həmin döyüşdə baş gizir də Samirin yanında mühasirədə olub. Onun dediyinə görə, Samir yaralı olsa da, bir neçə düşməni məhv edib. Əgər kömək gəlməsəydi, əsir düşəcəklərmiş. Kömək gəlib onları məntəqəyə apararkən Samir çoxlu qan itirdiyinə görə yolda sentyabrın 29-da şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Samir Paşayev ölümündən sonra ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Samirin qardaşı Asiman Paşayev də onunla birgə döyüş əməliyyatlarında olmuşdur. Qardaşı Paşayev Asiman Adışirin oğlu 1998-ci il sentyabrın 2-də anadan olub. Asiman da Samirlə eyni məktəbdə, eyni sinifdə oxuyub. Hər ikisi eyni universiteti bitiriblər. Eyni vaxtda hərbi xidmətə və birlikdə müharibədə döyüşüblər. Samir qardaşının gözü önündə yaralamıb. Qardaşının yaralı olmasına baxmayaraq, Asiman qabağa gedib və döyüşlərdə iştirak edib. Geri qayıdanda isə qardaşının cansız bədənini görüb. Hətta yağış yağırmış, qardaşının üstünü örtüb, səhərə qədər yanında qalıb. Bunları yaşadığına görə Asiman da ağır travma alıb. Asiman göstərdiyi şücaətə görə “Suqovuşanın alınmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Anası Paşayeva Gültəkin Balabəy qızının xatirələrdən: “Samir həyatda elə iz qoyub gedib ki, sözlə demək mümkün deyil. Samir çox qeyrətli, anasının, Vətəninin, ailəsinin, xalqının, bir sözlə, hər şeyin qədrini bilən oğul idi. İmtahanlarının axırıncı günlərinə hazırlaşan zaman Polad Həşimovun şəhid olduğu gün idi. Gecə saat 2 olardı, hamı küçələrə tökülüşürdü. O vaxt da SMS vaxtı idi. O da belə şeyləri görüb getmək istədiyini bildirirdi, dayana bilmirdi. Mən icazə vermək istəmirdim, həm də qorxurdum. Bir də gördüm ki, SMS icazə alıb gedir. Deyirdi ki, bu dəqiqə müharibə başlasa, mən də gedərdim. Bu qədər vətənpərvər olduğunu büruzə verirdi Samirim. Mən də əlacsız qalıb atasını oyatdım ki, heç olmasa, tək getməsin. Atası da o biri oğlumu götürüb birlikdə getdilər. Həm də o qədər ürəyi yumşaq idi ki... Heç yadımdan çıxmaz. Bir dəfə bir yer vardı, ora gedirdik. Pulumuz ancaq gedib-gəlmək üçün idi. Artıq pulmuz yox idi. Yolda yaşlı bir nənə vardı, əlini uzadıb Samirdən pul istədi, o da heç nə demədən pulunu çıxarıb verdi. Avtobusda Samirə dedim ki, sən pulu verdin, qayıdanda nə ilə qayıdacağıq? Dedi ki, nə bilim, verdim, ürəyimdən gəldi. Qayıdanda piyada qayıtdıq. Samir elə uşaq idi, axırıncı qəpiyini belə verərdi. Nə deyim, Samir hər işində birinci idi. Məktəbdə, idmanda, universitetdə. Bir dəfə gəlib dedi ki, metronun qabağında yaşlı bir dayı məndən 20 qəpik istədi, mən çıxarıb 1 manat verdim. Nə vaxtsa imkanım olsa, belə insanlara, parklarda yatanlara kömək etməyə çalışacağam. O, aldığı təqaüdü həmişə belə xərcləyərdi. Əsgərliyə getməmişdən qabaq heç yadımdan çıxmaz. Tələbə kartından çıxarıb, öz əlləriylə sayıb 5 dənə 100 manat və bir dənə 1 manatı mənə uzatdı ki, ana, sənə qalsın, sən xərcləyərsən. Mən də dedim ki, sən gələndə özün xərcləyərsən. Getdi, amma qayıtmadı. Mən o pulları necə xərcləyə bilərdim? Ürəyim gəlmirdi, əlim getmirdi. Amma bir dəfə Samirin adından TV kanalların birinə yanan uşaqlar üçün, əməliyyata ehtiyacı olan xanım üçün göndərdim. Əminəm ki, Samir də belə edərdi. Samir haqqında o qədər xatirələr var ki, adam bilmir ki, hansını danışsın.”
Kəmalə Allahverdiyeva (sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi): “Samir haqqında xatirələrim çoxdur. Samir vətənpərvər bir şagird idi. Bir gün sinifdə ana haqqında inşa yazmağı tapşırmışdım. Samir inşanı oxudu, öz anası haqqında yazmışdı. Sonra o biri şagirdlər də oxudu. İnşalar eyni yazılmışdı. İnşaları kimin yazdığını bildiyim halda Samir qarışıq hamısına aşağı qiymət verdim. Samir bir kəlmə də demədi. Universitet vaxtları da biz Samirlə tez-tez rastlaşırdıq, görüşürdük. Həmişə görüşəndə dərslərdən, çətinliklərdən danışırdıq. Sanki həmişə nəyisə düşünürdü. Bəzən söhbət zamanı Samirlə dəfələrlə oturub hər hansısa bir fikrimi bölüşür, dərdləşir, hər hansısa nəticəni birgə çıxarırdıq. Samir sanki qeyri-adi biri idi.”
Anar (Samirin dostu): “Mən şəhid Samirin doğma qardaşı olmasam da, doğma qardaşı kimiydim. Samiri uşaqlıqdan tanıyırdım. Onlar 7-ci sinifdə oxuyanda mən 10-cu sinifdə oxuyurdum. Birlikdə futbol oynayardıq. Mən iki qardaşı da ordan tanıyıram. Bir gün komanda qurduq və Samir mənim “sağ əlim” oldu. Hər dediyimi edərdi, bütün işlərimi ona tapşırardım. Samir ürəyi açıq idi. Kimsənin ac-sussuz qalmasına göz yummazdı. Bir dəfə futbolda olanda orucluq vaxtına düşürdü, həm də pandemiya zamanı idi. Mən işləmirdim də. Samir mənim üçün hər şey edirdi, hətta cibimə xərclik də qoyurdu. Samiri yuxuda iki dəfə görmüşəm. Allah Samirə rəhmət etsin.“
Sakit Məmmədov (Samirlə mühasirədə qalan komandir): “Sentyabrın 27-si səhər saat 8-ə işləmiş hamımız maşına mindik, hücum istiqamətində düşmənə sarı komanda verildi. Mina sahəsini yarıb, düşmən səngərinə girib, üzü Suqovuşan istiqamətində gedirdik. Orda maşın vuruldu, mənimlə bərabər bir-iki döyüşçü də yaralandı. Bizi təxliyə edən zaman mühasirəyə düşdük. Mühasirəyə düşən zaman Paşayev yaralı olmağına baxmayaraq, cəsur döyüşçü kimi soyuqqanlı idi, o da qəhrəmancasına döyüşürdü. Bütün texnikadan istifadə edirdik. 3-4 saat mühasirədə qaldıq. Orda yenə də yaralandı. Birazdan bizimkilər köməyə gəldi, bizi ordan təxliyə etmək istəyirdilər, amma yenə də hər tərəf düşmənlə dolu olduğundan gəldiyimiz yerə qayıtmalı olduq. Yenə də vuruşurduq,təxliyə oluna bilmədik. Səhərə kimi döyüşdük. Samir də qəhrəmanlığından geri qalmırdı. Yaralı olmağına baxmayaraq, yenə də döyüşürdü. Səhəri gün düşmən tam məhv edilmişdi. Sonradan mən huşumu itirmişəm, ayılanda artıq Şəmkir qospitalında idim. Artıq mən heç nə xatırlamıram. Sonradan eşitdim ki, Samir çox qan itirdiyi üçün şəhid olub. Döyüşü orda olanlar hiss edə bilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!”
Baş leytenant Nasir Tağıyev (Samir və Asimanın komandiri): “Mən 3 ay müddət ərzində hər iki qardaşın komandiri olmuşam. Onlar haqqında həm mən, həm əsgər yoldaşları, həm də bölüyün digər kollektivləri həmişə yüksək fikirdə olublar. Samir həmişə hər işdə məsuliyyətli, işinin öhdəsindən gəlməyi bacaran əsgərlərdən idi. Telefonla danışmaq vaxtı gələndə heç vaxt məndən telefon istədiyini görməmişdim. Onun qürurlu, özünü aciz göstərməyən baxışları mənim ona telefonu verməyimə səbəb yaradırdı. Müharibəyə qatılanda “N” saylı hərbi hissəyə göndərilmişdi. Onun burda olan əsgər yoldaşları Samirin şəhid olmasından sarsılmışdı. Çoxlarını xatirəsində elə iz qoymuşdu ki! Bir dəfə yadımdadır ki, axşamüstü Samirə demişdim ki, bəlkə, qalasan, ali təhsili olan zabitlər kimi 3 ay kurs keçib, zabit qalıb, sonradan komandir kimi xidmət edə bilərsən. O səbirsiz idi, dedi ki, yox, komandir, mən gedib öz ixtisasım üzrə işləyəcəyəm, mənim ixtisasıma tələb çoxdur. Samir haqqında çox danışmaq olar. Allah rəhmət etsin.”
Səttar İmaməliyev (Samir və Asimanın əsgər yoldaşı): “Mən Samirlə Asimanın yaxın dostu idim. Onlarla bir yerdə əsgərliyimiz olub. 3 ay bir-birimizdən ayrılmamışıq. Naryada bir çıxırdıq. Heç kim bir-birinə paxıllıq etmirdi. İyul ayından sentyabrın 15-nə kimi hər işimiz bir olub. Sonra onlar bizdən ayrıldılar. O vaxt danışırdıq ki, onlar məndən tez tərxis olunacaq, gəlib mənə baş çəkəcəklər. Qismət belə oldu... Allah rəhmət etsin. Asimanla hələ də əlaqə saxlayıram.”
Gündüz Tağıyev (Samir və Asimanın əsgər yoldaşı): “Onlar mənim yaxın qardaşlarım olub. Hər işimiz bir olub, naryada belə birgə çıxmışıq. Nə etmişiksə, birlikdə etmişik. Allah Samirə rəhmət etsin, ailəsinə səbir versin. Samir çox yaxşı gənc idi. Qardaşı Asimanla da hələ də əlaqə saxlayırıq. İnşAllah mülküdə də sonuna kimi bir yerdə olacağıq. O bir qardaşını itirib, biz-iki qardaşı var və onun həmişə yanında olacağıq. Samirin yoxluğunu ona hiss etdirməyəcəyik. Hərbidə olmağımıza baxmayaraq nə köməklik lazım olsa, etməyə hazırıq.”
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları və fəal gənclər şəhidimiz Samir Paşayevin doğum günü münasibətilə məzarını ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!