Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Polietilensiz gün” devizi altında aksiya keçirildi
İyulun 19-da “Bakı 2015” İlk Avropa Oyunları ərəfəsində start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və “Azərsun Holdinq” MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının birgə təşəbbüsü ilə “Polietilensiz gün” devizi altında aksiya keçirildi.
Aksiyada Binəqədi RİH başçısı Aparatının əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri də aktiv iştirak etdilər. 9-cu mikrorayonda Adil Məmmədov küçəsində reallaşdırılan sosial aksiya zamanı ərazi polietilen tullantıları və plastik qablardan təmizləndi. Təmizlik işlərindən sonra toplanan polietilen tullantıları təkrar emala göndərildi.
Ərazinin ətraf mühit, insan sağlamlığı üçün zərərli olan, eləcə də estetik görünüş və mənzərəyə xələl gətirən belə tullantılardan təmizlənməsi sakinlər tərəfindən razılıqla qarşılandı. Dünya təcrübəsindən məlumdur ki, polietilen tullantıları orqanizmlə yanaşı, ətraf mühit və ekologiyaya da zərər vurur. Mütəxəssislərin fikrincə polietilen məhsulları elə kimyəvi tərkibə malikdir ki, hətta torpağın altında 1000 ilədək çürümədən qala bilir. İlk baxışdan adi və təhlükəsiz görünən polietilen tullantıları həm ətraf mühitin çirklənməsinə səbəb olur, həm torpağın şumlanmasına maneçilik törədir, həm də dəniz və okeanlarda su səthinə toplaşaraq buxarlanmanın qarşısını almaqla yağıntıların azalmasına gətirib çıxarır. Bu da öz növbəsində məhsuldarlığı aşağı salaraq ərzaq qıtlığı ilə nəticələnir.
Aksiyanın sonunda tədbir iştirakçıları sakinlərlə birgə çay süfrəsi ətrafında parkda təşkil edilən konsertə tamaşa etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti və “Azərsun Holdinq” MMC-nin Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatının “Polietilensiz gün” devizi altında keçirdiyi aksiya sosial əhəmiyyətli tədbir olmaqla yanaşı, həm də humanist mahiyyət daşıyır.