Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Turan Şərifovun doğum günüdür!
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Turan Şərifovun doğum günüdür!
Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Doğum günü münasibətilə şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan bulağın açılışı baş tutdu və məzarı ziyarət olundu. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, şəhidin ailə üzvləri və fəal gənclər iştirak etdi.
Turan Vidadi oğlu Şərifov 20 iyun 2001-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. 135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə orta təhsilini almışdı. Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi və ixtisasca iqtisadçı idi.
Şəhid Şərifov Turan Gəncə şəhəri "N" saylı hərbi hissədə əsgər idi. 27 sentyabr 2020-ci ildə müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri istiqamətində 40 gün və son olaraq 5 Noyabr 2020-ci ildə Laçın şəhərində qəhrəmancasına döyüşərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir.
Turan həm də xanəndə, musiqiçi idi. Gitara, saz, tar, pianino, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı “Sarı gəlin” və “Qarabağ şikəstəsi” idi. 8 yaşında anası tərəfindən kəşf edilərək Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini də bitirib . 23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “Xanəndəlik” ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə “Fəxri Fərman”la təltif edilib. Sonra 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan Səninlədir-Sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib. İştirakına görə də “Fəxri Fərman”la, Füzuli şəhərində 2014-cü il iyun ayında uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “xanəndənlik” ixtisası üzrə Xan Şuşinski adına 2-ci Respublika Muğam Festivalında uğurlu çıxış etdiyinə görə “Fəxri Fərman”la təltif edilib. Həmişə fəxrlə deyirdi ki, “Qarabağı mən alacağam. Qəhrəman olacağam.”
Şərifov Turan Vidadi oğlu 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Turan Vidadi oğlu Şərifov “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Doğmalarının və dostlarının şəhidimiz haqqında dedikləri:
Qardaşı Şərifov Tural: “Turan uşaqlıqdan diqqətcil, həm də zarafatcıl idi. Heç vaxt bilərəkdən heç kəsin xətrinə dəyməyib. Düşünmədən iş görməzdi. Mən onun böyük qardaşıyam, amma o məndə böyükmüş kimi hiss edirdim. Bir iş görəndə onunla məsləhətləşərdim. Ürəyim sıxılanda "Ürəyini sıxma, həmişə sənin yanındayam." deyərdi. Hələ kiçik yaşlarından Qarabağın adı dilindən düşməzdi. O həm də musiqiçi idi. İlk oxuduğu mahnılar "Qarabağ Şikəstəsi”, "Sarı Gəlin" olub. Qardaşımın musiqiçi olmasında ən böyük səbəbkar, artıq özü yanımızda olmasa da, qəlbimdə olan anam idi. Turanın səsinin musiqiyə uyğun olduğunu o kəşf etdi. Sonra Turan 8 yaşında anamın təşəbbüsü ilə Bakıda yerləşən Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbinə daxil oldu. Bir çox tədbirlərdə iştirak edib. Şəxsən özüm də o tədbirlərdə tamaşaçı qismində iştirak etmişəm. Arada iş yerimə gələrdi. Stress içində olduğum zamanlarda da gəlib bir xırdaca zarafat etdiyi an onun gülüşünü gördüyümdə heç bir yorğunluğum qalırmırdı.
Son telefon danışığımızda müharibədən elə danışırdı ki, - gülə-gülə, ruh yüksəkliyi ilə, elə bil kino çəkməyə gedib. Qarabağı aldılar canları ilə. Bunları danışdıqca, qardaşımın şəklinə baxdıqca o anı yaşayıram. Elə bil yanımdadı. Daha sonra gözümü şəkildən çəkəndə reallıqla üzləşirəm. Həyatda olmadığını dərk edirəm və sonra... Sonrası mənə qalsın. Allah bütün şəhidlərimizin Şəhadətini qəbul etsin.”
