Binəqədi rayonunda “Yerli (bələdiyyə) vergilər və ödənişlər” mövzusunda maarifləndirmə tədbiri keçirildi
Məlum olduğu kimi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli 683 nömrəli Fərmanının 2-ci bəndinə əsasən bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
2017-ci il aprelin 11-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Yerli (bələdiyyə) vergilər və ödənişlər” mövzusunda Binəqədi bələdiyyəsinin ərazisində yaşayan sakinlər arasında maarifləndirmə tədbiri təşkil olundu.
Tədbirdə Vergilər Nazirliyinin Departament direktoru Əvəz Quliyev, Dövlət vergi müfəttişi Elvin Məcidov, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədr müavinləri, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdirləri, sektor müdirləri və 6, 7, 8 və 9-cu mikrorayon sakinləri iştirak etdilər.
Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Departament direktoru Əvəz Quliyev “Yerli (bələdiyyə) vergilər və ödənişləri”, “Bələdiyyələrin maliyyəsinin əsasları” haqqında Azərbaycan Respublikasının Qanunları və Azərbaycan Respublikası Vergilər Məcəlləsi barədə iştirakçılara ətraflı izahat verdi.
İşgüzar və qarşılıqlı dialoq şəklində keçən tədbirdə sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.