Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Budaqov Rufiz Şirzad oğlunun doğum günüdür.

12 iyul 2021 | 11:00

"Bir gün ölsəm, Şəhid olacam..." bu sözlərin sahibi Vətən uğrunda öz canından, qanından keçən şəhid qəhrəmanımız gizir Rufiz Budaqovdur.
Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Şəhid Budaqov Rufiz Şirzad oğlu 12 iyul 1977 tarixində Naxcıvan Muxtar Respublikasının Ordubad rayon Tivi kəndində dünyaya göz aşmışdı. Rufiz Budaqov Tivi kəndində yerləşən M.Kərimov adına tam orta məktəbdə təhsil almışdı.

1995-ci ildən Ordubad rayon hərbi hissəsində həqiqi hərbi xidmətə yollanmış və ömrünün digər yarısını Vətənə xidmətlə başa vurmuşdur. Ailəli idi. Günay, Könül, Rəvan adlı 3 övladı var.

Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə zamanı şəhid olmuş və II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra “Qarabağ ordeni” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. 

Qardaşı – Zamin Budaqov: “Mən şəhid Rufiz Budaqovun qardaşıyam. Adım Zamindir. Qardaşım məndən 2 yaş böyük olub. Mənim bağçaya getməyimə də o köməklik göstərərdi. Biz birlikdə bağçaya getmişik, birlikdə oynamışıq. 1985-ci  ildə  mən orta məktəbə getmişəm. Mənim məktəbə getməyimdə, birlikdə dərs oxumağımız, hazırlaşmağımızda hər zaman mənə kömək olardı. Biz  kənddə böyümüşük, birlikdə quzu otarmış, gəzib-dolaşmışıq. Bizdən böyük olduğu üçün hər zaman bizə dayaq, dəstək olub. O, 1995-ci ildə hərbi xidmətə gedib. Mən 1997-ci ildə hərbi xidmətə gedəndə, 2 ili tamam olduğuna görə qardaşım məzuniyyətə gəlmişdi. Hərbidə gözəl xidmət etməyi və necə xidmət etməyi bizə öyrədirdi. O, hər zaman bizə vətənpərvər olmağı, yaxşı, əsl hərbiçi kimi xidmət etməyi tövsiyə edirdi. “

Yaxın dostu: ”Allah heç kimə qardaş acısı yaşatmasın. Biz doğma qardaş olmasaq da, qardaş kimi yaxın olmuşuq, yəni biz onunla 7-8 il birlikdə xidmət eləmişik. Xidmət dövrümüzdən əlavə də yaxın yoldaşlığımız, ailəvi get-gəlimiz də olub. Nə bilim çox şey danışmaq olar. Biz öz işlədiyimiz yerdən-hərbi hissəmizdən Rufizlə bərabər  6 nəfər  şəhid verdik. Allah hamısına rəhmət eləsin. Rufiz başqa insan idi. Mənim formalaşmağımda, işlərimdə uğur qazanmağımda Ruhizin əməyi olduqca böyükdür. İstənilən bir çətinlik vaxtımda bir kəlmə zəng edirdim ki, Rufiz gəl belə bir çətinliyim var. Deyirdi "Qardaş sən narahat olma." Rufiz mənim bu xidmət həyatımda  tankçı kimi yetişməyimdə məni öyrədən insanlardan biri olub. Onun ölümünə hələ də inana bilmirəm, qayıdacağını düşünürəm. Mən hər dəfə onun qərargahına girəndə, portretini, şəklini görəndə nə hislər keçirirəm ona bir Allah şahiddir. Rufizlə son görüşümü xatırlayıram. Məni bağrına basdı dedi "Qardaş mən səni çox istəyirəm, nəsə olsa sən də haqqını halal elə, mən də sənə halal eləyirəm." Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qardaş öləndə adamın necə beli qırılarsa, həyatdan sönərsə bax mən də o vəziyyətdəyəm. “

Döyüş yoldaşı Fərman Hüseynov: “Gizir Rufiz Budaqov çox gözəl bir tank komandir idi. Mən döyüşdə başımdan zədə aldığım üçün çox şey yadımda qalmayıb heyf ki, amma yadıma gəlir ki, biz işləyəndə gəlirdi, zarafatlaşırdı, deyib-gülürdü. Çox zarafatcıl bir insan idi. Mənim hərbidə qalıb işləməyimdə gizir Budaqov mənə çox kömək etmişdir. Mənə çox yaxşılıqlar edib. İndi burda qalıb işləməyim də rəhmətlik gizir Budaqovun sayəsində olub. Əsgərlik vaxtında da mən gizir Budaqovun heyətində olmuşam. Mən bir çox Fəxri fərmanlar, təltiflər almışam ki, bunlar da Budaqov Rufiz sayəsində olub. Gizir Budaqova Allah rəhmət eləsin. Allah yerini cənnət eləsin.”

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının 28 May Qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Xocəsən Bələdiyyəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəal gəncləri şəhidimiz Rufiz Şirzad oğlu Budaqovun doğum günü münasibəti ilə məzarını ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər