Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti 2013-cü ilin yekunlarına dair hesabat verdi

15 fevral 2014 | 11:00

14 fevral 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Madər Musayev, Rəfael Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ramiz Quliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Yığıncaqda rayonda ötən il ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edildi.
Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasının önündə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərləri, il ərzində rayonda aparılan abadlıq-quruculuq işlərini reallaşdırılan irimiqyaslı layihələri əks etdirən filmin nümayişi ilə başladı.
Hesabat yığıncağını giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yola saldığımız ildə ölkəmizdə bütün sahələrdə qazanılan nailiyyətlərdən danışdı. Bildirildi ki, Prezident İlham Əliyevin ölkədə abadlıq-quruculuq işlərinin genişləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri Binəqədi rayonunda da öz bəhrəsini verir. Ötən il paytaxtın ən böyük sənaye rayonlarından biri olan Binəqədidə dövlət başçısının imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib.
Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı bildirdi ki, il ərzində  rayonun bütün qəsəbə və yaşayış massivlərində, mikrorayonlarda geniş miqyaslı abadlıq və quruculuq işləri görülüb, irihəcmli infrastruktur layihələr gerçəkləşdirilib. 2013-cü ildə Prezident İlham Əliyev 4 dəfə Binəqədi rayonuna səfər edib. Dövlət başçısı ötən il YAP Binəqədi rayon təşkilatının və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binalarının açılışında, eyni zamanda rayonun Biləcəri qəsəbəsindəki Mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak edib. Prezident İlham Əliyev həmçinin rayonun Rəsulzadə qəsəbəsindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının, eləcə də 135 və 248 nömrəli orta məktəb binalarının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Hesabat dövründə  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rayondakı 298 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Ötən il Binəqədi rayonu paytaxtın ən çox abadlıq-quruculuq və tikinti-bərpa işlərinin aparıldığı rayonlardan biri kimi yadda qalıb. Rayonun Sulutəpə və Çiçək yaşayış massivlərinin ərazisində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yeni park salınıb. Ekoloji mühitin qorunmasına xidmət edəcək bu parkların ərazisində sakinlərin istirahəti üçün müasir oturacaqlar, uşaqların əyləncəsi üçün müxtəlif oyun atraksionları quraşdırılıb.
Rayonda aparılan iri miqyaslı layihlər çərçivəsində Bakı-Şamaxı şosesinin rayon ərazisindən keçən hissəsində böyük bir sahədə landşaft memarlığı elementləri ilə zəngin olan yaşıllaşdırma işləri aparılıb. Hesabat dövründə “Abad həyət” layihəsi çərçivəsində rayonun mikrorayonlarında və qəsəbələr ərazisində müasir standartlara uyğun 16 nümunəvi məhəllə yaradılıb. Kompleks şəkildə yenidən qurulan həyətlərdə yaşıllıq örtüyü salınıb və sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu məhəllələrdə yaşayış binalarının damları, fasadları, zirzəmiləri, binadaxili su və kanalizasiya xətləri, pilləkən qəfəsləri əsaslı təmir olunub. Eyni zamanda hündürmərtəbəli binalardakı 93 lift əsaslı təmir olunub, 112  lift isə yenisi ilə əvəzlənib.
2013-cü il ərzində rayonda 6  mədəni-kütləvi tədbirlər evi tikilib istifadəyə verilib, 2 bu tip ev əsaslı təmir olunub, birinin isə tikintisi davam etdirilir.
Ötən dövrdə rayon ərazisindəki 54 çoxmənzilli yaşayış binasının fasad hissəsi müasir standartlara uyğun olaraq yenidən qurulub. 24 binanın fasadında müasir texnologiya əsasında müxtəlif üzlük materiallarından  istifadə edilməklə üzləmə işləri həyata keçirilib, 30 binada isə boyaq işləri aparılıb.
Ötən il 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar rayonun Biləcəri qəsəbəsində yerləşən 20 yanvar parkı tamamilə yenidən qurulub. 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi parkda müxtəlif kalibirli orijinal mərmi və gilizlərdən istifadə olunmaqla “Güllə yağışı” abidəsi yaradılıb.
Binəqədi qəsəbənin mərkəzində, hərəkətin sıx olduğu 179 nömrəli tam orta məktəbin qarşısında vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə müasir standartlara uyğun yeni yeraltı piyada keçidi inşa olunaraq sakinlərin ixtiyarına verilib.
Hesabat dövründə Dövlət Proqramı çərçivəsində Binəqədi qəsəbəsində 182 saylı məktəb üçün 1300 şagird yerlik yeni məktəb binasının tikintisinə, rayon ərazisində yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinin və 115 saylı orta məktəbin əsaslı təmirinə, eləcə də bu təhsil ocağı üçün 25 sinif otağı, idman və akt zalının olduğu əlavə tədris korpusunun inşasına başlanıb.
Rayon ərazisindəki metronun Avtovağzal və Depo stansiyalarında, Ziya Bünyadov prospektindəki yol ötürücüsündə inşaat işləri, Binəqədi Məscid Kompleksinin tikintisi, eyni zamanda Binəqədi qəsəbəsində Mərkəzi Mədəniyyət evinin yenidən qurulması işləri uğurla davam etdirilib.
Dövlət Proqramı çərçivəsində rayonun qəsəbələrində məhəllədaxili və qəsəbələrarası yolların asfaltlanması, mikrorayonlarda isə küçə və prospektlərin asfalt örtüyünün dəyişdirilməsi və təmiri istiqamətində geniş tədbirlər həyata keçirilib.
Ötən il ərzində rayonun müxtəlif ərazilərində ümumi uzunluğu 25 min 868 metr olan 155 min 210 kvadratmetr sahəyə asfalt örtüyü çəkilib. Yollara  asfalt örtüyünün döşənməsi ilə yanaşı piyadaların sərbəst və rahat hərəkətinin təmin etmək məqsədilə yeni səki daşları  düzülüb, yol kənarlarındakı fərdi yaşayış evlərinin, hasarların və müxtəlif təyinatlı obiyektlərin fasad hissələri müasir üslubda müxtəlif bəzək daşları və materialları ilə üzlənib. Ötən il Binəqədi rayonunda ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması da diqqət mərkəzində saxlanıb. Hesabat dövründə  rayon ərazisində ümumilikdə 45 min 109 kvadratmetr sahədə yeni yaşıllıq örtüyü salınıb, 53 min 738 ədəd müxtəlif növ gül-çiçək və dekorativ kollar, eləcə də 3 min 685 ədəd müxtəlif növ iqliməuyğun ağaclar əkilib. Mütəmadi olaraq salınan yaşıllıqların suvarılması və onlara aqrotexniki qulluğun göstərilməsi işləri həyata keçirilib.
Ötən il ərzində Binəqədi rayonu ərazisində sanitar təmizliyin təmin edilməsi də əsas məqsəd kimi qarşıya qoyulub. Hesabat ilində həyətlərdə və yol kənarlarında məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq üçün tikilən xüsusi meydançalarda ümumilikdə 2 min 195 ədəd konteyner qoyulub. Eyni zamanda kommunal təsərrüfatında işlədilən 45 ədəd müxtəlif təyinatlı maşın və mexanizmdən məişət tullantılarının daşınması kimi ciddi problemlərin aradan qaldırılmasında və abadlıq-quruculuq işlərində istifadə olunub.
Təhsilin inkişafı da Binəqədi rayonu üçün uğurlu olub. Belə ki, rayonun 32 orta ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə sənəd verən 2129 abituriyentdən 1337-si  tələbə adını qazanıb. 21 məzun 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Keçən tədris ilində dövlət başçısının sərəncamı ilə rayonun 1 məktəbi “İlin ən yaxşı ümumtəhsil məktəbi”, 8 müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Hesabat dövründə rayonda 3 orta məktəb yüksək standartlara uyğun əsaslı təmir olunaraq yeni dərs ilində şagirdlərin ixtiyarına verilib. 100,143, 244 və 246 saylı məktəblərdə üçün əlavə tədris korpusları inşa olunub.
