Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinə başlanıldı

08 dekabr 2015 | 11:00

7-12 dekabr tarixlərində Binəqədi rayonu ərazisində yerləşən təhsil müəssisələrində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihəyə başlanıldı.
Layihənin keçirilməsində əsas məqsəd yerlərdə Azərbaycanın dövlət siyasətinin, milli-mənəvi dəyərlərinin, Azərbaycançılıq məfkurəsinin, tolerantlıq nümunələrinin düzgün şəkildə təbliğ  edilməsidir. 
7 və 8 dekabr  tarixlərində Binəqədi rayonu 115 saylı tam orta məktəbdə layihənin iki mühazirə dərsi keçirildi.
Keçirilən tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov və Binəqədi rayonu ərazisində yerləşən 32 ümumtəhsil müəssisələrində çalışan 200-ə yaxın müəllimlər  iştirak etdilər.
Birinci mühazirə dərsini “Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusu ətrafında  Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov apardı. Natiq çıxışında multikulturalizm dəyərlərindən söhbət açaraq bildirdi ki, mədəni yaşam tərzi‚ əxlaqi dəyərlər və bir çox xarakterlər Azərbaycan xalqında mövcuddur. Məhz bu səbəbdən ölkəmizdə bütün xalqların nümayəndələri sakit, sülh şəraitində yaşayırlar. 1990-cı illərin acınacaqlı günlərində hakimiyyət başına gələn dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini yaradarkən bu dövlətin təməl ideologiyasının əsaslarından biri kimi ölkədəki bütün millətlərə hörmətlə yanaşılması‚ bütün dini inanclara hörmət və ehtiram göstərilməsi, dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi. 
İkinci mühazirə dərsini “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət–din münasibətləri” mövzusu ətrafında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov apardı. Natiq çıxışında qeyd etdi ki,  milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsil¬lərə çat¬dır¬mağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq əra¬zi¬nin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorun¬ma¬sı¬na xidmət edir.
Keçirilən mövzular ətrafında təqdimatlardan sonra auditoriyanın sualları cavablandırıldı.
Mövzular ətrafında öz fikirlərini bölüşən müəllimlər əsası Ulu öndər tərəfindən qoyulan milli-mənəvi dəyərlərimizi qorumağın, onu gənc nəsillərimizə yüksək səviyyədə çatdırılmasının əhəmiyyətli olduğunu bildirdilər. O cümlədən, dini, adət-ənənələrimizin zənginliyini vurğulayan müəllim heyəti belə mövzularda mühazirələrin təşkili üçün layihə iştirakçılarına təşəkkürlərini bildirdilər.
Layihə çərçivəsində 9 dekabr tarixində “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində fəaliyyəti” mövzusunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu, 10 dekabr tarixində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda AMEA-nın müxbir üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Mövsün Nağısoylu tərəfindən mühazirə dərslərinin aparılması nəzərdə tutulub.
Layihənin yekun tədbirinin 12 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.

Keçidlər