Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu elektron əmək müqavilələrinin işlənib hazırlanması və bazaya daxil edilməsi sahəsində öncüllər sırasındadır

08 sentyabr 2014 | 10:00

İdarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində mühüm yer tutur. Binəqədi RİH başçısının 2013-cü il 27 fevral tarixli «Binəqədi Rayon İcra Hakimiyyətinin informasiya texnologiyaları sahəsində Strategiyası və Tədbirlər Planının təsdiq olunması haqqında» əmrinin icrası ilə əlaqədar 2014-cü ilin birinci yarısında bir sıra layihələr həyata keçirilmiş, rayon ərazisində sakinlərin sıx toplaşdığı yerlərdə elektron informasiya köşkləri quraşdırılmış və sakinlərin istifadəsinə verilmişdir. Bu tədbirlər bilavasitə vətəndaşların rahatlığının təmin edilməsinə yönəlib. İKT-nin tətbiqi sahəsində səmərəli fəaliyyətinə görə Binəqədi Rayon İcra Hakimiyyəti 2014-cü ilin əvvəlində «Consulting&Business» şirkətinin «İlin yerli icra hakimiyyəti orqanı» nominasiyası üzrə mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı əmək müqaviləsinin bağlanması mexanizmində əhəmiyyətli dəyişikliklər edilmişdir. Belə ki, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış elektron sistemə daxil edilməlidir. Bağlanmış əmək müqaviləsi yalnız bu sistemə daxil edildikdən sonra hüquqi qüvvəyə malik olur.
Bu sistem işçilərin əmək hüquqlarının müdafiəsinə, əmək müqaviləsində əksini tapmış məlumatların elektron informasiya sistemindən əldə edilə bilməsinə şərait yaradır. Son dəyişikliyə qədər Əmək Məcəlləsində işəgötürənlə işçi arasında müqavilənin yalnız iki nüsxədən ibarət bağlanması və onun bir nüsxəsinin işçiyə təqdim edilməsi nəzərdə tutulurdu. Elektron informasiya sistemi işə salındıqdan sonra işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində qeyd olunan zəruri məlumatlar sistemə daxil edilir. İşçi istər evdə, istər işdə, istərsə də başqa bir yerdə elektron informasiya sisteminə daxil olaraq müqavilənin mətnini əldə edə bilir. İşəgötürən asanlıqla sistemə daxil ola və əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirə bilir. Bu, Əmək Məcəlləsinə dəyişikliklərdə də nəzərdə tutulub. Əmək müqaviləsi bağlanarkən tələb olunan məlumatlara işçinin fərdi identifikasiya kodu (FİN) və sosial sığorta şəhadətnaməsinin nömrəsi də daxil edilir. İşçinin FİN kodunun sistemə daxil edilməsi digər məlumatların müvafiq mərkəzi icra hakimiyyətlərinin elektron informasiya ehtiyatlarından inteqrasiya olunmasına şərait yaradır.
Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə əksini tapır. Bu, işəgötürənin işinin asanlaşdırılması üçündür. Yəni işəgötürən çox cüzi vaxt sərf etməklə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə məlumatı bir iş günü ərzində əldə etmək imkanına malik olur. Sistemdə məlumatların təhlükəsizliyi məsələləri də nəzərə alınıb. İşəgötürən yalnız bağlanmış əmək müqavilələri barədə məlumatı sistemdə görə və yalnız işçiləri barədə məlumat əldə edə bilər. Onun digər şəxslər barədə məlumat əldə etmək imkanları yoxdur. İşçi də eyni qaydada - yalnız özünə aid məlumatları sistemdə görə bilir. Bu, işləyən əhalinin hüquqlarının müdafiəsinə yönəlmiş şəffaf bir sistemdir.
Daim İKT-nin nailiyyətlərinin tətbiqi sahəsində mühüm işlər görən Binəqədi Rayon İcra Hakimiyyəti elektron əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi sahəsində də ön sıralardadır. Binəqədi Rayon İcra Hakimiyyəti  avqust ayında 70 nəfər işçinin əmək müqaviləsi haqqında məlumatları tam olaraq yeni sistemə daxil etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemə daxil edilən əmək müqavilələrinin reyestrə daxil edildiyini təsdiqləyib.
Rayon ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara  yeni sistem barədə məlumatlar verilib və bu sistemə qoşularaq qanunvericiliyin tələblərinə əməl etmələri tövsiyə olunub.

Keçidlər