Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyasında çıxış edib.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyasında çıxış edib.
Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası başa çatıb. Bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib.
Sessiyanın gündəliyində Palata və Plenar iclaslarda Gürcüstanda, Danimarkada, Mərakeşdə, Ermənistanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının Türkiyə, Böyük Britaniya və Lüksemburqda monitorinqi, kəndlərdə gənclərin yerli və regional hakimiyyətlərdə rolu və digər mövzularda müzakirələr keçirilib.
Hümbət Hüseynov “Uşaqları öz şəhərində davamlı inkişafa cəlb etmək” mövzusunda müzakirələrdə çıxış edib. Avropa Şurasının “Şəhərimizi necə daha yaxşı etmək olar” kitabçasının hazırlanması təşəbbüsünün və uşaqların iştirakı nəzərdə tutulan “Dinlə-Hərəkət et-Dəyişiklik et” Təlimatının əhəmiyyətli olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Şəhər həyatının bir çox sahələrində uşaqların və gənclərin iştirakının təşviqinin, onların təcrübəsinin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində uşaq hüquqlarının daha da genişlənməsinə real şərait yaradacağını Hümbət Hüseynov çıxışı zamanı qeyd edib.
Hümbət Hüseynov həmçinin "Saxta xəbərlər, təhdidlər və zorakılıq – Avropadakı mövcud böhranlarda bələdiyyə sədrlərinə təzyiqlər" mövzusuna dair keçirilən debatlarda aktiv iştirak edib. O qeyd edib ki, son illəri informasiya məkanı boz, problemli bir sahəyə çevrilib, burada həqiqət və yalan bərabər səviyyədə mövcuddur və bəzən onları tez bir zamanda fərqləndirmək çətindir. Saxta xəbərlər nifrət yaradır, yayılma ehtimalı daha yüksəkdir. Bu isə, təəssüf ki, həyatın bütün sahələrinə, o cümlədən seçilmiş yerli hakimiyyət nümayəndələrin fəaliyyətinə, onların işinin keyfiyyətinə və şəraitinə mənfi təsir göstərir.