Şriftin ölçüsü :

Saytın rəngi :

22 İyul –“Milli Mətbuat və Jurnalistika Günü”nə həsr olunmuş “Mətbuata GƏNC yanaşma” adlı tədbir

22 iyul 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 22 İyul –“Milli Mətbuat və Jurnalistika Günü”nə həsr olunmuş “Mətbuata GƏNC yanaşma” adlı tədbir keçirilmişdir.

Milli mətbuatın yaranmasının 146-cı ildönümünə həsr olunmuş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, azxəbər.az saytının redaktoru Mikayıl Mirzəzadə, editior.az saytının redaktoru Nəzərbəy Hacıağayev və rayonun ictimai-siyasi fəaliyyətində aktiv fəaliyyət göstərən gənclər iştirak edirdilər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açıq elan edən Leyla Quliyeva qonaqları və iştirakçıları salamlayıb tədbir haqqında məlumat verərək gənclərin müasir və rəqəmsal mətbuatdakı rolundan və onların bu proseslərdə aktiv iştirakından bəhs etdi.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev “Milli Mətbuat Günü”münasibətilə jurnalistləri və mətbuat nümayəndələrini təbrik edərək bilirdi ki, milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Daha sonra çıxış edənlər Nəzərbəy Hacıağayev və Mıkayıl Mirzəzadə “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olduğundan bəhs edərək əlavə etdilər ki, əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.”

Yekun nitq ilə çıxış edən Ələkbər Mustafayev təəssüflə qeyd etdi ki dünyanın bir çox ölkəsində erməni lobbisi təsiri nəticəsində, kütləvi informasiya vasitələri onlara xidmət edir. “Amma bu müharibə dövründə bütün bunlara baxmayaraq, ötən illərlə müqayisədə Azərbaycan ictimaiyyəti əvvəlki dövrlərə baxanda daha aktivlik nümayiş etdirdi. Sevindirici haldır ki, xüsusilə gənclərimiz xarici KİV-lərlə yaxşı əməkdaşlıq qurdular və Azərbaycanın haqlı davasını müdafiə edən məqalələr dərc etdirdilər. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu proseslərdə cəbhə xəttində olduğu kimi informasiya müharibəsindəki blokadanı Cənab Prezident İlham Əliyev özü dağıtdı. Dünyanın böyük mediaları Azərbaycana qarşı qara piar kampaniyasına başlasalar da, cənab İlham Əliyev müsahibələrindən sonra Azərbaycana qarşı olan bəzi KİV-lər neytral qalmağa çalışdılar.”

Baxmayaraq ki, siyasi proseslərin daha çox müzakirə olunduğu “Twitter” seqmentində bizim gənclərimiz təzə idilər. Düzdür, illərdir ki, bizim gənclər “Facebook” sosial şəbəkəsində aktiv olsalar da, Cənab Prezidentin çıxışları sayəsində gənclərimiz orada qısa müddətdə həqiqətən də böyük uğur əldə etdilər. Sosial platformalar da azərbaycanlılar və ermənilər üçün mübarizə meydanına çevrilmişdi. Bir həftə ərzində 20 milyon dəfə “#WeWillWin, #DontBelieveArmenia və #StopAzerbaijanAggression” həştəqlərindən istifadə olunmuşdur. Belə demək mümkündürsə, gənclərimiz bir çox tanınmış şəxslərin əsl həqiqəti bilməsini təmin etdi. Təbii ki, bəzi hallarda gənclərimiz sayəsində onların yazılarında düzəliş etmələrinin də şahidi olduq. Hesab edirəm ki, informasiya müharibəsində gənclərimiz güclü çıxdı deyə Ələkbər Mustafayev əlavə etdi.

Sonda tədbir “Milli mətbuat və Jurnalistika Günü” münasibətilə qonaqların da iştirakı ilə tort kəsilərək çay süfrəsi ətrafında səmimi müzakirə ilə davam etdi.

 

Keçidlər