Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Rəhimli Tural Gəray oğlunun doğum günüdür.

27 oktyabr 2021 | 11:00

Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Tural Rəhimlidir. Bu gün onun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Tural Gəray oğlu Rəhimli 27 oktyabr 2001-ci ildə Xırdalan şəhərində dünyaya göz açmışdı. Əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural 2007-ci ildə Xırdalan şəhərində yerləşən Laçın rayon 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin məzunu olmuşdu. Məktəb kollektivinin və sinif yoldaşlarının xatirəsində Vətən sevdalısı, Laçın aşiqi, bayrağa sonsuz sevgisi olan biri kimi qalmışdır.
28 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdı. Azərbaycan Ordusunun əsgəri olan Tural Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimli sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Xocəsən qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Rəhimli ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Kiçik qardaşı Mehdi: “Qardaşım həmişə xəritə qarşısında mənə Laçını göstərər, tanıtdırardı. "O yerləri azad edib, ora gedəcəyik, “deyirdi Tural”. Anası nə vaxtsa Turalın ona əziyyət verdiyini, sözündən çıxdığını xatırlamır. Nəyəsə ehtiyacı olduğunu dilinə gətirdiyi yadına düşmür. Xatırladığı bayrağa sevgisi, Vətənə məhəbbətidir. Ata-anaya hörməti, bacı-qardaşa məhəbbəti, diqqəti, dostcanlı idi Tural. Dostları vaxtaşırı ailəsinə baş çəkir, xatirələrini bölüşürlər. "Hər kəsin bir dünyası var, mənim də dünyam “Turaldır” deyir  Süsən xanım.

Son dəfə atasıyla telefon danışığında "Şəhid olsam, ağlamayın" deyən Turalın bir dəftərçədə yazdığı bəndlər şəhid olacağını hiss etdiyinin nişanəsidir:
Gedirəm, salamat qal,
Bəlkə bir də qayıtmadım.
Yoxluğumu qəbul elə,
Bəlkə bir də qayıtmadım!

"Nənə, Laçını azad edəcəm, səni doğma yurduna qovuşduracağam"-deyirdi... 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi arzusunu reallaşdırmaq üçün açılan bir qapı oldu. Döyüş yoldaşları onun qorxmaz, igid bir döyüşçü olduğunu deyir. Düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu xatırlayırlar. 1 oktyabr 2020-ci il Turalın son döyüş günü, şəhidliyinin, əbədi həyatının başlanğıc anı oldu. Gənc ömrünü canından çox sevdiyi Vətən üçün qurban verdi. Bayrağa bükülü getdiyi kimi, cismi bayrağa bükülü də qayıtdı ata ocağına. Özü gedə bilməsə də, vədini yerinə yetirdi. Günlər keçdi, qəhrəman ordumuzun əzmi nəticəsində bütün yurd yerləri kimi Laçın da azad olundu. Cismən olmasa da, ruhən qovuşdu Tural canından çox sevdiyi Laçına. Ruhun şad olsun Tural!”

Anası Məmmədova Süsən Məmməd qızı 1981-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Anasının xatirələri: “Tural ağlı kəsən gündən, Vətənə bağlı idi. O, Laçını çox görmək istəyirdi... Biz əslən Laçın rayonunun Korcabulaq kəndindənik. Tural sakit təbiətli idi. Heç kimin ondan narazılığı olmadı bu günə kimi. Nə məktəbdən, nə məhəllədən ondan şikayət gəlmədi bizə. Nə də hərbidə qulluq edəndə onun haqqında heç bir şikayət eşitmədik. Tural həmişə başımızı uca etdi...Bir ildir oğlumu görmürəm. Keçən il oktyabrın 28-də, onu təm-təraqla hərbi xidmətə yola saldıq. Özü də bayrağa bürünmüşdü. Elə bayraq sevgisi vardı ki, iki bayrağı vardı. Əsgər gedəndə, birini dostuna verib getdi. Onu yola salandan təxminən iki saat sonra yorğun idim, yuxuladım. Yuxuda gördüm ki, müharibə başlayıb, Tural şəhid olub... Qəlbimin dərinliyində həmişə narahat idim balamdan... Nə deyim? Allaha üsyan etmirəm... Əsgərlərin üç aydan bir, hərbi postunu dəyişirlər deyə, Turala demişdilər ki, “yerini dəyişirik, aşağı düşəcəksən”. Razı olmayıb, deyib ki, "laçınlılar geri çəkilmir, əksinə, irəli gedirlər!...". Coğrafiyanı yaxşı bildiyi üçün kəşfiyyatda xidmət edirmiş. Koordinatları hesablayırmış. Komandirləri mənə dedilər ki, "Halal olsun belə oğul böyütdüyünüzə görə!"... Mən isə deyirəm ki-"Mən etməmişəm bunu. Allah edib. Mən Turalı belə yetişdirə bilməzdim." Vətən sevgisi, Laçın sevgisi onun qanında idi. Mənə "anam" deyirdi. Özü də üç dəfə təkrarlayırdı çağıranda: "Anam, anam, anam!". Heç incitmədi bizi. Heç əziyyət vermədi... Əsgərlikdən əvvəl, ofisiant işləyirdi. Bir ara da Sədərək ticarət mərkəzində satıcı işlədi. Özü- özünü dolandırırdı və heç vaxt bizi xərcə salmaq istəmirdi... Hə, bir ildir ki, əsgərlikdə idi. Bir dəfə də olsun, bizdən heç nə istəmədi. Sən demə, istəyirmiş. Dostlarına, qohumlara deyirmiş, mənə qıymırmış. Məzuniyyətə gələcəkdi. Pandemiyaya-karantinə görə gələ bilmədi. Biz də onu görməyə gedə bilmədik. Bir də çox gözütox, nəfsibütöv idi Tural balam. Əsgərliyə gedəndə, mənə dedi ki,"Ana, mənimlə fəxr elə! Şəhidlik hər kəsə nəsib olmur!"...

