Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün Bəhmənli Manaf Bəhmən oğlunun doğum günüdür!
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Manaf Bəhmənlinin doğum günüdür!
Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.
Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Bəhmənli Manaf Bəhmən oğlu 02 yanvar 1998- ci il tarixində Yevlax şəhərində dünyaya göz açmışdı. Az sonra ailəsi Rusiya Federasiyasının Moskva şəhərinə köçmüş və Manafın uşaqlığı, bağça və məktəbin 1-ci sinifi orada keçdikdən sonra yenidən Yevlax şəhərinə qayıtmışlar. Manaf 2-ci sinifdən M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin rus bölməsində təhsilini davam etdirmiş və həmin məktəbi bitirmişdi. Məktəb illərində oxumağı və fəalığı ilə seçilirdi. Onun Cəmşid Naxçivanski adına hərbi liseyə daxil olmaq arzusu var idi. Lakin Manaf 8-ci sinifdə oxuyanda, 2012-ci ilin fevral ayında atası Bəhmənli Bəhmən Manaf oğlu rəhmətə getdiyi üçün ailəni, anası və bacısını tək qoymamaq üçün bu arzusuna çata bilmədi. Ailənin qayğısı erkən yaşlarından onun üzərinə düşürdü və buna görə də o, 9-cu sinifdən başlayaraq yay tətili günlərində işləyib ailənin müəyyən ehtiyaclarını ödəyirdi. 2015-ci ildə məktəbi müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin riyaziyyat ixtisasina qəbul oldu. Oxuduğu dövürdə həm oxuyur, həm də işləyirdi. 2016-cı ilin mart ayından Kataliz və Qeyri Üzvi Kimya institutunda mühafizəçi kimi işə başlamışdı. Universitetdə oxuduğu müddətdə fəallığı, tərbiyəsi, gülərüzlülüyü, yardımsevərliyi ilə fərqlənirdi. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi oyunlarında könüllü olaraq iştirak etmiş, tərifnamə almışdı.
Universiteti bitirdikdən sonra, 2020-ci ilin iyul ayında hərbi xidmətə yollandı. Hərbi xidməti əvvəlcə Gəncədə, sonra isə Daşkəsəndə davam etdirdi. Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. Müharibənin ilk günü- sentyabrın 27-də ən Uca Zirvə- Şəhidlik zirvəsinə yüksəldi. Sentyabrın 28-də Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı məzarlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Manaf Bəhmənli ölümündən sonra “Vətən uğrunda” və “Hərbi Xidmətə görə” medalları ilə təltif edilmişdir.
Bacısı: Manaflı Mina Bəhmən qızı: “Mənim qardaşımla bağlı o qədər çox xatirələrim var ki… Xatirələr çox olanda içindən hər hansısa birini seçmək olmur. Bizim elə hər günümüz xatirədir. Bir yerdə gəzməyə getməyimiz, həftədə bir dəfə velosiped sürməyimiz, kinoteatrda hər təzə çıxan filmə getməyimiz... Evimizdən qəhqəhə, gülüş heç vaxt əksik olmurdu. Mən universitetə qəbul olanda Manafın 15 yaşı var idi. O zaman artıq atamı itirmişdik. Mən Bakıya gələcəkdim və telefonum yox idi. Manaf bütün yay tətili boyunca işləyib o zaman mənim ilk smartphonumu aldı. 3 ay market və restoranlarda çalışmışdı. Maaşını yığıb almışdı mənə telefonu. Doğum günlərimdə hər zaman əli ilə fərqli-fərqli hədiyyələr düzəldirdi. Son doğum günümdə isə kitab aldı(bilirdi ki, mən kitab oxumağı çox sevirəm). Kitabın ilk səhifəsinə “İnşallah,həyatın yalnız ağ və qara deyil rəngli olar”- yazmışdı. Qardaşım mənim həyatdaki ən böyük mənam idi. Artıq mənasız qalmışam. Son dəfə 25 sentyabrda bizə zəng elədi. Şəhid olmamışdan 2 gün əvvəl. Tək bir söz deyərdi- “Özünüzdən müğayət olun, məndən narahat olmayın.”
