Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məktəblilər arasında “Vergi Olimpiadası” layihəsinin yekun mərhələsi keçirildi

30 iyun 2017 | 11:00

30 iyun 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Vergi Olimpiadası” layihəsinin yekun mərhələsi keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov,  Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, rayonun bələdiyyə sədrləri, orta ümumtəhsil müəssisələrinin direktorları, müəllimləri və şagirdləri, fəal gənclər iştirak etdilər.
Müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Vergi Olimpiadası” layihəsinin əhəmiyyətindən danışdı.  Bildirdi ki, “Vergi Olimpiadası”nın keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Bu baxımdan layihədə bələdiyyələrin yaxından iştirakı təqdirəlayiqdır.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı müsabiqə iştirakçısı olan şagirdlərə uğurlar arzuladılar.
Müsabiqə qalibləri diplom, kubok və hədiyyələrlə, digər iştirakçılar isə sertifikatlarla  təltif olundular.
Tədbirə rayonun istedadlı gənclərinin ifasında musiqi nümunələri ilə yekun vuruldu.

Keçidlər