Binəqədi rayonunda “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi
Fevralın 23-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi. Ziyalıların, institutun professor-müəllim heyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, müdavim və tələbələrin, həmçinin KİV nüməyəndələrinin də iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov tarixə nəzər salaraq bildirdi ki, “Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olmuşdur. Beləliklə, BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunmuşdur. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. 2003-cü ilin yanvar ayının 2-də isə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərilmişdir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
Daha sonra Rayon İcra Hakimiyyətinin məsul işçisi Elnur Məmmədov çıxış edərək “Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd etdi.
Tədbirdə İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Aydın Paşayev, Pedaqogika kafedrasının dosenti Allahverdi Eminov və başqaları çıxış edərək Azərbaycan dilində yaradılmış ədəbiyyat nümunələrindən, tarixi əsərlərdən, dilin müasir tədris vəziyyətindən söz açaraq, kütləvi informasiya vasitələrində, həmçinin ictimai həyatda dilimizin qorunmasının vacibliyini vurğuladılar.