Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” adlı məlumat saatı keçirildi.

24 avqust 2017 | 11:00

24 avqust tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda  “Məlumat saatı” keçirildi.
    Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, rayonun orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, ASAN Könüllülər və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak etmişlər.
      Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva məlumat saatının proqramı haqqında məlumat verdi.
    Daha sonra  Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi RİH-də məlumat saatının Bilik Fondu ilə birgə keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat vermiş və bildirmişdir ki, müxtəlif aktual mövzularda bu cür məlumat saatları davamlı olacaqdır.
   Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda məruzə ilə çıxış etmişdir.Qeyd ədək ki, Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1976-1980-ci illərdə kiçik elmi işçi, 1981-1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır.1988-2015-ci illərdə “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri olmuşdur. İnstitutda işlədiyi müddətdə əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmışdır.Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilmişdir. Rus dilində nəşr olunmuş farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur. M.Z.Nağısoylu 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik və 1994-cü ildə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Z.Nağısoylu 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir. Onun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”(Bakı, 2000), “M.Füzulinin “Hədiqətüs-süəda”əsəri”(Bakı, 2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (Bakı, 2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (Bakı, 2004), “Əhmədinin “Əsrarnamə” tərcüməsi” (Bakı, 2005), “Həzininin “Hədisi-ərbəin” tərcüməsi” (Bakı, 2008), "XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” (Bakı, 2011) kitabları milli Azərbaycan humanitar elminin inkşafında mühüm rol oynamış, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Elmi araşdırmaları, əsasən, orta yüzilliklərdə fars dilindən Azərbaycan türkcəsinə edilmiş tərcümə əlyazmalarının mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunmuşdur.M.Z.Nağısoylu Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair 350-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Bir sıra Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Qazan, Ankara,   Lefkoşa, İstanbul, Berlin, Drezden, Budapeşt, Buxarest, Sarayevo, Astana, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxmışdır. Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı  və “Şirazi ve onun Gülşeni-raz tercümesi” monoqrafiyası  Türkiyədə, “Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr olunmuşdur.Abuturiyentlər üçün “Azərbaycan dili” (1999), “Ədəbiyyat” (2000), “Azərbaycan dili və ədəbiyyat” (2003) dərs vəsaitlərinin də müəllifi, M.Füzulinin “Hədiqətüs-süəda” (1993), M.Nəsirinin “Lisanüt-teyr” (2000), “Şeyx Səfi təzkirəsi” (2006) əsərlərini ilk dəfə tərtib və çap edənlərdən biridir. Rəhbərlik etdiyi  20 dissertant namizədlik dissertasını müdafiə etmişdir. Fars dilindən tərcümə etdiyi üç kitabı nəşr olunub: S.Bəlaği. “Quran qissələri”; Ə.Bəxşayişi. “Sidiqiye-Tahirə”; Şeyx Mahmud Şəbüstəri. “Gülşəni-raz”. Bu kitablardan birincisi İranda da iki dəfə işıq üzü görmüşdür. Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutu nəzdindəki ixtisaslaşdırılmış müdafiə şurasının sədridir. "Dilçilik İnstitutunun əsərləri" jurnalının redaktoru, "Türkologiya" jurnalının redaktor müavinidir. 2005-2009-cu illərdə Sumqayıt Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının professoru olmuşdur. 1967-1970, 1972-1975 və 1982-1986-cı illərdə Əfqanıstanda fars dili tərcüməçisi işləmişdir. Hazırda eyni zamanda Azərbaycan Dillər Universitetinin Azərbaycanşünaslıq Elmi-Tədqiqat laboratoriyasında aparıcı elmi işçi vəzifəsində (əvəzçiliklə) çalışır.Natiq mövzu ilə bağlı çıxışında bildirmişdir ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.     Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir. Natiq onu da qeyd etmişdir ki, Müstəqilliyimizin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir. Mühazirədən sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşmışdır.

Keçidlər