Şriftin ölçüsü :

Saytın rəngi :

“Nəsimi dühası-650 il” layihəsi çərçivəsində 313 saylı məktəbdə növbəti tədbir keçirildi

29 oktyabr 2019 | 11:00
29 oktyabr 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində 313 nömrəli tam orta məktəbdə növbəti təqdimat baş tutdu.
Təqdimatda giriş nitqi ilə çıxış edən 313 nömrəli tam orta məktəbin müəllimi Təranə Vəliyeva İmadəddin Nəsiminin həyatından, yaradıcılığından və fəlsəfəsindən danışdı. Nəsiminin yüksək dəyərə malik bir şəxsiyyət olduğunu diqqətə çatdırdı.
Daha sonra bədii hissə başlandı. 313, 103 və 217 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə şagirdlərin ifasında Rəsul Rzanın “Son gecə” poemasından bir parça, “Sığmazam”, “Hardasan?”, “Etməgil”, “Neylərəm?”, “Ayrılır”, “Mənəm”, “Olmuşam” qəzəlləri bədii qiraət, musiqi və tamaşa formatında nümayiş etdirildi. Səsləndirilən bütün qəzəllərdə, kompozisiyalarda Nəsiminin nə qədər əzəmətli, əvəzsiz bir şəxsiyyət olduğu vurğulandı.
Tədbirdə çıxış edən 313 nömrəli tam orta məktəbin direktoru Zakir Bayramov təqdimatın hazırlanması, ərsəyə gəlməsi barədə məlumat verdi.
Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva Nəsiminin yaradıcılığında müraciət etdiyi janrlar haqqında məlumat verdi. Bildirdi ki, Nəsimi yaradıcılığı olduqca zəngindir və bu yaradıcılıq nümunələri bütün dünya üçün bir örnək və söz qaynağıdır. O, həmçinin ümummilli lider Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Nəsiminin yubileylərinin qeyd edilməsi, onun araşdırılması, öyrənilməsi məqsədilə dövlət tərəfindən görülən işlərdən bəhs etdi. Bunların şairin xatirəsinə ən dəyərli və qiymətli ehtiram olduğunu söylədi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
“Nəsimi dühası-650 il” adlı layihədə Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

 

 

 

Keçidlər