Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Bayramov Elvin İslam oğlunun doğum günüdür.

08 iyul 2021 | 11:00

Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Elvin Bayramovdur. Bu gün onun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Bayramov Elvin İslam oğlu 08 iyul 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdır. Elvin 2005-ci ildə İlqar Məmməmdov adına 298 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakultəsinə qəbul olmuş, 2020-ci ildə universiteti bitirdikdən sonra, elə həmin ili iyulun 26-sı həqiqi hərbi xidmətə yollanmış və  Beyləqanda rayonu “N” saylı hərbi hissədə xidmət etmişdir. Şəhidimiz sentyabrın 27-si 2020-ci ildə  Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. Elvin Bayramov 26 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Elvin Bayramov “Vətən uğrunda”  və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Anası Dürrə Bayramova: “Dəcəl idi, amma heç xətrimə dəyməzdi, məni incitməzdi Elvinim. Bir bayrağı vardı, öz bayrağı, bizə belə toxunmağa icazə verməzdi. Əsgər gedəndə mənə dönə-dönə tapşırdı. “Ana, mənim bayrağıma, mənim əşyalarıma dəyməyin, gələndə özüm açacağam.” Bütün əşyalarını bir qutuya yığmışdı, hər zəng edəndə o qutunu mənə tapşırırdı. Ən son oktyabrın 8-i zəng etdi bu dəfə... “Ana, doyunca, rahat danışın” dedi, bacılarını, xalasını soruşdu, sanki son dəfə danışdığını hiss etmişdi. Bu balamın səsini eşitdiyim son gün oldu.”

Elvin Bayramovun nənəsi: “Komandiri onu həmişə tərifləyirdi. Deyirdi “Xala necə ağıllı, mərifətli uşaq tərbiyə etmisiniz.” Elvin şəkil  çəkməyi çox sevərdi. Uşaq vaxtı rəssam olmaq istəyirdi. Çox xəyalları vardı, Almaniyaya getmək istəyirdi. Əsgərliyə getməmişdən bir gün əvvəl sinif yoldaşı Ceyhuna “ Mən Şəhid olacağam” deyib. Şəhidlik Elvinin alnına yazılmışdı. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.”

Bacısı Ağamalıyeva Bahar: “Mənim balaca qəhrəmanımla çox xatirələrim var. O, mənim canım, qardaşım, nəfəsim, bir sözlə, hər şeyim idi. O, komputerdə vaxt keçirməyi çox sevərdi. Elvin özünəqapalı, utancaq biri idi. Amma dostlarının arasında çox şən, zarafatcıl olardı. Hər zaman sözlərini diqqətlə seçər, heç kimin xətrinə dəyməməyə çalışardı. Müharibə başlayanda bizə zəng edib dedi ki “Narahat olmayın, biz döyüş zonasında deyilik.”  Sonradan qonşumuz bizə Elvinin Füzulidə olduğunu dedi. Mənim kiçik qəhrəmanım sən məni əvvəl tələbə bacısı,  indi də Şəhid bacısı elədin. Mən həmişə səninlə qürur duyacağam!”

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri Bələdiyyəsinin sədri Etibar Cabbarov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşı, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin fəal gəncləri şəhidimiz Elvin Bayramovun doğum günü münasibətilə məzarını ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

 

 

Keçidlər