Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirildi
Aprelin 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində paytaxtın Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi.
İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Xocəsən bələdiyyəsinin dəstəyi ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində növbəti ağacəkmə aksiyası Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində təşkil edildi. Aksiya Bakı-Şamaxı magistralının qəsəbə ərazisindən keçən hissəsində yol boyunca aparıldı və orada 200 Xan Çinar tingləri əkilib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, Xocəsən və 28 May qəsəbə bələdiyyəsinin üzvləri, eləcə də Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvləri olan fəal gənclərin iştirakı ilə həyata keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Ümumrespublika Yaşılladırma Marafonu təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxt Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.
Ümumrespublika Yaşılladırma Marafonu çərçivəsində rayonun 28 May qəsəbəsində ümumilikdə 3000-dən artıq ağac əkilib.