Sinif yoldaşı Cahandar: “Məktəb vaxtlarımız idi, Manaf həmişə bayraq şəkli çəkərdi. Soruşanda ki, Manaf, hara baxırıq, sənin çəkdiyin bayraqlardır. Manaf deyirdi ki, bu mənim çəkdiyim şəkil elə-belə deyil ki, neçə igidləri dəfn ediblər bu bayraqla. Sinifdə müəllimin stolu üzərində bayraq var idi. Bir gün mən gedəndə ona dəydim, düşdü yerə. Xəbərim olmadı. Gəldi götürdü öpdü. Sonra məni çağırdı dedi ki, “Qardaşım , diqqətli ol, həyatda ən önəmli şey bu bayrağı qorumaqdır.” İndi bu xatirə həmişə ağlıma gəlir. Dediyini etdi. Bayrağı qoruyaraq şəhidliyə ucaldı. Allah rəhmət eləsin.”
Sinif yoldaşı, dostu Mehdi: “Bəhmənlı Manaf mənim 15 illik dostum olub. Orta məktəbdə bir sinifdə oxumuşuq. Bir universitetin fərqli fakultələrində oxuyurduq, amma elə bir gün olmurdu ki, biz görüşməyək. Tələbəlik vaxtı o, ailəsi ilə yaşayırdı. Mən isə kirayədə qalırdım. Amma o tez-tez bizə gəlirdi. Manaf məndən bir yaş böyük idi, ona görə də həmişə onu böyük qardaşım kimi görürdüm. Başıma bir iş gəlsə, nə isə bir hadisə olsa, ən birinci Manafa deyərdim, ondan məsləhət alardım. Mən ona "qaqa", o, mənə "qardaşım" deyərdi. Mənim onunla saysız-hesabsız xatirələrim var. Danışsam saatlar yox, günlər keçər. Ona görə də Manafı ən axrıncı gördüyüm vaxtı danışacam. Universitet məsələlərinə görə mən Manafdan bir il tez getdim hərbi xidmətə. Andiçmə günü evdəkilər yanıma gəlmişdi. Bizə bir neçə saat hərbi hissədən kənarda ailəmizlə görüşməyə icazə verdilər. Manaf da gəlmişdi. Onu görəndə çox sevinmişdim. Xidmətin 6-cı ayında məzuniyyətə buraxıldım. Bakıya gələndə öz qardaşımdan əvvəl Manafla görüşdüm. Axırıncı dəfə Manafı o gün gördüm. Çünki mən təxris olanda o, hərbi xidmətə gedirdi. Şəhid olmamışdan iki gün qabaq mənə zəng elədi, səsi elə gəlirdi ki, elə bil harasa tələsir. Heç bir dəqiqə danışmadıq. Mənə bir şey dedi: "Özündən müğayət ol". Manafın şəhid olduğunu öyrənəndə çox ağladım. Mən həm dostumu, həm qardaşımı, həm də sirdaşımı itirdim. Manafin şəhid olduğu bölgəni öyrənəndə isə özümə gələ bilmirdim. Çünki biz həmişə danışardıq kim harda xidmət edəcək. Manaf həmişə deyərdi ki, mən Murovda olacam...
Qrup yoldaşı Hikmət Əkbərov: “Şəhidlik uca zirvədir, ona yüksəlmək hər kəsə qismət olmurmuş, yalnız Allahın sevimli bəndələrinə nəsib olan bu uca zirvə. Qəhrəmanımız - Əsgər Bəhmənlı Manafın da qismətində var imiş, Manafı qısa müddət tanısam da sanki bir doğmalıq var idi aramızda, uşaq yaşlarından bir böyümüşdük, sanki onu özümə sadəcə qrup yoldaşı olaraq deyil - dost, qardaş olaraq bilmişəm. Bir-birimizə sonsuz güvənib dərdlərimizə şərik olurduq, belə gözəl insanı itirmək hər birimizə çox ağır oldu, amma biz bilirik ki, onun ruhu bizimlədir, O hər zaman bizim qəlbimizdədir..Allahdan bütün şəhidlərimizə rəhmət, ailə üzvlərinə isə səbr diləyirəm.”
Qrup yoldaşı Tağızadə Nərmin: “Şəhidlər həmişə seçilmiş insanlar olur” deyirlər. Necə də doğru sözdür. Mən sizə 4 ilimizi birlikdə keçirdiyimiz, özəl olduğunu həmişə ətrafına hiss etdirən "bizim Manaf" haqqında danışacağam. İnsanların doğma olması üçün onların arasında qan bağının önəmli olmadığını biz birlikdə öyrəndik. Vəfanın, dürüstlüyün, zəhmətkeşliyin, gülərüzün bir insanda birləşməsiydi bizim Manaf. Gündüzləri dərslərinə girib, gecələri işləyib, ailəsinə dayaq olan dostum, biz səni heç vaxt unutmayacağıq. Mənə söz vermişdi ki, “Sən ailə quranda sənə cehiz soyuducu alacam” o vaxtlar gülərək danışdığımız bu və bunun kimi yüzlərlə söhbət indi necə acı verir insana. Nə qədər acı olsa da, onun yoxluğuna alışmaq nə qədər çətin olsa da, Manaf bizim xatirələrimizdə bir ömür yaşayacaq! Çünki şəhidlər ölməz! Nə yaxşı ki, bizim həyatımızdan bir Manaf keçdi! Səninlə qürur duyuruq, bizim qəhrəman Manafımız!”
Qrup yoldaşı Aydan: “Anasından, bacısından həmişə danışırdı. Uşaq vaxtlarından işləyirdi. Deyirdi: "Uşaq idim, hardasa 15 yaşım var idi, çox işləyirdim, pul yığdım, Minaya telefon aldım. Çox yorulurdum, amma onun sevinci nəyə istəsən dəyərdi. Mən bir insan üçün darıxanda, o insanı beynimdə qurub, onunla danışıram. İşdə anam üçün çox darıxırdım, onda kəşf eləmişdim bu bacarığımı."
Qrup Nigar: “Manaf hər kəsə kömək edərdi, tanımadığı insanlara belə. Müəllimlərin sevimlisi idi. Oğlanlar arasında tərbiyəsi ilə seçilirdi. Hamıdan fərqli idi. Elə bil həqiqətən mələk kimi gəlmişdi bu dünyaya. O qədər mərd idi ki, hələ universiteti bitirməmişdi, amma deyirdi ki, "Mən əsgərliyə getməliyəm. Orda oğullar şəhid olur. Mən də getməliyəm!" Onu əsgərliyə yola salmağa gəlmişdim. Avtobusa minəndə mənimlə görüşdü və dedi ki, "Şəhid olsam ağlamayın, sevinin! Cənnəti qazanmış olacam." Elə pis oldum ki, o sözünə...”
Qrup yoldaşı Fidan: “Bəhmənli Manaf. Gözəl insan, gözəl ad. Belə bir insanı az olsa da tanımaq mənim üçün qürurdur. Yaddaşlarımızda çox təmiz və gözəl xatirələr qoydu Manaf. Ailəsevər, ailəcanlı biri idi. O, heç vaxt pul-para dalınca qaçan biri olmayıb. Həmişə deyərdi "Ailəm yanımda olsun, sağlam olsun, mənə bəsdir". Manaf bizim hamımız üçün doğruluq, dürüstlük, yaxşılıq nümunəsi idi. Mələkdir Manaf Bəhmənli. Bu dünyadan qat-qat təmizdir Manaf.”
İş yoldaşları və dostları- Məhəmməd, Əcəmi, Şaiq və Babəkin xatirələrindən: “Xatirələr çoxdur danışsaq, yazsaq, bir kitab olar, 5 illik bir əsər. Pis, yaxşı fərq etmir, hər anın dostu idi. Yaddaşımızda gülərüz, mehriban, başımıza göydən od da yağsa gülən Manaf qalıb. Hər zaman da elə qalacaq!”
Şeir müəllifi - iş yoldaşı Əliyeva Fatimə:
Ucaldın ən uca zirvəyə, Manaf,
Ölüm yaxın oldu sənə bizlərdən.
Qanına boyandı müqəddəs torpaq.
Gözümüz yaşlıdır getdiyin gündən.
Alışa bilmirik yoxluğuna biz,
Bir ömür yaddaşdan silinməz adın!
Ən uca zirvəyə çatdığın gündən,
Sən qürur yerisən qohumun, yadın!
Yaşa ürəklərdə, qeyrətli oğul,
Vətən müqəddəsdir, Vətən bölünməz !
Daim qəlbimizdə yaşayacaqsan
Şəhidlər yaşayar, şəhidlər ölməz!
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!