Şriftin ölçüsü :

Saytın rəngi :

Sülh istəməyən Ermənistanın faciəsi

06 oktyabr 2020 | 11:00
 Azərbaycan dövləti hər zaman qonşuluq prinsiplərinə uyğun olaraq qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşayıb. Və bu gün də Azərbaycan qonşuları ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Lakin Ermənistan dövləti tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvalarından qaçqın və məcburi köçkün olublar. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

Hazırda ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar aparılır. Lakin Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində danışıqlarda istənilən hər hansı irəliləyiş olmayıb. Azərbaycanın dövlətinin məqsədi regionda sülhün və sabitliyin təmin olunmasıdır. Məhz buna görə də Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də həlli üçün sülh yolunun tərəfdarıdır. Lakin işğalçı Ermənistan bunu istəmədi. Azərbaycan ərazi bütövlüyünü alternativ yolla bərpa etməyə qadir olduğunu bu gün bir daha sübut etdi. Hazırda Milli Ordumuzun cəbhədə əldə etdiyi uğurlar bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə qeyd edib ki, Ermənistan müharibə istəyir: “Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”.

Ölkə başçsı qeyd edib ki, Ermənistan müzakirələri pozan tərəfdir: “Son iki ildə “inqilab”dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhəddindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər”.

Bu gün  Azərbaycan barışmaz mövqeyində qalır: Ermənistan dövləti Azərbaycana məxsus Dağlıq Qarabağı və ətraf 7 rayonu geri qaytarmalıdır. Bunu etmədiyi halda Ermənistan dövləti və  xalqı bunun acı nəticəsini görəcək. İşğalçı Ermənistan dövləti sülhə hazır olmalıdır. Əks təqdirdə Azərbaycan Ordusu işğalçını geri oturdub sülhə məcbur edəcək.

Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist Fuad Hüseynzadə

 

Keçidlər