Rayonun Biləcəri qəsəbəsində yerləşən dahi bəstəkar Fikrət Əmirovun adını daşıyan 6 nömrəli 11 illik uşaq-incəsənət məktəbi əsaslı təmir və yenidənqurmadan sonra məktəblilərin ixtiyarına verilib.
Dövlət Proqramının icrası məqsədi ilə il ərzində Binəqədi rayonunda fəaliyyət göstərən 34 məktəbəqədər tərbiyyə müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görülüb. Binəqədi qəsəbəsində yerləşən 86 saylı uşaq bağçası, Rəsulzadə qəsəbəsindəki  211 saylı, Biləcəri qəsəbəsində isə 294 saylı körpələr evi-uşaq bağçalarının binaları istismar müddətini başa vurduğundan sökülərək yerində yeni və müasirləri inşa olunub. Rayonun 6, 7 və 8-cı mikrorayonlar ərazisində yerləşən 15,153,158, 177 və 193 saylı körpələr evi- uşağ bağçalarındakı şərait də əsaslı təmirdən sonra ən müasir tələblərə uyğunlaşdırılıb.
Rayonda fəaliyyət göstərən 25 səhiyyə müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə müəyyən işlər görülüb. Ötən il rayonun Xocasən qəsəbəsində müasir standartlara uyğun inşa olunan həkim məntəqəsi sakinlərin ixtiyarına verilib. İl ərzində rayonun Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında isə əsaslı təmir-tikinti işləri davam etdirilib, 2014-cü ilin əvvəlində isə bu səhiyyə ocağı vətəndaşların ixtiyarına verilib.
Hesabat ilində Binəqədi rayonunda gənclərin sağlamlığının qorunması, rayonda fəaliyyət göstərən idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafı istiqamətində də mühüm işlər görülüb. Ümumilikdə ötən il ərzində idman sahəsi üzrə keçirilən 35 tədbirdə 6 min 641 nəfər, gənclərlə bağlı isə keçirilən 83 tədbirdə 19 min 23 nəfər uşaq, yeniyetmə və gəncin iştirakı təmin olunub. Hesabat dövründə rayonun 7-ci mikrorayon ərazisində inşa olunan Gənclər Evinin tikintisi davam etdirilib.
Rayon ərazisində 5 süni ot örtüklü mini futbol meydançaları inşa olunub.
Dövlət proqramı çərçivəsində 2013-cü ildə Binəqədi rayonunda əhalinin içməli su və kanalizasiya, elektrik enerjisi, təbii qaz, eləcə də istilik sistemləri ilə təminatı sahələrində də bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.
Təsdiq olunan qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ildə yerlərdə sakinlərlə 34 səyyar görüşü keçirilib. Bu görüşlərdə ümumilikdə  5 min 381 nəfər rayon sakininin iştirakı təmin edilib və vətəndaşlar tərəfindən qaldırılan 491 məsələdən 337-si həllini tapıb.
Ötən il elektron hökumət layihəsi çərçivəsində paytaxt Bakı şəhərində yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidməti 1646 yaradılıb. Binəqədi Rayon İcra Hakimiyyəti yerli icra hakimiyyətləri arasında elektron  idarəetmənin tətbiqi sahəsində  2013-cü ildə əldə etdiyi uğurlara görə "Konsaltinq və biznes" jurnalı tərəfindən “İlin yerli icra hakimiyyəti orqanı” xüsusi nominasiyasında mükafata layiq görülüb.
Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsindən sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanması İnstitutunun rektoru Asəf Zamanov çıxış etdilər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdı.
Tədbir iclasın qərar layihəsi və Prezident İlham Əliyeyə ünvanlanmış müraciətin mətninin oxunması ilə davam etdi.
Tədbirdə media ilə sıx əməkdaşlığına görə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova KİVDF-nin xüsusi mükafatı təqdim edildi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vurdu.

Keçidlər