Şriftin ölçüsü :

Saytın rəngi :

“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Binəqədi rayonunda təlim keçirildi

29 noyabr 2016 | 11:00

29 noyabr tarixində “Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Binəqədi rayonunda təlim keçirildi.
Keçirilən təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis, Ombudsman Aparatının əməkdaşı, təlimçi Turan Cahangirova, Binəqədi RİH Aparatının şöbə müdirləri, Binəqədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, bələdiyyə sədrləri və sahə inzibati ərazi nümayəndəliklərinin rəhbərləri, səhiyyə, təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak etdilər.
Təlimi açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları salamladı və təlimin proqramı haqqında geniş məlumat verdi. Natiq çıxışında müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların maraqlarının təmin olunmasının prioritet kimi tanındığını söylədi. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsinə yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini və bu gün cəmiyyətimizdə qadınlara verilən diqqət, dəyərin önəmliyini xüsusi vurğuladı.
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilmiş üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011) haqqında məlumat verdi, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işləri diqqətə çatdırdı. Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu sahədə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyü bildirildi. Ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə maarifləndirmə və məlumatlanma işlərinin apardığı diqqətə çatdırıldı.
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlarla bağlı fəaliyyətləri barədə danışdı. O, qadın və uşaq hüquqlarının təmin olunmasının və zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsinin, habelə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlərin mövcud olmasını nəzərə alaraq, birgə fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğuladı.
Yekunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.

Keçidlər