Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında “20 Yanvar: Tariximizin qanla yazılan şanlı səhifəsi” adlı məlumat saatı keçirildi

14 yanvar 2016 | 11:00

14 yanvar  tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında “20 Yanvar: Tariximizin qanla yazılan şanlı səhifəsi” adlı  məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin  Prezident  Kitabxanasının Prezident-Dövlət İdarəçiliyi və Ölkəşunaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr  və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.
İlk öncə məlumat saatında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İlqar Süleymanov tədbirin proqramı haqqında geniş məlumat verdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında təcrübə keçən ASAN könüllüsü Kənan Qubadzadə 7 yanvar tarixdən 14 yanvar tarixinə kimi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi görüşlər, qəbullar, imzaladığı sərəncam və fərmanlar haqqında məlumat verdi.
Daha sonra “20 Yanvar: Tariximizin qanla yazılan şanlı səhifəsi” adlı mövzu ətrafında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Prezident-Dövlət İdarəçiliyi və Ölkəşunaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa məruzə ilə çıxış etdi.
Qeyd edək ki, Nazim Mustafa 1957-ci ildə Qərbi Azərbaycanın Güllübulaq kəndində anadan olmuşdur. 1977-ci ildə 20 yaşında Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağa ərazi iddiasından dolayı Ermənistandan deportasiya edilmiş və Bakı şəhərində məskunlaşmışdır. 1990-1991-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində, 1992-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda, sonra Milli Münasibətlər İnstitutunda və 2003-cü ildən isə Tarix İnsitutunda elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ilin dekabrından Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda Tarix İnsitutunun əməkdaşıdır. 1993-2004-cü illərdə eyni zamanda "Vətəndaş", "Avrasiya", "Dövran", "Xalq qəzeti" qəzetlərində işləmişdir. “1905-1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar” mövzusunda yazdığı dissertasiya işini 2014-cü ildə müdafiə etmişdir. Qərbi Azərbaycanın tarixi, azərbaycanlıların soyqırımı və deportasiyası, habelə “Erməni məsələsi” ilə bağlı 200-dən çox məqaləsi Azərbaycan, Türkiyə və Gürcüstanda dərc edilmişdir. “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım Qaçqınlıq.” (Bakı, 1988), “İrəvan xanlığı” (Bakı, 2010), “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” (Bakı, 2013) monoqrafiyalarının müəlliflərindən biridir. Müəllifin “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918-1920)” kitabı AMEA Tarix İnstitutu tərəfindən 2015-ci ildə çap edilmişdir. O, həmçinin Azərbaycan və ingilis dillərində çap edilən “Vandalizm. Tarixi adlara qarşı soyqırımı” (Bakı, 2006, yenilənmiş nəşri Bakı, 2014) kitabının tərtibçisidir. Müəəlifin “İrevan Şehri. Türk-İslam Varlığı Nasıl Yok Edildi” kitabı 2015-c ildə Ankarada “Berikan Yayınevi”ndə türk dilində çap edilmişdir.. Nazim Mustafa Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı və Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, elm sahəsində Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. “1905-1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar” mövzusunda yazdığı dissertasiya işini müdafiə etmişdir. Prezident Kitabxanasında Nazim Mustafanın “İrəvan şəhəri” əsərinin Azərbaycan və rus dillərində web saytı (www.iravan.info) yaradılmışdır. Müəllifin əsərləri onun fərdi internet səhifəsində yerləşdirilir.
Natiq çıxışında qeyd etdi ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən hadisə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biridir.
1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi deyə natiq vurğuladı.
Eyni zamanda, natiq bu hadisənin xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olduğunu diqqətə çatdırdı.
Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada deyərək məruəçi mövzuya davam etdi.
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu
Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı
2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Möhtərəm Prezidentimizin fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.
Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Müvafiq olaraq, 20 Yanvar şəhidlərinin ailələrinə, əlillərə də verilir. Əlillərin sağlamlığının bərpası da diqqət mərkəzindədir. Onların reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu.
Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin inşasına başlanıldı. 2010-cu il yanvarın 20-də isə kompleksin açılışı oldu. Ümumi sahəsi 1500 kvadratmetr olan xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.
Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür deyə məruzəçi çıxışında bildirdi.
Məruzədən sonra məlumat saatı diskusiyya şəkilində davam etdirildi.

Keçidlər