Azərbaycan Respublikasının Seçki Məcəlləsi (çıxarış)
AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ
(ÇIXARIŞ)
Altıncı fəsil
SEÇKİ (REFERENDUM) MƏNTƏQƏLƏRİ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI
Maddə 35. Seçki (referendum) məntəqələrinin yaradılması
35.2. Seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir.
Səkkizinci fəsil
SEÇİCİ (REFERENDUMDA İŞTİRAK ETMƏK HÜQUQU OLAN
VƏTƏNDAŞLARIN) SIYAHILARI
Maddə 46. Seçicilərin siyahılarının tərtib edilməsi
46.4. Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Müvəqqəti seçici siyahılarına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.
46.5. Yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında səsvermə gününə azı 25 gün qalmış, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.
46.15. Seçicilər haqqında məlumatları təqdim edən icra orqanının rəhbəri müvafiq məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.
On üçüncü fəsil
SEÇKİQABAĞI (REFERENDUMQABAĞI) TƏŞVİQAT
Maddə 87. Çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarının buraxılışı və yayılması şərtləri
87.6. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasının təklifi ilə səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirməlidir. Belə yerlər seçicilərin gəlməsi üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir ki, orada yerləşdirilən məlumatları oxumaq mümkün olsun. Qeydə alınmış namizədlər, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını dairə seçki komissiyasından ala bilərlər.
III bölmə
SEÇKİLƏRİN (REFERENDUMUN) KEÇİRİLMƏSİ
On beşinci fəsil
SƏSVERMƏNİN TƏŞKİLİ
Maddə 98. Səsvermə otağı
98.1. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır.