Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə «Vətən» sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçirildi

05 noyabr 2013 | 11:00

Noyabrın 4-də Bakının Binəqədi rayonunda "Vətən" sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçirildi.
Bu il aprelin 29-da İspaniyanın paytaxtı Madriddə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə "Real Madrid" Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq Bakıda "Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası" sosial proqramı çərçivəsində "Vətən" sosial futbol məktəbinin yaradılması haqqında razılığa gəlinmişdir.
Qonaqlar əvvəlcə meydançada sosial məktəbin şagirdlərinin bacarığını nümayiş etdirən fotolardan ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş nitqi ilə açan “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəhbəri Mehman Kərimov qonaqları salamladı və sosial futbol məktəbi haqqında məlumat verdi.
Açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ölkədə idmana göstərilən dövlət qayğısından danışaraq idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirdi.
Bildirildi ki, ölkə başçısı İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın qəbul olunması idmanın bu növünün inkişafına böyük təkan verir. Dünya şöhrətli "Real Madrid" Fondunun əməkdaşlığı ilə MDB-də, həmçinin regionda ilk sosial məktəbin Bakıda açılması futbolun ölkəmizdə kütləviləşməsinə böyük imkanlar açacaqdır. "Vətən" sosial futbol məktəbi Təhsil Nazirliyinin dəstəyi ilə Bakıdakı "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeni bazasında fəaliyyət göstərəcəkdir. Nazir həmçinin, yaradılmış şəraitə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova öz minnətdarlığını bildirdi.
Bakıda ilk sosial futbol məktəbinin açılışını yüksək qiymətləndirən "Real Madrid" Fondunun vitse-prezidenti Enrike Sançes bu layihənin tarixindən danışaraq  gələcəkdə görüləcək işlər barədə məlumat verdi. Gənclər və İdman Nazirliyi və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi nəticəsində layihənin gerçəkləşdiyini bildirən E.Sançes sosial məktəbin cari ilin sentyabrından fəaliyyətə başladığını dedi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkədə idmana göstərilən dövlət qayğısının əhəmiyyətindən danışdı və məktəbə fəaliyyətində uğurlar arzuladı. Real Madrid Fondu tərəfindən Avropada 8-ci və MDB ölkələri içərisində ilk olaraq sosial məktəbin məhz Azərbaycanda yaradılması ölkəmizin dünyada artan nüfuzunun və idmana olan dövlət qayğısının göstəricisidir. Hazırda "Real Madrid" Fondunun dünyanın 65 ölkəsində 200-dən artıq sosial futbol məktəbi fəaliyyət göstərir.
Son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlərin, dünya və Avropa çempionatlarının keçirildiyi də qeyd olundu.
Qonaqlar açılışı bildirən qırmızı lenti kəsdikdən sonra xatirə şəkili çəkdirdilər.
Qeyd edək ki, "Vətən" sosial futbol məktəbinə 8-17 yaşlılar,  risk altında olan və yoxsulluqdan əziyyət çəkən ailələrin uşaqları daxil ola biləcəklər. Məktəbə qəbul zamanı uşağın təhsil və dərsə davamiyyət göstəricisi və ailənin sosial statusu (qaçqın və məcburi köçkün) nəzərə alınacaqdır.
2013/2014-cü tədris ilində "Vətən" sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulur. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 nəfər məktəbdə keçirilən məşqlərdə müntəzəm iştirak edir.Binəqədidə «Vətən» sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçirildi


 

Keçidlər