Bacısı İbadova Sevinc: “Nədən başlayım, bilmirəm... Körpəmiz, evimizin sonbeşiyi, sevinc qaynağı... Necə sığdırım bu sətirlərə səni... Necə titrəməsin səsim səndən danışanda, necə ağlamayım axı, şirin Turanım... Necə darıxmasın bu ürəyim, çartlamasın bağrım... Mənə demişdin “Bir söz deyəcəyəm, heç kimə demə...mən cəbhə bölgəsindəyəm.” “Sənin orada nə işin var?” deyəndə isə, cavabın belə oldu - “Ayıb deyil, Sevinc, mən torpaqlarımızı almağa gəlmişəm.” Torpaqlarımızı aldın, amma atanı, böyük bacını, qardaşını və məni sənsiz qoydun... Axı sən bizim körpəmiz idin... 19 yaşlı körpəmiz... Qısa ömrünə dünyalar sığdırmağa çalışan şir ürəkli Turanım... Uşaqlıq vaxtından bizdən fərqlənirdin hər hərəkətinlə, daxili zənginliyinlə, musiqiyə sevginlə... “Sarı gəlin”i gizlincə, təkbaşına öyrənib musiqi məktəbinə getməyin, nağıllara heyranlığın, muğamlarımıza vurğunluğun - bunlar hər daim gözümün qarşısındadır... Hələ sənin xəyallarını demirəm... Konservatoriyada təhsil almaq, ifa etdiklərini hər kəslə paylaşmaq... məşhur olmaq... akustik gitarada peşəkarcasına ifa etməyi öyrənmək... Sürücülük vəsiqəsi almaq, avtomobilə sahib olmaq... Ən əsası isə atana, qardaşna dayaq durmaq... Anamız dünyasını dəyişəndə mənim təsəllimə çevrildin, hər cəhdlə mənəvi dəstəyim oldun... Nənəmizin yanına gedəndə də bütün yaşlı qohumlarımızla, böyüklərlə görüşməyi vacib bildin... Bizdən uzaqda olsan da, ad günlərimizdə zəng edib təbrik deməyi də unutmadın... Hər birimizə, bircə-bircə, xüsusi...
Mənə deyirdin ki, “Ailə qur, bir qız övladın olsun, adını mən qoyacağam...” Ah, mənim qəhrəman qardaşım, Turanım... Nə bu cümlələrə, nə də bu böyük dünyaya sığan qardaşım... bəs səni o məzara necə sığdırdılar?... Yağmasın artıq qar, yağış, əsməsin küləklər... axı sənin cismin torpaqdadır...amma bilirəm sən ölməmisən...Şəhidsən... mənim şirin Turanım, sənin zəngini daim gözləyəcəyəm... “Sən ağlama, ürəyim parçalanır” deyirdin Turanım, birdə deyirdin “Çox istərdim tərxis olub evə qayıdanda məni körpənlə qarşılayasan!” Arzuları yarım qalanım. Şəhidlər ölməz, Vətən bölünməz, Vətənimiz bütöv olsun deyə Şəhid olan, şirinim, Turanım. “
Dostu: “Mən Aslanov Emil Turanın həm sinif yoldaşı, həm kurs yoldaşıyam. Qısaca hər dəqiqəmiz bir keçirdi. Bəzi insanlar var ki, aranızda qan bağı olmasa da doğmalarından daha yaxın olurlar. Turan mənim üçün elə insan idi. Mənə dostluğu, daha doğrusu dostdan necə möhkəm ailə olar onu öyrətdi. Ən pis günləri bizlə idi, elə xoş günləri də. Turan daima gülərüz, pozitiv biri idi. Açıq deyim, oxumaqla çox arası yox idi, amma hər zaman universitetə eyni yerə daxil olmaq xəyalımız vardı.
Getdiyin o yerlərdən xəyalıı göndər...”