İsmayılova Cəvahir-Azərbaycan dili-Ədəbiyyat müəlliməsinin xatirələri: "İkinci Qarabağ müharibəsi minlərlə Azərbaycan övladlarının həyatına son qoydu, minlərlə arzular yarımçıq qaldı, minlərlə sevgilər torpağa dəfn olundu, minlərlə ata-anaların ürəyi yaralı qaldı. Bu ürəkləri göynədən, anaları sızıldadan oğullardan biri də Turaldır. Mən Turala 5-ci sinifdən dərs deyirdim. Bu uşaqlarla bərabər 7 illik bir ömür yolu keçmişəm. Tural həmişə tərbiyəsi ilə nümunəvi bir şagird olmuşdu. Sinfə daxil olarkən görərdin ki, Tural nəyəsə asta-asta gülür və bu gülüş Turalın o gözəl sifətinə xüsusi bir nur saçırdı. Hər zaman onun sifətində xoş bir təbbəsüm yaranırdı. Həmişə deyərdim ki, Tural, dərs oxu. O isə cavab olaraq: "Ay müəllim, neynirəm dərs oxumağı, mən onsuz da torpağlarımızı işğaldan azad edib, şəhid olacağam." Bu danışığa həmişə gülərdim, bəhanə olduğunu düşünərdim. Amma heç xəyalıma belə gəlməzdi ki, doğrudan da, müharibə başlanar, Tural da başqa qəhrəman şəhidlərimiz kimi müharibənin qurbanlarından biri olar. Tural bu sözləri təkcə şifahi şəkildə demirdi, inşalarında da bunu əks etdirirdi. Hansı mövzu olmağından asılı olmayaraq, yazırdı ki, torpaqlarımızı işğaldan azad edəcəyik, müəllim, sizi Laçına qaytaracağıq. Laçınsız doğulsa da, Laçın həsrəti Turalı daim göynədirdi. Turalın valideynləri bir gün məktəbə gəlmişdi. Atası məndən soruşdu ki, müəllim, Turaldan nə şikayətiniz var?. Mən ona cavab verdim ki: " Tural doğrudan da elə bir uşaq deyil ki, mən ondan şikayət edim, ancaq dərslərini oxumur." Turalın arzusunu fikirləşəndə, düşünürəm ki, bu onun ağlına hardan gəlirdi ki, müharibə olacaq, mən də başqa şəhidlər kimi tarix yazacağam. Biz heç vaxt Turalları unutmamalıyıq. Onlar bizim qürur və fəxr mənbəyimizdir

Məktəbin psixoloqu Cəmilə İlyasovanın xatirələri: "Rəhimli Tural sakit təbiətli, müəllimlər və sinif yoldaşlarına hörmətlə yanaşan, ünsiyyətcil, mülayim, vətənpərvər bir şagird idi. Mən ona bir sorğu əsnasında soruşdum ki, ən çox sevdiyin şeir hansıdır? O, “Azərbaycan” şeirini yazmışdı. Bütün bunları hələ də fakt olaraq məktəbin arxivində saxlayırıq. Hər zaman söyləyirdi ki, mən şəhid olacağam. Niyəsini soruşduqda isə deyərdi ki hiss edirəm ki, mən hamıdan Zirvədə, ən uca məqamda olacağam."

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları və fəal gənclər şəhidimiz Tural Gəray oğlu Rəhimlinin doğum günü münasibətilə məzarını ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər