Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Ramazanlı İlqar Etibar oğlunun doğum günüdür.

03 noyabr 2021 | 11:00

“Canım Ailəm, sizi çox-çox amma çox sevirəm. Siz bu yazdıqlarımı oxuyursunuzsa deməli, mən sizin yanınızda, sizin aranızda yoxam. Nə badə, mənim arxamca ağlayasınız. Canım Ailəm, Siz fəxr eləyin ki, mən Şəhidlik zirvəsinə çatdım. Ürəyinizi çox sıxmayın. Canım Ailəm, bütün sevdiklərimə salam deyərsiniz. Bu yolu mənim üçün əziz Allahım yazıb, nə gözəl yazıb. Allahıma çox şükür ki, belə gözəl bir qismət yazıb mənə.

Anam, bacım, sizi çox sevirəm, həm də çox sevirəm. Mənə nə əziyyətiniz varsa, halal eləyin. Məni yaddan çıxarmayın! Sizi Sevən İlqar!

Canım qurban sizə və bu millətimizə! Sağ olun!"

Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər.

Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də İlqar Ramazanlıdır.

Bu gün onun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Şəhid İlqar Etibar oğlu Ramazanlı 03 noyabr 1994-cü ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2001-ci ildə Bakı şəhəri Nəsimi rayonu, Saleh Poladi adına 159 №-li tam orta məktəbinə daxil olmuş, 2012-ci ildə tam orta təhsilini başa vurmuşdu. İlqar 2006-cı ildə, 11 yaşında ikən atasını itirmişdi. O, anası Səbinə Ramazanova və bacısı Sevinc Ramazanlının yanında böyümüşdü. 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmış, Bərdə və Goranboyda yerləşən N saylı hərbi hissələrdə xidmət etmişdi. 2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra o, usta olaraq çalışmağa başlamışdı. Hələ kiçik yaşlardan hərbi xidmətə marağı olan İlqar 2020-ci ilin sentyabr ayının 25-də könüllü şəkildə hərbi xidmətdə iştirak etmək üçün müraciət etmişdi. Bir gün sonra isə artıq ona hərbi xidmətə çağırış gəlir. Xüsusilə, Polad Həşimovun şəhid olması xəbərindən sonra İlqar özündə deyildi. Füzuli, Xocavənd və Hadrut uğrunda döyüşlərdə iştirak etmiş, Şuşa uğrunda gedən döyüşlərdə, doğum günündən bir gün sonra, 4 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdu. O, İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rövşən İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Komandiri və yoldaşları arasında xətri çox əziz idi, əsgər yoldaşlarından hər zaman şən, nikbin, döyüş ruhu ilə dolu olması ilə seçilirdi. Onun bu xüsisiyyəti ağır döyüşlərdə yoldaşlarına da müsbət təsir göstərirdi. Könüllü hərbi xidmətə bibisi oğlu ilə birgə yollanmışdılar. Xoş təsadüfdür ki, hər ikisi eyni bölükdə xidmət etməyə başladılar. Birlikdə böyüdüklərindən qohumdan çox qardaş kimi idilər. İlqar şəhid olarkən bibisi oğlu yanında olub.

Anası Səbinə Ramazanlının xatirələrindən: "Məndən xəbərsiz könüllü orduya yazılmışdı. Təsdiq xəbəri elə səhəri gün gəldi. Mətbəxdə idim, sevinclə gəldi yanıma, dedi ki, ana, mənim muştuluğumu ver, sənə şad xəbər deyəcəyəm. Dedim, hələ sən sözün de görüm, sənin xəbərinə muştuluq düşür, ya yox. Dedi ki, Allah haqqı, düşür və sonra qayıtdı ki, könüllü səfərbərliyə yazılmışam. Deyirdi ki, 15 günə qayıdacağam, amma bayraq əlimdə qayıdacağam.”

Bibisi oğlu İlkin Babazadə: "Əsgərlikdə bir yerə düşdüyümüzü öyrənəndə çox sevinmişdik. Əvvəlcə birdən ayırarlar deyə, qohum olduğumuzu bildirmədik. Yoldaşları İlqarı çox sevirdi. Ən çətin anlarda belə döyüş ruhu aşağı olmurdu. Dağa qalxırdıq, yolları çıxmaq çətin olduğundan arabir fasilə verməli olurduq. Təhcizatı çıxarıb oturduq. Elə bir az oturmuşduq ki sanki, başımdan mənə nəsə dəydi. Ayağa duranda baxdım ki uşaqlar yerdə uzanıblar, İlqara baxdım gördüm ki, o da yerdədir. Çağırdım ki, İlqar, gəl, uşaqları qaldırmağa kömək elə. Elə bildim, zarafat edir, yenə çağırdım, ay İlqar, zarafatın yeri deyil, gəl kömək elə, uşaqlar qanın içindədilər. Yenə cavab gəlmədi. Yaxınlaşıb başını çevirəndə gördüm ki, qəlpə gicgahından keçib. Üzümə baxdı, heç nə deyə bilmədi. İlqar şəhid olanda biz ilk dəfə anladıq ki, müharibədəyik. Həmişə bizi zarafatları ilə güldürürdü. Hərdən komandirimiz deyirdi ki, ay İlqar, yaxşı da, uşaqları güldürmə. O da deyirdi ki ölümün üzünə belə gülə-gülə getmək lazımdır.”
Şəhid İlqar Ramazanlının ölümündən öncə ailəsinə yazdığı məktubu: "Bu vərəq kiminsə əlinə keçdisə, bu yazdıqlarımı indi oxuyursa, deməli, mən yoxam sizin aranızda. Bu yazdıqlarımı kim oxuyursa, sözüm onadı: Sənə and verirəm bizi yaradan o Alllaha, bilirəm, mən də sənə əziyyət verirəm. Bu axırıncı dəfə yazdığım bu sözləri mənim ailəmə çatdır, sənə zəhmət.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər