“Təmiz Binəqədi” layihəsi çərçivəsində Qobustan və İsmayıllı rayonlarına ekskursiya təşkil edildi
Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Təmiz Binəqədi” layihəsi çərçivəsində RİH başçısı Aparatının əməkdaşları, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri və layihənin könüllülərinin iştirakı ilə Qobustan və İsmayıllı rayonlarına ekskursiya təşkil olundu. Ekskursiyada YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirak etdilər.
Əvvəlcə iştirakçılar Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustanda yerləşən Təcrübi Hibrid Poliqonunda oldular. Poliqonun əməkdaşı məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 sentyabr 2011-ci il tarixdə Poliqonun rəsmi açılışını edib. Poliqonun yaradılmasında başlıca məqsəd bərpa olunan enerjinin yaradılması, yalnız Azərbaycan üçün deyil, bütün region üçün işlək nümunənin əldə edilməsi, bərpa olunan enerji sahəsində yeni texnologiyalar və yeni avadanlıq növlərinin sınaqdan keçirilməsi, eləcə də bərpa olunan enerjinin təmin edilməsi ilə olkəmizdə bərpa olunan və alternativ enerjinin inkişafına təkan verməkdir.
Qeyd edək ki, dünyada yeganə olaraq 3 alternativ enerji mənbəyi-külək, günəş və bio-qazdan elektrik enerjisi istehsal edilməsini nəzərdə tutan Poliqon ümumilikdə 38 hektar ərziyə malikdir.
Sonra iştirakçılar Azərbaycanın turizm bölgələrindən biri olan İsmayıllı rayonunda oldular. İştirakçılar ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Daha sonra ekskursiya iştirakçıları Heydər Əliyev adına istirahət parkında yerləşən Gənclər üçün Karyera Mərkəzində rayon gəncləri üçün yaradılmış şəraitlə tanış oldular və rayon Diyarşünaslıq Muzeyində yerləşən eksponatlara baxdılar.
Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayon haqqında qonaqlara ətraflı məlumat verdi. Binəqədi rayonunda həyata keçirilən “Təmiz Binəqədi” layihəsinin İsmayıllı rayon rəhbərliyi tərəfində böyük rəğbətlə qarşılandığını nəzərə çatdıran Rövşən Ağayev İsmayıllı rayonunda da oxşar-“Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına start verildiyini qeyd etdi.
Binəqədi RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək rayonlar arasında bundan sonra daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğuladı.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi arasında “Əməkdaşlıq Memorandumu” imzalandı.
Qeyd edək ki, Memorandum hər iki rayon gənclər birlikləri arasında dostluq mübadiləsinin təşviq edilməsi, gənclərin mənəvi tərbiyəsi sahəsində qarşılıqlı fəaliyyət göstərmək, gənclərin intellektual inkişafına dəstək tədbirlərinin keçirilməsi, idarəetmə və sosial inkişafda əldə edilən uğurların, tətbiq edilən qabaqcıl layihələrin təcrübəsinin öyrənilməsi, ekologiyanın qorunması sahəsində birgə tədbirlərin, gənclər arasında görüşlərin, teledebatların, müsabiqə və konkursların keçirilməsi, bölgələrin qarşılıqlı tanıdılması məqsədini daşıyır.
Sonra iştirakçılar İsmayıllı rayonunun füsunkar təbiəti qoynunda nahar etdilər. Ekskursiyadan hər kəs gözəl təəssüratla ayrıldı.