Sinif yoldaşı Şirinova Ayşən: “Turanla bağlı xatirələr nə cümləyə, nə də bir kitaba sığar. 15 ilə bərabər xatirə...Turanla 1-ci sinifdən bir oxumuşuq. Məktəb illəri, Turanla birgə keçən günlər bir film kimi göz önümdən keçir.Turan çox şən, həyat dolu idi, zarafatları ilə bizləri hər zaman güldürərdi. Demək olar mən məktəb illərimi Turansız təsəvvür edə bilmirəm. Hər sinifdə dərsləri əla oxuyan uşaqlar olduğu kimi, dərsləri oxumağa marağı olmasa belə, öz şıltaqlıqları, dəcəllikləri ilə sinifin gözü olan uşaqlar da vardır. Turan da məhz o uşaqlardan idi. Sıxıcı keçən dərslərə maraq qatardı, dərs boyu şən zarafatlar edərdi. Müəlimlər bu hərəkətlərinə əsəbləşsələr belə, çox zaman onların da üzündə təbəssümə səbəb olardı. Riyaziyyat dərsinə hazır olmadığımız vaxt, sinif rəhbərimizin hər an lövhəyə bizi çağıracaq qorxusu ilə ürəyimiz titrəyəndə, müəllimin dilindən "Turan, lövhəyə gəl" kəlməsini eşidəndə çox sevinərdik. Çünki o, lövhəyə çıxdığı an dərsi bilməsə belə, özünü bilmiş kimi göstərib lövhədə nələrsə yazardı, müəllim də hər zaman "Səhvdir, nə yazırsan?" deyərək əsəbləşərdi, Turan isə öz zarafatlarında olar, yazar, pozardı. 11-ci sinifdə oxuyanda anası vəfat etmişdi. Biz də sinif olaraq onu tək qoymamaq üçün dəfn mərasiminə getmişdik. İlk dəfə idi ki, o şən, hər zaman deyib gülən Turanı üzgün görürdüm. O, bizə bildirməsə də, anasının vaxtsız ölümü ona çox təsir etmişdi. Yadımdadır biz onu vinetkası yarımçıq qalmasın deyə çəkilişə gəlməyə təkid etdik və o, bizi qırmayıb gəldi. Yolda ikimiz gedərkən məndən bir şey soruşdu: "Səndə də belə olmuşdu?". Bir anlıq duruxdum. Turanın anidən bu sualına qarşılıq olaraq yalnız "Necə?" deyə cavab verdim. O isə mənə "Sənə də belə təsir etmişdi, ürəyin sıxılır, içində qəribə narahatlıq keçirir, özünə yer tapa bilmirdin?" Başa düşdüm ki, anasının ölümündən danışır. Bu sualı mənə verməsinin səbəbi isə, illər əvvəl də mənim atamın vəfat etməyi idi. Bəlkə də o an onu məndən daha yaxşı anlayan biri olmazdı. O sualı mənə elə təsir edib ki, hər zaman yadıma salanda kövrəlib pis olmamağım əlimdə deyil... Həqiqətən Turanın bir ayrıca yeri var idi məndə. Onun şəhid olması xəbərini eşidəndə yerimdə donub qaldım. Kənardan deyilən sözləri, fikirləri eşitmirdim. Bunun doğru olduğuna inanmaq istəmirdim. Axı söhbət Turandan gedirdi. O söz vermişdi, deyirdi ki, gələrəm, siniflə kollektiv görüşərik. Düzdü gəldi... Amma biz onun gəlişini belə gözləmirdik... Sevinc, xoşbəxtlik dolu gözləyişimizi göz yaşı, kədər dolu bir gəliş əvəz etmişdi. Onun belə gəlişi nə qədər hüznlü olsa da, bir o qədər şanlı, qürurverici bir gəliş idi. Çünki o, Vətən üçün, torpaq üçün təhsilini yarımçıq buraxıb getmişdi. Qorxmadan, çəkinmədən döyüş meydanına atılmışdı. Son damla qanına qədər vuruşaraq Şəhidlik zirvəsinə ucaldı. Turan bu gün mənə "Mən fəxr edirəm ki, onunla sinif yoldaşı olmuşam, onu tanımışam" deməyə haqq verir. Günlər, aylar, illər keçsə də bu dəyişən deyil. Hər zaman onunla bağlı söhbət olduğunda ürək dolu, qürurla danışmağa hazıram. Turan daim qəlblərdə yaşayacaq, hər kəsin qəhrəmanı olaraq anılacaqdır.”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!