“Təmiz Binəqədi” layihəsinin təqdimatı keçirildi
İyulun 5-də Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı oldu. “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Paytaxtın Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start verildi. Layihənin keçirilməsində əsas məqsədlərdən biri də qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması, rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunun qazanılmasına xidmət edir.
9-cu mikrorayon ərazisində salınan parkın açılışı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi bələdiyyəsi ilə birgə təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbir iştirakçılarını RİH başçısı Xaləddin İsgəndərovun adından bu əlamətdar hadisə - parkın açılışı münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi. İ.Süleymanov paytaxtın şimal qapısında start götürən “Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə sakinlərə ətraflı məlumat verdi. Natiq “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində reallaşan bu tədbirin ciddi əhəmiyyət daşıdığını və hər bir rayon sakininin bu ictimai faydalı işə öz töhfəsini verməsinin zəruriliyini qeyd etdi.
İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtın şimal qapısı - Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verildi. Layihənin keçirilməsində əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının imzaladığı sərəncamda bildirilir ki, Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılıb. Artıq komissiya öz işinə başlamış və müvafiq iş planı tərtib olunmuşdur. İş planında ənənəvi tədbirlərdən maksimum imtina edilmiş, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metodlara üstünlük verilmişdir.
Tədbirlər planına əsasən görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyalar da keçiriləcəkdir. “Təmiz Binəqədi” layihəsi sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.
Tədbir tanınmış incəsənət ustalarının ifasında musiqi parçalarının ifası ilə davam etdi. Sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramında səslənən mahnıların sədaları altında rayonun azyaşlı sakinləri – körpə fidanlar bir-birindən gözəl rəqslər nümayiş etdirdi, öz ifaları ilə tədbirə əlavə rəng qatdılar. Konsert proqramı əməkdar artist Ədalət Şükürovun ifası ilə yekunlaşdı, sonda atəşfəşanlıq oldu.
Ramazan ayının gəlişini və iftar vaxtını nəzərə alan tədbir təşkilatçıları tərəfindən sakinlərə oruclarını açmaq üçün şirniyyat, xurma və su paylandı.