Binəqədi Rayon İcra Hakimiyyətində RİH başçısı Elxan Allahverdiyevin rəhbərliyi ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib
2019-cu il mart ayının 27-də Binəqədi Rayon İcra Hakimiyyətində RİH başçısı Elxan Allahverdiyevin rəhbərliyi ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilmişdir.
Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon Polis İdarəsinin rəhbərləri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri,bələdiyyə sədrləri, kommunal xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri ilə yanaşı sanitar-təmizlik işlərinin də daim nəzarətdə saxlanıldığını bildirdi.
Qeyd olundu ki, bayram günlərində xidmət sahələri gücləndirilmiş iş rejimində işləməsinə, rayonun sanitar-təmizlik vəziyyəti ciddi nəzarətdə saxlanmasına baxmayaraq, bəzi qəsəbələrin ərazisində müxtəlif ünvanlarda məişət və digər tullantıların daşınması ilə bağlı bir sıra çatışmazlıqlar, nöqsanlar mövcuddur.
Bununla əlaqədar olaraq, RİH başçısı rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmamazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanılması üçün qəsəbələr üzrə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarından ibarət təhkimçilik müəyyən edildiyini bildirdi və aidiyyəti təşkilatların rəhbərlərinə ciddi tapşırıqlar verildi.
Müşavirəyə yekun vuran RİH başçısı yaz-yay mövsümünün gəlməsilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təmizlik aylığının keçirilməsi iclas iştirakçılarının nəzərinə çatdırmış, Binəqədi rayonunda təmizlik aylığının keçirilməsi qərara alınmışdır. Aylığın keçirilməsinə nəzarəti təmin etmək məqsədilə komissiya yaradılmış, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir.