Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

22 fevral 2017 | 11:00

22 fevral 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
İclasda Binəqədi RİH başçısı aparatının əməkdaşları, RİH başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Rayon Məhkəməsinin sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri və əməkdaşları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, kommunal-xidmət təşkilatlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak etdilər.
Şura iclası Binəqədi rayonunda 2016-cı ilin yekunu üzrə vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 15-16 fevral 2017-ci il tarixli nömrələrində dərc edilmiş fikir və tənqidi qeydlərinin müzakirəsinə həsr olundu.
Şura iclasını giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq ilk öncə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan, bu sahəyə dəyərli töhfələr vermiş, ölkənin birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi münasibətilə Binəqədi Rayon ictimaiyyəti adından təbrik etdi və dövləti fəaliyyətində uğurlar arzuladı.
Şura iclasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov geniş arayışla çıxış edərək Rayon İcra Hakimiyyətində, tabeli qurumlarda və rayonun digər müəssisə və təşkilatlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqda ətraflı məlumat verdi.
Arayış ətrafında müzakirələrdə Binəqədi rayon prokuroru Nazim İmanov, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin direktoru Hüseyn Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Binəqədi Rayon sektorunun müdiri Abış Məmmədov çıxış etdilər.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun nitqi ilə çıxış etdi. Qeyd etdi ki, Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun məqaləsində vətəndaş müraciətlərinə baxılması işinin təşkilində Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti bir sıra hallarda müsbət qiymətləndirilsə də bu sahədə görülməli işlər kifayət qədərdir. İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında vətəndaş müraciətlərinə baxılması və qəbulu işinin təşkilində inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyələrin, kommunal xidməti müəssisələrinin fəaliyyətini sərt tənqid etdi, Rayon İcra Hakimiyyəti başçısı Aparatında vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirdi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı müzakirə olunan məsələyə dair öz tövsiyələrini verdi, bu sahədə müvafiq Tədbirlər Planının hazırlanması barədə tapşırıq verdi.

Keçidlər